Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Simurq quşu- Cənnət quşu adıyla da bilinən bu quş türk xalqları ədəbiyyatının olmazsa olmazlarındandır. Haqqında yüzlərlə əfsanə yazılan bu quş əsrlər boyu diqqətləri üzərinə çəkmiş, hətta, insanların ümid mənbəyi olmuşdur.
Əfsanələrdən birinə görə, Simurq quşu Qaf dağında yaşayırmış. O, beş yüz ildən bir uçub Misirə gedər, "Ra"nın- Günəş tanrısının məbədini ziyarət edərmiş. Lakin bu möhtəşəm gözəlliyə sahib yaratığın bəxti bu səfər gətirmir. Məbədə çatar-çatmaz onu tutub oda atırlar. Simurq isə oddan-atəşdən qorxmur. O, dəfələrlə atəşə atılsa da yanmır, sönən odun külü içərisindən dirilərək səmaya qalxır. Öldükdən sonra yenidən dirilmənin, ölümdən sonrakı həyatın rəmzi hesab olunur, digər adıyla Zümrüdü-Anka quşu çağırırlar.
Simurq quşunun adı sadəcə türk xalqlarında bilinmir. Bu o demək deyil ki, əfsanə bizlərə xas deyil. Əksinə. Bu o deməkdir ki, türklər öz mədəniyyətini lap keçmişdən yaymağı bacarıb. Misir mifologiyasının da sevilərək oxunulan əfsanəsi-Feniks adlandırılan bu quş bir inanca görə yer üzünə "həyat ağacının kökü"nü gətirir. Gözyaşları şəfa və dərman hesab edilən "Simurq" bəzi mənbələrdə ilahi gözəlliyin simvolu kimi təsvir olunur, bütün quşların şahı sayılır və gizli mənalarında ilanların şahı "Şahmaran"la eyniləşdirilir.
Qədim İran əfsanələrində Simurq quşu “elm, bilik ağacı”nda yuva quran, gələcəkdən xəbər verən çox nəhəng bir quşdur.
Bu quş hun-qıpçaq mifologiyasında “Alp” ları, yəni igidləri xilas edən, onları dardan qurtaran Alp Karakuşla eyniləşdirilir.
Bütün xalqların mifologiyasında Simurq quşunun yuvasının Qaf dağında olmasını Nuhun gəmisinin Qaf dağında quruya təmas etməsiylə əlaqələndirirlər. İnanca görə həyat, o cümlədən, od da oradan paylanırdı. Belə olan halda, Simurq quşunun yuvası, evi də Qaf dağı olmalı idi.
Əfsanəyə görə, günlərin birində Simurq quşu öz lələklərindən birini Çinin düz ortasında salır. Lələyi tapan quşların hamısı onu axtarmaq qərarına gəlirlər. Quşlar bilirlər ki, quşların şahı hesab edilən bu quşun adının mənası “Otuz quş” deməkdir və onun sarayı ən hündür dağlar silsiləsinin ən hündür nöqtəsində yerləşir. Əvvəlcə bəzi quşlar Simurq axtarışına getməkdən qorxur, buna etiraz edirlər. Sonradan onlar Simurqu axtarıb tapmaq məcburiyyətində qalır. Çünki anlayırlar ki, tək qurtuluşları məhz Anka quşudur və yola düşərək 7 dəniz, 7 dağ keçirlər. Bu dağlar-vadilər belə sıralanır:
Yeddi dibsiz vadini keçmək Simurq quşuna çatmaq deməkdir
Bu vadilər aşağıdakılar kimi sıralanır:
1. İradə. Bu vadidə quşlar öz nəfisləriylə savaşır. Simurqu unudub öz istəklərinə qapılanlar elə burada özlərini fəda edir.
2. Eşq. Burada özünü fəda edənlərdən biri də gülün iztirabına dözə bilməyən Bülbül olur. Bu vadidə quşların gözünü sis bağlayar, toz pəmbə xəyallardan qaranlıq dünyaya çəkilərlər.
3.Cəhalət. Əsrlər boyu insanların sınağı olan cəsarət sizcə də çox yerində deyilmiydi? Gözləri kor olan, gerçəkliyi unudan quşlar Simurq tərəfindən unuduldu.
4. İtmiş inam. Qorxuya qapılan, geri dönə bilməyəcəyindən qorxan yüzlərlə quşun sonu da məhz bu vadi olur. Tutuquşunun ömürlük qəfəsdə qalma qorxusu onu bu vadidə sonsuz yuxuya həbs edir.
5. Təklik. Növbəti sınaq yalnızlıq idi. Ətrafda heçkimin olmaması təşvişi duşur incə məxluqların qəlbinə və burada həlak olur bir çoxu.
6. Dedi-qodu vadisi. Vadiyə girdiklərində hər yerdən fısıltılar duyulmağa başlayar. Ən arxadakı quş, Simurqun yenidən doğuşda tüklərinin yandığını söyləyər. Öndəki quş bunu duyar və yanan tüklərin təkrar çıxmasığını söylər. Bir öndəki quş bunun ardından yanan tükləri çıxmadığı üçün Anka quşunun gizləndiyini söyləyər. Bir-bir artan dedi-qodularla Simurqun dayana bilməyib özünü öldürdüyü deyilər, Elən öndəki quşa, getməyə gərək qalmadığı, Simurqun torpaq olduğu bilgisi gələr. Bir çox quş bunlara inanaraq geri döner. Geriyə çox azı qalar.
7. "Mən" vadisinə girdikləri andan özgüvən, eqosu artan quşlar digərlərini bəyənməz, öz mənliklərinə məğlub olar.
Sona qalan ən dözümlü 30 quş isə Simurqun sarayına gəlib çatır, əfsanənin-Simurqun 30quşun padişahı olmasının təsdiqini görür və öz arzularına nail olur. Lakin sonra bir şeyin daha fərqinə varırlar. Quşlar anlayır ki, İlahi quş elə onların özləridir, “Simurq” onlar özləridir və onlar hamısı birlikdədirlər.
Bir digər mənbədəysə, Simurq adının 30 quş mənasını verməsi qəbul edilmir, bunun sadəcə Farsların Türklərə xas bu mifi özününküləşdirmə meyili olaraq qəbul edir, Simurqun yer üzündə tək 1ədəd olduğuna inanılır.
Bunlardan hansı doğru olur olsun, əsas nəticədir. Nəticə olaraq Simurq ilahiləşməylə yanaşı, qalibiyyətin simvoludur. Bütün aciz, bütün mənfi xüsusiyyətlərdən, aldanışlardan qalib gələrək səmalara ucalan, günəşə çatan quş elə məhz "özünükəşf"in də simvolu sayılır mənə görə. Hər kəs bəlli dönəmlərdə özüylə baş-başa qalıb inkişafını, gələcəyini, gələcək "mən" i düşünməli, eqosuyla yox, məğrurluğuyla ucalmağa çalışmalıdır. Bu da hazıra nazır olan insanlara kiçik bir məsləhətimiz olsun. Hörmətlə!
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)