Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
İstədiyim bir çox şeyə sahibəm, amma içimdə adını qoya bilmədiyim, doldura bilmədiyim bir yer, bir hiss var sanki...
"Boşluq hissi". Nədir bu dillərdən düşməyən, adı qoyulmayan, çarəsi tapılmayan hissin anlamı? Yaxşı, o zaman gəl bir neçə sual ilə buna cavab tapaq.
İstədiyin hər şeyə, yoxsa görmək istədikləri hər şeyə sahibsən? Bu dəqiqə sahib olduğun xarakter, seçdiyin yol, gördüyün işlər, yanlarında yaşadığın insanlar, olduğun mühit sənin seçimindir? Heç düşünmədən hə deyə bilərsən? Məncə deyə bilməzsən. Çünki hər birimiz bu həyatda nələrisə qazanmaq üçün, bir çox şeyləri qurban veririk. Qazanmaq istədiklərin onların istədiyi, itirməyi gözə aldığın şeylər isə, sənin qazanmaq istədiklərin idi əslində. "Sənin həyatın, sənin seçimin" dedilər, seçimin nə olduğunu öyrənməyə fürsət vermədən. İnsan əslində yaşamaq istədiyi yox, yaşaması istənildiyi həyata sahib olduğu üçün ömrü boyunca o əskik, məhrum edilmiş hissin adını öncə qoya, sonra da axtara bilmir. Axtarsa belə, tapa bilmir. İnsanın iki həyatı olur, bir yaşadığı, bir də yaşamaq istədiyi. Təəssüf ki, öz həyatını sadəcə içində qura bilir. Qurur və yaşaya bilmir. Sanki öz dünyasında bir ev tikir və o evin içinə addım belə ata bilmədən, tərk etmək məcburiyyətində buraxılır.
İnsanın özünü axtararkən, ruhunu itirdiyi an tapdığı, həddindən artıq basdırılmış hisslərin adıdır, 'boşluq hissi'.
İstədiyin yox, istənilən həyatı yaşadığın müddətcə, içindəki o adsız hissin adını çox axtaracaqsan...
“Ədəbiyyat və incəsənət”
(11.01.2024)