Qızıl Alma Featured

Yunus Oğuz yazır

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Yunus Oğuzun “Qızıl Alma” adlı essesini təqdim edir

 

Dostum Azər Turanın 60 illiyinə

 

Uşaq vaxtı yuxularında "Qızıl Alma" görərdi. Amma anlamını başa düşməzdi. O zaman o qədər nağıllar, dastanlar oxumuşdu ki, elə bilirdi ona buta veriblər. Həvəslə daha çox oxuyardı. Oxuduqca oxuyardı. Bir gün atası İmamverdi kişidən soruşdu ki, yuxularımda "Qızıl Alma" görürəm, bu nə deməkdir? El arasında çox tanınan, ziyalı mövqeyi olan İmamverdi müəllim xəfifcə gülümsədi, amma cavab verdi ki, belə şeyləri bilmək sənin üçün tezdir, sən oxumağını, yazmağını davam et. Mənə verdiyin sualın cavabını sətirlərin arasında tapacaqsan. 

 

Sovetlər Birliyinin qılıncının dalı da, qabağı da kəsən bir zamanda ən gözəl cavab bu idi. 
Atasının bu cavabı ona bəs etdi. Oxuduqca sətirlərin arasını oxuyurdu, yazdıqca əsərlərində, məqalələrində çox az adamın başa düşdüyü sətiraltı mənaları qeyd edirdi. Nədən yazırdısa son nöqtədə "Turana - Qızıl Alma"ya gəlib dayanırdı. İçindəki o yanğını söndürə bilmirdi, yazdıqca yazırdı. Tilsim içində tilsimə düşmüşdü. Bir tilsimi açırdı, o biri tilsim qarşısına çıxırdı. Dözürdü, səbri daş deşirdi, ancaq usanmırdı, yorulmurdu. Toz basmış, Kremlin bizə unutdurmağa çalışdığı şəxsiyyətləri tədqiq edirdi, yazırdı, arxivlərdən çıxmırdı. Heç kimə fikir vermədən atasının nəsihət etdiyini dərk edirdi. 
Kimləri o tədqiq etmirdi. Türk dünyasının fikir babalarını oxuyurdu, yazırdı. Başa düşürdü ki, sovetlər bu dahiləri onlardan niyə gizlədib.
Mahmud Qaşqarlı, Əhməd Yəsəvi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Nihat Atsız, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Çingiz Aytmatov və onlarla dühalar onun tədqiqat obyektinə çevrildilər.
Bir gün anladı ki, fikir babalarını bir yerə yığanda "Qızıl Alma-Turan" eyləyir. "Turan", "Qızıl Alma" elə onun butası imiş.
Başa düşürdü ki, ideya və hədəf olmazsa, ən müasir silahlarla silahlanmış əsgər müharibədə yenə uduzacaq, çünki, o bilməyəcək nəyin uğrunda vuruşur, döyüşür. İçi boş olan əsgərin qabağında durmağa nə var ki? Əsgərə hədəf göstər, durmadan döyüşəcək, vuruşacaq. Həm də ideya və hədəf cəmiyyətin bütün təbəqələrini bir araya gətirib xalq edəcək. Xalqı isə Orduya çevirəcək. O qələmilə savaşırdı, onu süngüyə çevirdi. Onun qələmi hədəf göstərirdi. Qızıl Alma-Turan. İnanırdı ki, ideya minlərlə insanın beyninə hopandan sonra bu xalqı heç kim dayandıra bilməz. Əvvəlcə ideyanı mənimsətdirmək, sonra hədəfi göstərmək. O belə də edirdi.
Otuzuncu illərdə düşünən beyinləri sovet rejimi məhv etdikcə "Qızıl Alma" haqqında fikirləşən ziyalılar sürətlə azalırdı. Bilənlərin də bəziləri susmağa üstünlük verirdilər. Sovet maşını bu ideyalardan kənarda özünün yeni hədəflərinə xidmət edən insanlar yetişdirirdi. Qorxu ilə, pul ilə, ənamlarla, şirnikləndirməklə bu insanlar cəmiyyətin pərdə arxasında yatıb qalan hədəflərini gizlətməyə çalışırdılar. Çox zaman da buna nail olurdular. Cəmiyyət öz tarixini öyrənmək belə istəmirdi, çünki ta uşaqlıqdan beyinlər yuyulurdu, "sovet vətəndaşı" deyilən bir məfhum ortalığa atılırdı.
Amma, cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi fikir babalarımızın da bizə miras qoyduğu ideya və hədəflər çox tezliklə ziyalılarımız arasında sürətlə yayılmağa başladı. İdeya daşıyıcısı kimi Azər Turan da genetik, qan yaddaşa söykənən hədəfləri cəmiyyətə göstərdi.
Onlarla kitab yazdı: "Əbədi Turan", "Əzəl-axır Türk dünyası", "Qafqaz İslam Ordusu Muğanda, "Hüseyn Cavid", "Əli bəy Hüseynzadə Turan" (Q.Paşayevlə bir yerdə), "Milli məfkurənin atası", "İrfan çobanı", "Cavidnamə" və başqa əsərlər onun qələmindən çıxdı. Əsas elmi tədqiqatları iki fikir babasını daha çox əhatə edirdi: Əli bəy Hüseynzadə, Hüseyn Cavid.
Hüseyn Cavidin ailəsinin faciəsini özünün, xalqın faciəsi kimi qəbul edirdi. Cavidin oğlu Ərtoğrulun ölümünü sovet maşınına bağışlamadı, ondan yazdı, ailə faciəsini teatrda tamaşaya qoydu.
Kövrək hislərini elə qələmə aldı ki, sanki Ərtoğrul doğma qardaşı idi. Belə də olmalı idi, çünki o fikir babası Hüseyn Cavidin oğlu idi. Münbit şərait olsa idi, Ərtoğrul da atası kimi Turan ideyasının daşıyıcısı olacaqdı. Sədd heyf!
Hüseyn Cavidin qızı Turanla ana-bala idilər. Onun dediklərini, söylədiklərini, xatirələrini qələmə alırdı. Sonradan bu xatirələr kitab halında nəşr olundu. Onun butası gercəkləşir. Türk dövlətlərinin təşkilatı yarandı, iqtisadi fəaliyyətin adı "Turan" qoyuldu. O hədəfləri görür, yazır, yenə yazır. Qarşıda görülməli işlər çoxdur. Uzun illər dilimizi ayıran kəslərə tutarlı cavab olaraq ortaq dilimiz formalaşmalı, tariximiz yenidən yazılmalı, ədəbiyyatımız və incəsənətimiz bütöv hala gətirilməlidir. Bu elə Qızıl Almadır. Azər Turan da sevinir ki, ömrünün bu çağında, sovetlərin ona unutdura bilmədiyi ideya həyata keçir, addım-addım hədəfə doğru gedirik. Hədəfimiz Qızıl Almadır. Ziya Gökalpın "Qızıl Alma" əsərində yazdığı kimi:
Vətən, nə Türkiyə, nə türkiyəlilər, nə Türküstan 
Vətən, böyük məbud ölkədir... Turan Qızıl Alma - Azər Turan.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.