Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bu gün artıq yanvarın 7-dir. Bir göz qırpımında 2024-cü ili xırdalamaqdayıq. Onun gəlişinə bir neçə saat qalmış ürək sözlərimi not dəftərimə qeyd etmişdim. Onları sizlərlə bölüşürəm.
Saatlar sonra 365 səhifəlik bir kitabın daha sonuna gələcəyik. Dolu-dolu yaşadığımı düşündüyüm bu il mənim üçün xeyli-enişli yoxuşlu oldu. Öncə həyatıma girən insanlar üçün tanrıya təşəkkür etdim, biraz zaman keçəndən sonra isə əvvəl həyatımdan çıxardığıma peşman olduğum insanların əslində ayaq bağı olduğunun fərqinə varıb tanrıya məni məndən qoruduğu üçün təşəkkür etdim. Yeri gəldi ağladım, yeri gəldi güldüm. Qazandım, itirdim, yıxıldım və dim-dik ayağa qalxdım. Özümü kəşf etdim, bolca özümlə vaxt keçirtdim, sevdiyim insanlarla əyləndim, zaman-zaman çox ağır mübahisələr yaşadım.
16 kitab oxudum, 70-dən çox yazımı portalda paylaşdım, oxucu kütləmi genişləndirdim, hətta, bu gün o portaldan mükafat da aldım.
Ailəmlə bəzən münaqişələr yaşadım, ancaq hər dalğanın dənizindən başqa sığınacağı olmadığı kimi mən də, onlara sığınıb onlara sarıldım. Sevməyin, sevilməyin gözəlliyini, dəyərini hiss etdim və peşman olduğumu düşündüyüm hər hadisədən dərs çıxardım. Mən bu kitabı imanımdan yola çıxaraq yazdım və indi son sətirlərimi yazarkən axıb gedən bu zaman kəsiyində yaşanmışlıqların sadəcə qum saatı olmadığını anlamaq, ruhunu hiss etmək mənim üçün əvəzolunmaz duyğular idi. Mən bu il onlu yaşlarımın sonuncusunu geridə qoyub iyirmili yaşlarımın başlanğıcında xəyallarını, hədəfləri bəlli etmiş, əqidəsini həyatının məqsədi edən biri kimi yaşadım. Ən əsası, həmrəyliyi, milli-mənsubiyyəti dərk edib, tərk etməmək üçün həyatı dərk etməyə çalışdım. Bu qocaman kitabda mənimlə bərabər rol alan hər kəsə həyatımda buraxdığı izlər üçün pisi və yaxşısı ilə minnətdaram.
Müharibələrdən uzaq, uşaqların ölmədiyi, yaxşılıqların reklam olunmadığı bir il olaraq gəl, əziz 2024, səndən öyrənəcəyim və səni yaşayacağım çox zamanım olacaq.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)