…Sən də özünü aldadırsan, şəhərim mənim Featured

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Beynimin içi yenə qarmaqarışıqdır. Yenə ağlımda ulduzlu suallar var. Yenə hər şey qarışır bir-birinə. Yenə düyünlənib boğazımda nəsə. Yenə, yenə, yenə…

Keçmir bəzi yaralar, dolmur bəzi boşluqlar. Odlar yurdunun küləklər şəhərinin sərin mehi üzümə həqiqətləri çarpdıqca vicdanımın ayaq səsləri yaralarımı təzələyir.

Düşünmək çox incidir artıq məni.

Düşünməsəm də, ruhsuzlaşdığımı hiss edirəm.

Bu gün doğma şəhərdən təzə dərslər aldım.

Gəlin sizə də danışım bu günün dərslərini.

 

Dərs 1.

İnsan ömrü narazılıq və həsəd arasında keçən bir cığırdır. Əsl xoşbəxtliyi tapanlar isə tam mərkəzdə dayanıb şükr etməyi bacaranlar idi.

Həqiqətən, doğma şəhər artıq yadların şəhəri olub. Ən qıyıq gözlüdən tut ən qaradəriliyə, ən varlıdan ən kasıba din, dil, irq, milliyət ayırmadan şəhərimiz doğmalaşan özgələri doyunca qucaqlamışdı bu gün. Qısqandım səni Bakı və utandım özümdən. Məgər necə anlamamışam mənə olan küskünlüyünü? Məgər mənim yerimi başqası doldurmağa çalışarkən anlamalıydım sənin dəyərini?

Niyə anlamadım vaxtında sənin qiymətini?Niyə hər qarışını başı da, cibi də boş gəzmədim axı? Niyə küçələrindən, sahilindən, gecələrindən, sübh çağından, Qız Qalasından, Sovetskidən, Qara şəhərdən uzağlaşdırdım ki özümü?

Niyə daha dərininə enmək istəmədim?

Niyə araşdırmadım keçmişini?

Mən sənə sevgimi niyə ifadə edə bilməmişdim?

Səni məndən başqaları alarkən mən də, özümü bir başqasına təslim edirdim sanki..

Bilirsən Bakı, sən mənsən əslində. Hə-hə mənsən, lap elə özümsən, doğma şəhər. Səssizsən sən, çığırtıların dəniz dalğalarıdır sadəcə.

Qırılğansan sən, yorğunsan və hələ də körpəsən. Qaçırsan yaralarından, özün özünə məlhəm olmağa çalışırsan, onu da, bacarmırsan  heç. Ahh mənim körpə şəhərim. İndi sənin şəkillərin səni sadəcə icazə verdiyin qədər öyrənən yad birisinin ən gözəl guşəsində yer alacaq. Halbuki, o tanımır heç səni. O sənin ona göstərdiyin üzünü görüb sadəcə. O sənin ağlamağına şahid olmayıb, o sənin yaralarını biləcək qədər dərininə enməyib oysa ki. Sən də özünü aldadırsan eynən mənim kimi. Daha dərində olan yaralarının itkin düşməsi üçün üst-üstə xırda xoşbəxtliklər, saxta şəkillər, hissiz qucaqlamalar, soyuq baxışlar qalamısan san də..

 

Dərs 2.

Bu dərsdə isə mən Bakıdan xəyanəti öyrəndim. Beyində başlayan, ürəyimizi əsir alan hər bir duyğunun geri dönüşü xəyanətdir əslində. Özümüzə etdiyimiz ən böyük xəyanət yarım qalan arzularda, yarım qalan gülüşlərdə, yarımçıq xoşbəxtliklərdə gizlənib.

Mənim də xəyanətim beynimdə başladı ilk öncə. Özümü inandırmağa, oyun oynamağa, hissizliyə, səssizliyə və boşluqları doldurmağa çalışdığım andan xəyanət etdim.

Xəyanət etdim özümə, xəyanət etdim duyğularıma. Unutduğumu qəbullanmağa çalışarkən çox gözəl anladım mən yuxularıma haram qatan adamın yerinə mənim üçün yuxusuz qalan adamı qoyarkən xəyanəti daddım. Başlarda şirin gəlir xəyanət insana.

Öncə intiqam hissini alovlandırır xəyanət. Özündən qaçırmışcasına qəbullanmazlıq edirsən. Silə bilmədiyini, unutmağdını qəbul etməmək üçün xoşbəxtmişsən kimi hiss edirsən. Daha doğrusu, özünü hiss etməyə məcbur edirsən.

Birdən külək üzünə elə sərt çarpır ki, qarışqanın belə xətrinə dəymir. Və o an ayılırsan qəflət yuxusundan. Haqsız olduğunu, əməlinin çox  pis olduğunu anlayırsan və geri çəkilməyə çalışırsan.

Sən də mənim kimisən, bax.

Mənim də, onun da yeri əsla dolmayacaq.

Heç kim mən kimi sənin sahilində dərdləşməyəcək.

Heç kim onun qədər göy üzü, onun qədər dəniz olmayacaq mənə.

Heç kim mənim qədər utancaq və şıltaq olmayacaq.

Heç kim onun qədər yaxın, onun qədər uzaq olmayacaq.

Bacarsam bağışlayaram səni, bir gün od torpağının küləklər şəhəri. Yerimə başqasını qoyduğun üçün bağışlayaram, amma yerimi doldura bilməyəcəyini anlayan zaman büzülən dodaqlarının tək çarəsi busədir. İncimə məndən gözəlim. 

İncimə..;

(Dərs üçün ayrıca Təşəkkürlər,ümidvaram bir gün qırğınlığın keçər mənə.

Qırğınlığımın keçəcəyi gün qırğınlığının keçməsi diləyi ilə..;)

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.