“Ədəbiyyat və incəsənət”in Düşüncələrim rubrikasında bu cümə bioloq-yazıçı Sadıq Qarayevdir.
-O turşunun dadına baxmaq olar?
-Əla turşudu, buyurun baxın- satıcı bunu deyib, 3 kiloluq şüşə balondan dəmir tutqacla kələm çıxarıb, mənə uzatdı.
Alıb yeməyə başladım. Təbii ki, anamın qoyduğu turşulara çatmazdı, anam əlinə keçəni - kələm, kal pomidor, ta nə bilim nələri yığıb 40 kq- lıq "filyaka” doldurur, nəyi, necə əlavə edir, bilmirəm, heç özü də bu işləri xüsusi qaydalarla etmir, amma turşusu əvəzsiz olur. Ancaq bu turşu da çox dadlı idi, kimdirsə peşəkar imiş.
-Bir kilo çəkin- dedim.
Turşunun dadından zövq ala-ala, günortadan düşündüyüm fikirlər, yenidən ağlıma gəldi...
Ağaclara baxırdım, onlar canlıdırlar... Canlı olmaq xüsusi bir mahiyyətdir. Nədir bu sirri xuda? Ağaclar ayrı-ayrı orqanlardan, orqanlar hüceyrələrdən ibarətdir, hüceyrənin öz elementləri var ki, onları da xırdalayanda kimyəvi maddələrə, molekul, atomlara çıxır.
Aha molekul, atomlar canlı deyil, axı...
- Buyurun, 3 manatlıq etdim.
- Yaxşı etdiniz, amma elə edin, yolda suyu süzülməsin- deyib, pulu verdim.
Yaxşı, belə çıxır ki, cansızların xüsusi düzülüşü, yan-yana gəlməsi, canlı mahiyyəti yaradır...
Eyni növ atomların fərqli cür düzülüşü müxtəlif xassəli materiya ortaya çıxarır. Məsələn, eyni cür karbon atomlarının fərqli düzülüşündən qrafit, kömür, almaz ortaya çıxır...
Demək, nə sirr varsa bu düzülüşdədir, nəyin nəyin yanında olmasından asılıdır .
Məhz bu düzülüş qaydası ALLAHDAN gəlir.
Onun sayəsində düzülüş saxlanılır.
Birdən ağlıma gəldi ki, nəzəri baxımdan ALLAH bir anlıq yox olsa (Əstəfurlla) bu düzülüş forması o an pozular, ağaclar, eləcə də heç bir canlı qalmaz. Maqnitin cəzb etmə, itələmə qüvvəsi, yerin cazibəsi də itər. Deməli, hər şey o anda yox olar.
Diqqətimi yolun qırağında, tut ağacının altında oturmuş, arxası mənə tərəf olan bir kişi cəlb etdi. Nəsə eşələnirdi. Aha, torbadan "çubuş" ( kiçik araq şüşəsi) çıxardı...
Ona bəlkə turşu verim? - dərhal ağlımdan keçdi.
Ancaq camaatın içində, əlimi necə salım turşu çıxarım, ona nə deyim verim? Ərincəklik, utancaqlıq və etinasızlıq yan- yana düzüldü.
Aptekə tərəf çöndüm, qızdırmasalan dərman almalıydım.
Qızdırma... bu nədirsə yüz faiz düzülüşün cüzi də olsa pozulmasıdır. Başqa cür necə ola bilər ki?
İnsanda canlı olmağı deyək ki, ruhla əlaqələndirək, bəs heyvanlar, bitkilər?
Deyək ki, canlı olan hər şeyin ruhu var, bəs su niyə mövcuddur? Axı o da iki - yanan və yanmaya kömək edən qazdan yaranır, özü yanğını, susuzluğu söndürəndir...
İnsan ölür, 5 dəqq əvvəl isə sağ idi. Bu 5 dəqqədə nə dəyişdi? Hər şey həminki deyil?
İlk baxışda hər şey yerindədir.
Aptekçiyə baxıram, keçəldir. Düşüünürəm ki, bu qədər dərman istehlakçısı, onu satan var, çoxu da keçəl, bəs niyə başlarına dərman düzəltmirlər?
Keçəllik də düzülüş pozuntusudu.
Demək, satdıqları pul tələsidi.
3- 4 cür dərman təklif etdi, ən ucuzunu seçdim, onsuz da faydası yoxdu, düzülüşü pozulmuş orqanizmi özü düzəltməsə heç nə kar etməz ki... O ki qala, yaranandan düzülüşü pozulmuş dərmanlar ola.
Ölü ilə diri insanın fərqi orqanizmin ən kiçik elementllərinin düzülüş fərqidi...
İnsanın düzəltdiyi şeylərdə də belədir.
