Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
İki min neçənci il olduğunu unutmuşam, yolum Mingəçevirə düşmüşdü. Həmin vaxtlar o, Mingəçevirin prokuror müavini işləyirdi. Görüşüb həmsöhbət olduq. Əslində oraya prokuror müavini yox, bir şairin yanına getmişdim. Çünki o, şair kimi daha böyük, daha əzəmətli idi. Sonra bir dəfə də eşitdim ki, mədəsindəki xəstəlikdən əziyyət çəkir. Haradasa 20 yanvar tərəfdə xəstəxanaların birində yatırdı. Ziyarət etməyi özümə borc bildim...
Onun sözlərinə yazılmış "Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnılar dillər əzbəridir...
Söhbət Sabir Məzlumağa oğlu Abdinovdan gedir. 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olub. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illər prokurorluq orqanlarında çalışıb. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru, Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, polisdə istentaqa nəzarət şöbəsində prokuror vəzifələrində işləyib...
İstəyim, onun haqqında uzun uzadı danışmaq deyil, onsuz da onun qiymətini həm bir şair kimi, həm də hüquqşünas kimi əlahəzrət TARİX verəcək. Məqsədim onun ad gününü təbrik etməkdir.
Çox yaşa, Sabir!
“Ədəbiyyat və incəsənət”
(16.01.2024)