23 milyondan çox kitabı satılan Yuval Noah Nararinin Azərbaycana gəlişi Featured

 

Şahbaz Xuduoğlu yazır

 

Yuval Noah Hararinin gəlişi çoxdan planlaşdırılsa da reallaşmırdı. Onun Azərbaycan auditoriyası qarşısında çıxışı sadə məsələ deyil. Kitabları 23 milyondan çox satılıb. Bu həcmdə adətən bədii kitablar satılır. 

 

O, tarix haqqında  səlis oxunan və həyatımıza toxunan və bizə güc verən, gələcəyi dizayn etməkdə bizə yardım edən elə bir kitab yazdı ki, bütün tarix kitabları haqqında təsəvvürləri dağıtdı.

Komandasında on beş nəfər işləyir: əksəriyyəti israilli olsalar da aralarında  irland, çinli, alman da var. İldə bir dəfə komandasını hansısa ölkəyə özü ilə aparır. Onlar əsasən Hararinin proqramını tərtib edir, həm də kitablarının nəşrini genişləndirməyə çalışırlar. Hər kəs öz işini yaxşı bilir. Əsası isə professoru yaxşı qoruyurlar: işləmək, dincəlmək, meditasiya -  vaxt rejiminə əməl edirlər.

Yemək masasında üz-üzə oturmuşduq. Öncə eynəyinin altından sınayıcı baxışlarla baxdı, kitabını ilk harda gördüyümü, oxuyanda necə təsirləndiyimi dedim və nəşriyyat haqqında qısa məlumat verdim. "Qafqaza ilk dəfədir səfər edirsiniz?"-  soruşdum. Bildirdi ki, ilk dəfədir. "Elə kitabınız da Qafqazda ilk dəfə bizdə nəşr edilib." - dedim.

Dərhal ən çox satılan non-fiction ədəbiyyatla maraqlandı, dedim, təbii sizin kitablar. Digər kitablarla maraqlandı. Bir neçə kitab və müəllifin adını çəkdim: "Millətlər niyə tənəzzül edir", Stiven Hoking, Riçard Dokkoinz, Fukuyama, Karl Saqan. İmzalar ona tanış idi, üstəlik kitabları da dilimizdə nəşr edilmişdi.

Bakının Osmanlıya aid olmasıyla bağll soruşdu, bildirdim ki, yox, Səfəvilərin ərazisinə daxil olub. 

Səfəvi və Osmanlı münasibətlərindən sual verdi, dedim o tarixin qara üzüdür. 

Onu ən çox maraqlandıran Azərbaycanda mövcud olan sekulyar cəmiyyətdir. "Bu necə baş verdi sizdə? " - deyə təəccübünü gizlətmədi. Dedim, maarifçiliyə minnətdarıq. XlX-XX əsr maarifçiliyi bu ölkədə sinaqoq, kilsələr və məscidlər, teatrlar, operaların olmasını şərtləndirdi. Maarifçilik olmasaydı, biz də İran ola bilərdik.

Bizə ən yaxın dost ölkə ilə maraqlandı, qonşularımızla münasibətlərimizi aydınlaşdırmaq üçün. "Türkiyəni bilirsiz, Gürcüstanla dostuq, oranı sevirik. Rusiyadan qorxuruq, İranla isə ehtiyatla rəftar edirik”- dedim.

"Türk dili ilə çox yaxındır diliniz" - dedi. "Onların qəbul etdiyi fransız kəlimələr, bizim qəbul etdiyimiz rusdan gələn kəlimələri çıxsaq yaxınıq”- cavab verdim.

Yəni, dünyaca oxunan bir müəllifin hər şeyə maraq göstərməsinə, doğrusu, valeh oldum.

Süni intellektin demokratiyaya təsiri ilə maraqlandım. Dedi, diktatorlar daha çox ehtiyat edirlər. Məsələn, Çin qəti şəkildə bunu qəbil etmir. Bu o deməkdir ki, sünu intellekt demokratik resurslara xidmət edəcək.

Söhbətimiz iki saatdan çox çəkdi. Kitablarını ona hədiyyə etdim. Şəkillər çəkdirdik.

Onun Bakı səfəri çox əlamətdar hadisədir. Bu işə dəstək verən hər kəsə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.