Təsəvvür edin, bahalı bir avtomobil düzəldirsən, hər şey var, mühərrik yoxdur, lap mühərrik də var, kiçik bir detalı yoxdur, yaxud elektrik sistemində bir məftil qırılıb, avtomobil işləməyəcək.
Dəmək, mövcudluq bütöv sistemin ideal düzülüşündən asılıdır.
Hadisələr də belədir. Müharibədə məğlubiyyət və zəfər də bütün detalların ideal düzülüşündən asılıdır. Vaterlooda yağış imkan vermədi ki, Napoleon toplarını vaxtında istədiyi kimi düzsün. O, bütün müharibələri əsgərlərini və toplarını ideal düzə bilmək istedadıyla uda bilmişdir. Bu dəfə yağış imkan vermədi, məğlub oldu.
Belə çıxır ki, İlham Əliyev öz ordusunu zəfər çalmaq üçün ideal düzmüşdü. Elə siyasətini də.
Qarşı tərəfdə isə hər şey vardı- yüksəkliklər, çoxqatlı keçilməz səddlər, dəqiq artilleriya sistemləri və s. Hər cür üstünlük. Ancaq nəsə çatmırdı, ya ürək vurmurdu, ya beyin işləmirdi, ölü idi...
Əliyev niyə axıra qədər getmədi, bəyannaməyə razılaşdı? Qarşıdan gələn qış, qar düzülüşü poza bilərdi, beynəlxalq vəziyyətdəki düzülüş dəyişirdi. Düzgün hesablamışdı.
Həmən kişinin yanına yenidən çatdım, ona turşu verməmək düz olmazdı. Yaxşılıq etmək, onun zövq almağına səbəbkar olmaq hissləri yanaşı düzüldü. Bəlkə elə bütün hərəkətlərimizin səbəbi müxtəliv motivlərin yanaşı düzülməsindən yaranır. Ağıl və hisslərin cərgəsində düzülür.
ALLAH rəhmət eləsin, ədəbiyyat müəlliməmiz Solmaz xanıma, sinifdə səs- küy çoxalanda kübarcasına və qəribə zərif və ötkəm səslə: -Xahiş edirəm hisslərinizi cilovlayın- deyərdi.
Yaxınlaşdım həmən kişiyə.
- salam
...
- turşu verim Sizə, istəyirsiz?
- bəli, istəyirəm.
- bir qab gətir verim- deyib, əlimi digər əlimdəki çoxlu selofan torbalardan birinin içinə saldım.
Gedib yaxındakı mağazindən selofan alıb, açıb gözlədi.
Bir ovuc turşu qoydum.
- nə bildin içirəm?
-bilmədim içirsiz, amma içməli havadı, turşu da olsa ləzzəti olar.
- çox düz deyirsən, sağ ol-deyib, kefi kök, tez tutun dibindəki evinə getdi.
Onun kefi düzəlmişdi, turşudan çox, içməli hava olmasını vurğulamağım xoşuna gəlmişdi.
İndi rahat içəcəkdi.
Axı hamı ona içdiyinə görə başqa cür baxırdı.
Necə başqa cür?
Normal münasibətin pozulmuş düzülüşündə..
Bəs onda necə olur ki, bütün qaydalara riayət edib, xüsusi düzülüşlə qoyulmuş satlıq turşular, anamın xaotik qaydada qoyduğu turşudan dadsız olur?
Demək hər nizamlı baxış da ən düz olmaya bilər...
Evə çatırdım. Həmişəki kimi “bugünkü faydalı işim nə oldu” sualına cavab verirəm:
O kişiyə turşu vermək.
Adətim üzrə, çox vaxt olduğu kimi səhər, günorta heç nə yeməmişdim, odur ki, yeməyə bərk girişirəm.
Həm də qulaq asıram, danışırlar, daha doğrusu, sözləri sıraya düzürdülər:
Hazırlıq pulu, evə alınası ərzaqlar, telefon köhnədi işləmir, ta nələr, nələr… yüz cür problemlər...
Birinci sinifə gedən qızım yaxınlaşır, dəftəri uzadır:
-Ata, bax, ulduzlayımın sayı 12 olub...
Bütün problemlər yadda çıxır elə bil.
Demə, ailə də problemlərin, fərəhlərin, sevinclərin, sevgilərin qəribə düzülüş formasıymış.
Deyəsən, doyuram, daha turşu ləzzət eləmir, qocalığın sonları kimi...
Bəlkə elə həyat özü qəribə hadislərin, ömürlərin, düşüncələrin, hisslərin özünəməxsus düzülüşüdür?
Bu cür gözəldir, belə dadlıdır?
Eləcə də bütün mövcudluqlar xüsusi düzülüşün nəticəsi, görünənidir.
Nizamlı, həm də nizamsız...
Əslində xaotik, nizamsızlığın özündə də bir nizam vardır, yoxsa Laləzərin turşuları belə dadlı olmazdı...
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)