Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Bu bir insanın həyatında ən önəmli anlardan biridir. Ömrünü sevdiyin şəxsə həsr etmək və səni sevənlərin əhatəsində olmaq başqa bir hissdir...
Keçmişdə ailə quran zaman qadın bəzən qarşı tərəfin kimliyindən xəbərsiz olurmuş, ya da heç sevmədən evlənib zamanla sevməyə başlayırmış...
Ailədə dava-dalaş olsa belə onları ailə daxilində ya da həssas qəlbə dəfn edib eləcə yaşayırmışlar, bu da olurmuş xoşbəxt ailə portreti. Bu portretin digər özəlliklərindən, ona daha da rəng qatan çalarlarından biri "adımızı batırma, ağ gəlinliklə çıxdın, yalnız ağ kəfənlə geri qayıda bilərsən" sözünün verdiyi qüdrət imiş.
Qeyrət, namus simvolu onlar üçün sitayiş edilən bütlər qədər əzizdir...
Bəzən bu bütlər, rituallar üçün ömrümüzü, bəzənsə mənəvi dəyərlərimizi məhv edirik...
Elə buna görədir ki, hər il türmələrdə qeyrət məhbusları çoxalmaqda davam edir...
Və boğazımızdakı arzularımızı, ümidlərimizi bıçağın, baltanın iti ağzının dirənərək bizdən alması çox amansızcasınadır…
Hələ də başqası tərəfindən verilən qərar, başqası tərəfindən ssenarisi yazılan həyatımız bizə süni təbəssümlər, süni görüntülərdən başqa bir şey bəxş etmir.
Toy kasetlərindən, şəkillərdən gələn tapıntılar, ya da calaq üsulu ailələr uzunömürlü portretlər yarada bilmir və bilməz də.
Ara düzəltmələr də sadalananlar sırasına heç şübhəsiz ki, daxildir. Bu yolda Instagram, vatsap, "padruqa", "valideyn" kimi "şəxsiyyətlər" də iştirak edir.
Hərdən mənə elə gəlir ki, ibtidai icma quruluşu hələ də davam edir və ətrafdakı insanlar hansısa təhlükələrdən qorunmaq üçün yenə tayfa, birlik halında fəaliyyət göstərirlər...
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)