Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
İki məhbus həbsxana barmaqlığından baxırdı. Biri çirkab
görürdü, digəri ulduzları.
Con Maksvell
Rəngləri büsbütün qapqara görənlər var.
Və rəngləri büsbütün al-əlvan görənlər var.
Mən rəngləri olduğu kimi, qarışıq görməyin tərəfdarıyam.
Bir dəfə doğmalarını avtomobil qəzasında itirmiş bir ortayaşlı kişi mənə irad bildirdi ki, «nikbin olun», «kədərə boyun əyməyin», «öz üzərinizdə çalışın», «hər probleminizi şişirtməyin» kimi tövsiyələriniz yersizdir. O, söhbət əsnasında internetdən nə qədər motivasiya ədəbiyyatı yükləyib oxuduğunu da dilə gətirdi, köks ötürərək bəyan etdi ki, heç bir psixoloq, ürək yoldaşı, motivasiya bestselleri müəllifi bu halında ona təsəlli ola bilməz.
Başqa bir vaxt eyni sözləri mənə xəstə övladının müalicəsi üçün bütün varidatından məhrum olan və artıq dərman almağa pulu qalmayan yeni ailə qurmuş bir gənc söylədi.
Hər ikisi də «mən artıq yıxılmışam, duruşum mümkünsüzdür» dedilər.
Yəni, yıxılan daha durmaz ki? «Yıxılmaq» sözünün «durmaq» adlı antonimi məgər yoxdur ki? Yıxılmaq varsa, mütləq durmaq da olacaq, bunun üçünsə güclə, qüvvətlə yanaşı mütləq qətiyyət və dözüm lazım gələcək. Yıxılan adam yıxılanda məhv olmur, mövcud durumu ilə razılaşıb mübarizəni dayandıranda məhv olur. Hərəkətsizliyinə, süstlüyünə «mən artıq yıxılmışam, duruşum mümkünsüzdür» sözləri ilə bəraət qazandırmaq məgər insanın öz başına diri ikən kəfən keçirməsi deyil?
Mən bu kitabda ayaq üstündə duranlara zirvələr fəth etməyin sirlərini agah etməklə yanaşı, yıxılanlara ayağa durmağın yollarını da göstərməyə çalışacağam.
Unutmayın, «mümkünsüzdür» sözü hökm deyil, adi bir rəydir. Əksinə, «mümkündür» sözünün isə inam, qətiyyət və əzm sayəsində hökm olmaq gücü var.
Butradakı silsilə məqalələr sizləri «mümkündür» sözünü söyləməyə səfərbər etmək üçün gəlir. Yolu açıq olsun!
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)