Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
“Səma dünyanın bir parçası olduğu kimi, bəzi hisslər də ruhumuzun əbədi parçasıdır”
Bəziləri göyqurşağına bənzəyir. Baxdıqca, aldanır, qərq olursan rənglərinin gözəlliyinə. O göyqurşağınının sadəcə bir müddətlik dünyaya baş çəkdiyini, bəzi hisslərin də ruhuna müvəqqəti toxunduğundan xəbərsiz olursan. Gecə dünyaya bağlı olduğu kimi, ruhumuza da dustaq olmuş qaranlıqlar vardır. Bəzən biz bu qaranlıqlarda yolumuzu itiririk. Bu zaman da səmanın yerə nur bəxş etdiyi kimi, ruhumuzu aydınladır bəzi hisslərimiz..
Əslində iki dünyam var idi. Cismən yaşadığım və ruhən var olduğum 2 dünya. Bəzən içimdə ölən hisslərimdən ibarət məzarlıqdan qaçmağa çalışırdım. Və fərq edirdim ki, qaçdıqca, uzaqlaşmaq əvəzinə yaxınlaşırdım sanki, tərk etmək istədiyim yerə. Hisslərimin qatili olmaq istəyərkən, ruhumun qatili olmuşdum sən demə.
Bəzən sanki ruhuma dəfn etdiyim hisslərim məzarından çıxır, bir dairə ətrafında qaçır, dövr edirdi. Bu döngü bitmir, mən isə tükənirdim. Dəfələrlə itirdiyimi sandığımı taparkən tapırdım özümü. Hisslərim tez-tez öz rolunu, başqasına verir, əvəzləyirdi. Necə ki, yer öz oxu ətrafında fırlanır, dövr edir və keçən saatları təkrarlayırdı, mənim dünyam da, ruhum ətrafında fırlanır və keçdi zənn etdiyim hisslərimi təkrar-təkrar mənə xatırladırdı.
Faciəlisi də mənim bunun fərqində olmağım idi...
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)