Tək nəsihətim odur ki, Allahın qəlbinizə əmanət etdiyi sevgini yad qəlblərdə axtarmayın… Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Səssizliyin içində yox olan çığırtılar var. Ürəyimi bir şey sıxırdı sanki. Sanki ruhum həbs olmuşdu buralara. Və yenə yazılarıma sığınıram mən. Gecənin sükutunu pozan cırcıramaların səsi çox qəribə auraya salır insanı. Sanki daxili aləmimdə yenə nələrsə sıradan çıxıb, yenə ürəyim beynimin sözündən çıxıb, mən özümü yaralamağa,

incinməyə qırılaraq parçalanmağa gedirəm deyir. Bu dəfə işlər fərqlidir nədənsə. Beyin də yorulub, ürək də. Amma nə ürək sevgidən, nə beyin məntiqdən ayrı qala bilmir. Sevgi demişkən. Osho kitabında İsanın sevgi Allahdır ifadəsinə qarşı Allah sevgidir demişdi. Dəyişən sözlərin yeri deyildi təkcə. Mənada boğulan böyük bir dərinlik var. Həqiqətləri dərk etməyə ürəyin sevgisi, nə beyinin məntiqi bəs edər. Hələlik bu qoy belə qalsın. Gəlin biz illərdir verdiyimiz o böyük sevgiyə nəzər salaq. Uşaqlığımdan tam bu dəqiqə səkidə oturub bu yazını yazan bir mənə kimi, özümə nəzər salanda qırğın bir təbəssüm qonur üzümə.

Sevgi varsa qarşılıq gözləmək axmaqlıqdır, biləsən, əzizim..

Yalanlarla dolu bu dünyada ən çox özüm özümü aldadırdım. Özümü sevildiyimə çox inandırmışdım mən. Elə məhz 5 yaşımdan bəri. Atamın məni ilk döydüyü vaxtdan yəni. Yadıma niyə döyüldüyüm gəlmir, amma məni kəmərnən döydüyünü də unuda bilmirəm.

Aldadmışdım onda özümü, “atam məni çox istəyir deyə məni döyür ki, bir daha səhv etməyim”. Axı harda idi mənim səhvim? Məgər 5 yaşında uşaq səhv anlayar?

Ya bir az böyüdüyüm vaxt mən

ən sevimli gəlinciyimi bacımdan gizlədəndə anamın gəlinciyi məndən alıb ona verməyinə nə deyim? Onda da cəmisi 7 yaşım var idi və o zaman da, özümə nəticə çıxartmışdım, bacım balacadır və mən hər şeyimi onunla paylaşmalıyam, əks halda anam məni sevməyəcəyini demişdi axı. Hətta yadıma məktəbə gedib 2 aldığım zaman yetimlər evinə getmək üçün özüm öz əllərimlə çanta yığdığım düşdü bir anda. O vaxtı belə, “mən valideyinlərimi çox əsəbləşdirirəm və bacıma pis örnək oluram deyə evdən göndərilməmdə” valideynlərimə haqq qazandırmışdım. Bu hadisəni yaşayanda da çox deyildi yaşım, cəmisi 10 idi, yer üzündə öz balaca dünyamda dolaşırdım. 

Bir az zaman keçir və ailəsində zaman-zaman sevgisizlik, ayrı-seçkilik görən o qız başqa yerlərdə axtarır sevgini. Məsələn, məktəbdə çoxlu dostları olsa seviləcəyini zənn edir. Amma yenə olmur. Niyəsə heç kimlə ünsiyyət qura bilmir və onunla dostluq etmək istəyən hər kəsdən qaçır. Zaman keçdikcə isə, tam tərsi mən kiminləsə dostluq qurmaq istəyəndə məndən qaçan insanlar gördüm. Hərəsinin də bir bəhanəsi var idi. Kiminə görə mən çox sakit, kiminə görə soyuqqanlı, kiminə görə də acıdil idim. İcazə vermədilər nə mən onları tanıyım, nə onlar məni tanısın.

