Həyat dərsi - ESSE Featured

 

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

Bir müdrikdən soruşurlar ki, : "Dünyada ən çox kimi sevirsən?" O söyləyir ki, dərzimi sevirəm.

 Maraqlıdır deyilmi? İndi mənanı açaqmı?

 

Dərzinin yanına nə vaxt getsək, ölçümüzü alıb, bədənimizə uyğun olanı tikəcək. Digər insanlar isə haqqımızda olan təəssüratlarını ölənəcən dəyişmirlər. Axı insan dəyişə bilər, niyə bunu anlamırlar ki...

Bir söz bir qərarı, bir hiss həyatı, bir insan insanın özünü dəyişə bilər. Bu cümləni nə vaxtsa oxuduğumu xatırladım.

Yaxşı, razılaşdıq ki, dəyişə bilər. Bəs dəyişməyən insanlar varmı? "Qozbeli qəbir düzəldər" atalar sözünü xatırlayın. 

Əlbəttə, var və olacaqdır da. Hər kəs eyni xarakterə malik deyil ki.

Nə edək belə insanlarla? Həyat insanlara neçə dəfə anlatsın ki, dəyər verərkən elə dəyər verin ki, sonunda dəyərsiz olduqda şam kimi sapına lənət oxumayasınız. Kibritin nə günahı var ki..  Körpə neçə dəfə yıxılır, amma sonunda yeriməyi öyrənir. Amma biz böyüklər neçə dəfə içdən yıxılsaq da, dost-düşməni tanımırıq ki tanımırıq. Ağaca dəyən balta neçə dəfə vurulduqdan sonra kötük aşır. İnsan da belədir, özü onu dəyərsiz edənə şans verir ki, gəl, buyur... 

İllər dərs verir, biz isə həyat dərsindən sinifdə qalırıq. Ayılanda isə saçımız, saqqalımız ağ olur. Bəzilərimiz üçün bu bəyazlıqda heç nəyi anlatmır. Elə necə var idik, elə də qalırıq. İllər keçir, biz isə həyat dərsindən kəsilib aşağı siniflərdə qalırıq.

Albert Eynşteynin bir fikri yadıma düşdü: “Uğurlu insan olmaqdansa, dəyərli insan olmağa çalışmaq lazımdır".

Həqiqətən, bizə verilən dəyəri dəyərləndirək. Çünki hər adam hər adama dəyər vermir.

Dəyərsiz olduğumuzu anladığımız zaman bilək ki, qarşımızdakı özünü mükəmməl sayır, bəli mükəmməl. O zaman "o mükəmməli" tənha buraxmaq lazımdır. Çünki o özü dəyərlə dəyərsizin nə olduğunu anlayıb peşman olacaq. Çox təəssüf ki, bu zaman " daldan atılan daş topuğa dəyəcək". Qanqal harada olsa, qanqaldır, nə fərqi məkanın. Ovçunun vurduğu ovun çırpıntısana məyus baxmağı heç nəyi dəyişmir. O ov artıq məhv olmuşdur. Əvvəlcədən düşünmək lazım idi. Zəhər ilanın həyatının bir parçasıdır, amma ilana toxunanın ölümüdür axı...Dəniz dəniz canlılarının həyatıdır, üzə bilməyən insanların məzarıdır axı...

Allahın yaratdığı möhtəşəm və heyrətamiz varlıqdır İnsan,niyə qəlbləri qıraq ki, niyə dəyərsiz edək axı. Uca Rəbbim qəlbləri sevərək yaratmışdır. Qəlb ətdəndir, amma ən tez qırılandır. Qırmayaq qəlbləri ahı ağırdır. Əksinə,  şad edək,  özümüz də sevinək və rahatlıq tapaq. Allah insanlığın dərdinə şərik olanlara səbir verib, gücləndirsin! AMİN!

 

 “Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.