Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?
EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam.
“Əgər mənim belə şansım olaydı, atama zəng edərdim. Sağ olanda demək istəyib deyə bilmədiklərimi, onu çox istədiyimi deyərdim, nə vaxtsa əsəbi olub acı cavab verdiyim üçün bağışlamağını istəyərdim. Ondan sonra məni incidən, qəlbimi qıranlardan şikayət edərdim. Bir də, sağollaşmadan niyə getdin deyərdim . İnciməzdim, amma barı son dəfə sağollaşardlm. Gözün arxada qalmasın, sənin istədiyin kimi biri olacağıma söz verərdim. Kaş ki belə bir şans olardı...”
Xumar Şirvanova
“Məncə, həyatımızın müəyyən dövründə yanımızda olub indi həyatımızdan çıxan şəxslərə, eyni zamanda bizim özümüzə həyat dəfələrlə o zəngi etməyə, addım atmağa, hətta qucağlaşıb yaralarımızı sağaltmağa şans verib.
Aradan illər keçir və sən yaşananları xoş bir xatirə kimi xatırlayıb gülümsəyirsən. Sadəcə bu qədər: mən xatirələrimə və xatirələrimdəkilərə zəng etmək istəməzdim. Təki xatirələrimdəkilərin xətri ilk günkü kimi qalmış olardı. Əgər dünyadan köçən bir doğmama zəng etmə şansım olsa, yenə etməzdim, çünki insan darıxdığı insana darıxıram deyə bilmir. Sadəcə saatlarla boş divar izləyib keçmişinə köks ötürür. Qısacası, zəng etdiyiniz nömrə ya söndürülüb, ya da şəbəkədən xaric olunub.”
Kübra Quliyeva
“Ədəbiyyat və incəsənət”
(10.01.2024)