Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
1.
Aşiqlər sevgi acısını
bala çevirən arılardır
Bu arıların iynələri yalnız öz qəlblərinə
sancılmaq üçündür.
Kəpənəklər sevginin
rəngarəng qanadlarıdır.
Bu kəpənəklərin Vətəni
qızılgül bağlarıdır.
Ömrün ən gözəl zamanı
məhəbbətə ayrılan çağlarıdır.
Sevginin bitmə təhlükəsi
sadiqliyin intiharıdır.
2.
Çirkin simalar
güzgünü günahkar bilər,
Çıxış yolunu onu
qırmaqda görərlər.
Güzgülərin yaddaşını
sındırmaq olmur,
bunu hər beyin dərk etməz.
Şaxta isə dondurduğu vücudların
soyuqluğundan şikayət edər.
Gecəni sevən yarasalar
"Günəş oğrusuna" aşiq olarlar.
Günahkarlar çalışsalar da, günahlarını
özlərindən qopara bilməzlər,
Günahlar oduna dönüb
qalaq- qalaq yığılanda
günahkarlar da o odunların sevgisinə
çırtaçırtla yanarlar...
3.
Qaçıram, qaçıram,
Özümdən qaçıram
fələyin qurduğu tələni duyanlar kimi.
Qaçıram, qaçıram,
kədərin hökmdar olduğu sarayın
cəlladından qaçan sevinc kimi.
Qaçıram, qaçıram,
saat əqrəblərinin zamandan
qaçdığı dairədə zamansızlığa qaçdığı kimi.
Qələmin bir nöqtədən başlatdığı
insan adlı sənət əsəriyəm..
Mən insanlığa qaçıram.
Qaçıram, qaçıram qanadları, ayaqları olmayan
külək kimi qaçıram.
Özümü tapmağa,
qaranlıqlar arxasındakı
"sirli nur qapı"sına qaçıram.
Qaçıram, qaçıram,
mən daxilimdəki mənə qaçıram!
“Ədəbiyyat və incəsənət”
(21.12.2023)