Yeniyetməlik dövrünün də bir dəbi var idi, bu da, məktublarla eşq etiraf etmək idi. Həmən ərəfələrdə 15-16 yaşım ancaq olardı, amma gözəlliyimin və xarakterimin yerini aldığını və yaşıdlarımdan nisbətən seçildiyimi dərk edirdim. Bu ərəflər mənə 3-4 oğlandan  müxtəlif məktublar gəlmişdi. Hətta illərdir səmimiyyət qura bilmədiyim sinif qızları belə buna görə mənə paxıllıq edirdilər. Əlbəttə, mənə yazılan gizli eşq məktublarını da cırıb atmışdım. İçimdə sevgiyə qarşı bir sevgisizlik, dərin bir ümidsizlik var idi. Ruhumu dolduran dərin bir boşluq var idi məni boğan. Beləcə məktəb illərimi də, son iki il istisna olmaqla boşluqlarla yola verdim.

11 illik məktəb həyatımdan mənə ən böyük hədiyyə demək olar ki, tək dostum olan Rəhim idi. Onunla 15 ildən artıq dostluğumuz var və birbirimizi ən gözəl biz anlayırdıq. Nəhayət, bir çox gəncin həyatında dönüm nöqtəsi yaradacağını düşündüyü, bir sıra azadlıqların və xoşbəxtliklərin özü ilə birlikdə gələcəyi düşünülən dövrə yəni, universtitet dönəmlərinə çatdım. Bu dönəm necə keçəcək, heç bir fikrim yox idi, lakin qorxurdum.

Ya yenə sevilməzdimsə?

Ya burda da yoldaşlarım məndən qaçarsa?Ya mən ünsiyyət qura bilməsəm?

Necə olacaqdı onda? Nə təsadüf ki, bir fərqlilik olmuşdu. Tələbəlik mənim üçün maraqlı keçirdi və uzun zaman sonra  özümə dostlar tapmışdım. Qəribə bir hal baş vermişdi ilk dəfə. İlk deyildi düzü,  amma fərqli duyğulara atmışdım özümü, yenə sevilmirdim və bunum fərqində idim. Amma mənim duyğularım məni çox dərinlərə apardı. Ona aşiq olmuşdum və onda sevgiyə qırğın bir uşaq görmüşdüm, eynilə özümdə gördüyüm kimi. Yaralarına məlhəm olacağımı düşündüyümdən heç buraxmadım onu. Lakin olmurdu bəzən, bəzi duyğular nə qədər dərin olsa da sağalmayan yaralar var idi. Mənim sevgim onun yaralarını sağalda bilməzdi.

Amma o, sevgisizliyi məni yenidən yaralamışdı və ən acısı bu dəfə bəhanə gətirə də bilmədim.

Bu dəfə sevir deyə belə edir, sevgisini göstərmir, ya da “şiddətlə" sevir demək də olmadı.

Həqiqətən bu dəfə sevilmədiyini qəbullanan biri olmaq çox dərin hüznlər yaşatdı  mənə. Aylarla özümə qapandım,

ətrafımdakı hər kəsdən uzaqlaşdım.

Dərin bir depressiyanın məni əsir aldığının fərqində idim.

Bəlkə istəsəm çıxa bilərdim bu vəziyyətdən. Amma bu yaşıma qədər demək olar ki, özüm üçün, sadəcə öz istədiyim üçün heç nə etmədim. Heç nə etmədim deyirəm, lakin çox şey etdim. Bir sürü hüznlü mahnılar, intihara səbəb olacaq dərəcə psixologiya pozan kitablar, şiddətə meyl və sair.

Qorxmayın, hələ məktubu yaza bilirəmsə, deməli, özümə qəsd etməmişəm. Dəfələrlə  cəhd etdim intihara, lakin geri çəkildim hər dəfəsində. Sevgisizlik məni boğurdu amma, ürəyimin dərinliklərində çox qəribə bir sevgi teli var idi. Hər ölümü düşünəndə o tel daha da sərt olurdu sanki. Bir xeyli müddət keçdikdə isə o telin bütün qəlbimi ələ aldığının fərqinə vardım. Mən o tel sayəsində özümün özünə bəs etməli olduğunu anladım.

