İndiyə qədər tanıdığın hər kəs bir otaqda olsaydı, kimi axtarardın? Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

“İndiyə qədər tanıdığın hər kəs bir otaqda olsaydı, kimi axtarardın?”  - Bu sual axır zamanlar o qədər qabağıma çıxır ki, istədim fikirlərimi sizlərlə də bölüşüm. 

 

Əgər indiyə qədər tanıdığım hər kəs bir otaqda olsaydı nə hiss edərdim? Mən titrəyərdim. Həyəcandan, qorxudan... O qədər fərqli, o qədər qorxunc və ya gözəl həyatlara, hadisələrə şahidlik etdim ki, bu qısacıq ömrümdə. Onlarla rastlaşmaq qorxudardı məni. Baxardım onlara, mənə olan baxışlarında bir məna anlamağa çalışardım. Məsələn, torpaq altına tapşırdıqlarımın üzündə qürur, yoxsa utanc var? Ya da yarı yolda qoyan tanışlarımın gözlərində peşmanlıq varmı? Bunları bilmək istəyərdim. Amma indiyədək tanıdığım hərkəslə bir otaqda olsaydım, ən çox mən itirdiyim məni axtarardım. Hər gedənlə birgə itkin düşmüş bir parçamı, hər yalanla məni tərk etmiş parça-parça məsumluğumu. Mən uşaqlığımı axtarardım. Keçmişin və gələcəyin söhbətlərini etmək üçün. 

Uşaqlar daha konkret fikirləşərmiş. Onlar plan qurmaz, fitnə düşünməzmiş. Atmalı olduğum addımları 7-8 il öncəki məndən soruşardım. Ya da ona etməli olduqlarını deyərdim. Bir söz var ha, "bugünkü ağlımla keçmişə dönsəm nə edərdim" deyə. Bax, mən əgər keçmiş mənlə rastlaşsaydım ona təkliyi öyrədərdim ən birinci. Bu cəmiyyətdə təkliyin daha gözəl, daha münasib olduğunu öyrədərdim. Daha çox oxumasını söyləyərdim. Dayanmadan daha çox mütaliə etməsini, öyrənməsini. Mən keçmişimlə üzləşə bilsəydim əgər, ondan bir parça rahatlıq, bir azca hüzur istəyərdim. Sonra başımı qaldırıb baxardım otağa yenidən. Keçmiş məni də alıb qapı-pəncərə axtarardım. İtirdiyim məni bir daha buraxmazdım onu öldürənlərin arasında. Əgər mən indiyədək tanıdığım hərkəslə bir otaqda olsaydım, özümə qovuşardım hər halda... 

Belə. Bəs siz həyatınız boyu tanıdığınız hər kəslə bir otaqda olsanız kimi axtarardınız? Nə hiss edərdiniz? Ondan nə istəyərdiniz? Və ən əsası. Onu geri istəyərdiniz?

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.