Təkəbbür və eqodan uzaq lakin,

özünü sevən, özünə dəyər verən biri halına gəldim. İndiyə kimi ailəm istəmir deyə istəyib də, etmədiyim hər şeyi etmək qərarı aldım. Və birdən bir fikir gəldi ağlıma.

Dəyər verdiyim və örnək aldığım böyüklərimdən biri balaca mavi üzlü dəftər hədiyyə etmişdi mənə. Mən də ilk addımımı məhz o dəftərdən atdım. İlk dəfə içimdən keçən hər şeylə üzləşib düşüncələrimi və duyğularımı sətirlərə tökdüm.

Hər cümlə sonunda qoyan nöqtə qəlbimi qaraldan travmalarımı bir-bir silirdi sanki.

Ardından gələcək planlarımı qeyd etdim. Özümə hüzur və motivasiya dolu kitab siyahısı hazırladım, qulaqcıqdan istifadəyə son verdim, hüznlü musiqiləri sildim,

üstümə 2 bədən də böyük olan geyimlərimdən yaxamı çəkdim. 

Xarici görünüşümdə özümə eyib bildiklərimi dəyişməyə çalışdım bacardığım qədər və alındığını görmək məni xeyli ümidləndirdi. Hər halda 5-10 kilo artıq çəkisi olan xanımlar o çəkilərdən azad olanda gələn özgüvən hissinin əvəzolunmazlığını çox yaxşı bilirlər. Üstümdə nə istədiyini bilən, addım atmaqdan çəkinməyən, sevgisizliyin qarşısını yenə sevgi verərək ala biləcək bir gənc xanımın qüruru var idi.

Həqiqətən həyatım sıfırdan dəyişmişdi, ailəmin bacarmayacağımı düşündüyü hüquq fakultəsi üçün hazırlaşdım və 2 il sonra qəbul oldum. Maliyyə ixtisasının ardından hüquq həqiqətən çox gözəl təsir bağışlayırdı. Ən sevdiyim işi görürdüm, nə də olsa haqqı tapdanılan insanların haqqlarını müdafiə etməkdən daha xoş nə ola bilərdi ki, keçmişimin bütün travmaları məni insanlara daha yaxın etmişdi və  müdafiə etdiyim insanların gözlərindəki parlaqlıq nəyə desəm bəs edərdi.

Yenə boş dayanmadım və  vaxt tapdıqca dil öyrəndim, zaman-zaman motivatorlardan təlimlər aldım, şəxsi inkişafı daim genişləndirdim. Din dərsləri, sürücülük kursu, daimi idman, sağlamlıq üçün həkim məsləhətləri, mənimlə həmfikir olan insanlara qurduğum dostluq münasibətləri və Rəhim. Həyatımı sanki günəş sistemi kimi stabil tutmağa çalışırdım. Rəhim isə mənim günəş sistemimdəki ən parlaq ulduz olaraq daim mənimlə idi. Atdığım hər addımda mənə dəstək olan ən əziz insan. Rəhimlə şərik bir kafemiz də, var idi hətta.

Ailəm isə artan uğurlarıma öz dillərindən desəm "hər zaman dəstək olurdular".

Bu qədər dəyişiklik sadəcə son 5 ildə baş verdi həyatımda. Və demək olar ki, özüm öz ruhumu təzələmişdim, məni yoran incidən şeylərdən uzaq, heyvanlara və uşaqlara yaxın, mənə ailə ola biləcək insanla, dostlarımla, məni travmalarıma fikir vermədən böyüdən ailəmlə, sevdiyim işləri görərək və daim özümü inkişaf etdirərək küllərindən doğulan anka quşunun hekayəsini həyatımın gerçəyi etdim.

Mən nə İsa kimi, nə də Osho kimi düşünmürəm.

Nə Allah sevgidir, nə Sevgi Allahdır.

Allah insanın qəlbinə sevgini gizlədəndir.

İnsan isə sadəcə qəlbindəki gizli sevgini aşkara çıxarda biləndə təkcə cismani yox, mənən insan olur.

Sizə bu hekayədən tək nəsihətim odur ki, Allahın qəlbinizə əmanət etdiyi sevgini yad qəlblərdə axtarmayın, yoxsa əsl xoşbəxtlik heç zaman qapınızı döyməyəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.