Bu tale və bu uğur hekayəti sənə güc verəcək, istəkli oxucu Featured

 “Ədəbiyyat və incəsənət” portalı “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimatını davam etdir. Çox vaxt ruhdan düşür, problemlərin girdabında dözüm gətirə bilməyərək təslim oluruq. Amma mütləq əlavə resursları işə salmalı, güc tapmalıyıq. Bu yazı dahi amerikalı Teodor Ruzveltin həyat hekayəsindən bəhs edir. Bu yazıdan həyat dərsi alacaqsınız.

 

«Do what you can, with what you have, where you are»

1919-cu il yanvarın 6-da ABŞ-ın 26-cı prezidenti, 2000 məqalə və nitq, 40 kitab müəllifi Teodor Ruzvelt 61 yaşında ikən yatıb oyanmadı, beləcə qəfil vəfat etdi. Onun vəfatına tək ABŞ-da yox, dünyanın hər bir guşəsində milyonlarla insan kədərləndi, göz yaşı axıtdı. Ruzvelt həm böyük dövlət xadimi, dövrünün dünya siyasəti lideri, həm böyük ziyalı,  böyük humanist idi, həm ən universal insan, həm öz kəşməkeşli taleyi ilə əsl mərd, dönməz şəxsiyyət obrazı idi, üstəlik də böyük motivəedən idi.

«İnsanı intellektual tərbiyə etmək, amma mənəvi tərbiyə etməmək – cəmiyyət üçün təhlükə yaratmaq deməkdir», - söyləyirdi Teodor Ruzvelt.

Və yaxud, «Məncə insanın ən vacib xarakteri qətiyyətlilikdir. Dahi olmaq, həyatda iz qoymaq istəyən hər bir kəs təkcə minlərlə maneəni aşmaq qətiyyətinə malik olmamalıdır, həm də minlərlə uğursuzluq və məğlubiyyətlərə baxmayaraq qalib gəlməyi bacarmalıdır», - söyləyirdi o.

Teodor Ruzveltin devizi belə idi: «Nə bacarırsansa, onu əlində olanlarla və haradasansa, oradaca elə!»

Bu şəxs «Məni qayğılandırmır ki, başqaları haqqımda nə düşünəcəklər, məni özümün oz hərəkətlərim barədə nə düşünəcəyim qayğılandırır. Bax xarakter elə budur!» düşüncəsi ilə yaşayırdı, həyatda çöx böyük müvəffəqiyyətlər əldə etməsinin, uğurlu karyera qura bilməsinin qısaca xarakteristikasını isə belə izah edirdi:

«Ən əsas uğur formulası – insanlarla necə ünsiyyət qurmağı bilməkdir».

Britaniya tarixçisi Xyu Broqan vaxtı ilə Ruzveltə bu cür qiymət vermişdi: «O, Linkoln dövründən bəri Ağ evə təşrif buyurmuş ən bacarıqlı, Ceksonun dövründən bəri ən enerjili, Kuins Adamsın dövründən bəri isə ən bilikli insandır».

ABŞ-ın tarixi ərzindəki bütün liderlərdən Ruzvelt öz möhkəmliyi, dözümlülüyü ilə seçilib. Həm fiziki, həm də psixiki cəhətdən. Həyatının müxtəlif  dövrlərində o, gah vəhşi Qərbdə kovboy olub, gah səyyah kimi naməlum marşrutlarla 20 min mil irəliləyib, gah iri, vəhşi heyvan ovçusu olub. O, İspaniya-Amerika müharibəsində süvari bölümünün zabiti kimi at çaparaq döyüşüb, 1900-cü il seçki kompaniyasında 673 dəfə nitq söyləyib, boksla və cüdo ilə məşğul olub, dərin və enli çay yataqlarını üzüb keçib. Onun dözümü, gücü, entuziazmı sərhədsiz olub. Bir dəfə isə, prezident postunu tərk etdikdən sonra Miluokidə nitq söyləyərkən killer tərəfindən sinəsindən güllə yarası alıb. Bununla belə, sinəsində güllə, qanı axa-axa dirəniş göstərərək bir saat ərzində nitqini davam etdirərək çıxışını bitirib, yalnız bundan sonra huşunu itirə-itirə köməkçisindən onu xəstəxanaya çatdırmağı xahiş edirib.

Baxın, biz niyə Ruzvelt haqqında danışırıq? Təkcə bu qətiyyətinə, əzminə, iradəsinə görə? Əlbəttə, tək bunlara görə danışsaydıq, onda qəhrəmanımız sizə sadəcə örnək olardı. Amma o, «sadəcə örnək» yox, örnəklərin örnəyidir. Niyə? Deyəcəyik. İş ondadır ki, bu qədər gücü, dözümlülüyü ilə tarixin ən güclü, ən dözümlü şəxsiyyətlərindən biri hesab edilən Ruzvelt üçün başlanğıcda heç bir uğur, heç bir nailiyyət görünmürdü, görünə də bilməzdi. O, Manhettendə anormal uşaq kimi doğulmuşdu, ilk yaşlarından astma xəstəliyindən, görmə qabiliyyətinin zəifliyindən, həddən artıq arıq olmasından əziyyət çəkirdi. Valideyinləri uşaqlarının sağ qalıb böyüyəcəyinə belə inanmırdılar. Teodorun on iki yaşı olanda atası ona deyibmiş: «Sənin çiyinlərin üzərində başın var, ancaq bədənin yoxdur. Bədənin köməkliyi olmayanda isə, baş heç nəyə qadir ola bilməz. Sən özün özünə bədən yaratmalısan». Elə həmin gündən Teodor həm bədəninin, həm də beyninin möhkəmləndirilməsi ilə məşğul olmağa başlayır, bütün həyatı boyu da bu möhkəmləndirilmə davam edir. Qətiyyət, dözüm, özünəinam və nikbinlik! Bunları özünə silah edən Teodor əsl möcüzə yaradaraq özünü büsbütün dəyişir, zəif və xəstədən normal və sağlama, sonra isə güclülərin güclüsünə çevirir.

Ruzvelt də digər böyük liderlər kimi uğur zirvəsinə qəfil çatmayıb, uzun bir yol qət eləyib. ABŞ prezidentliyinə yüksəlməsi üçün o, polis komissarlığından tutmuş onlarca vəzifə daşıyıb. Onun uğurlar siyahısında nələr yoxdur:

 - Onun rəhbərliyi altında ABŞ dünya siyasətində söz yiyəsi ola bilib;

 - O, Rusiya və Yaponiya arasındakı müharibənin dayandırılması və sülh müqaviləsi imzalanması işində başlıca fiqur olub və buna görə Nobel mükafatına layiq görülüb;

 - O, yüksək səviyyəli dəniz donanması yaradıb;

 - Panama kanalının tikintisinin təşəbbüskarı olub;

 - Bir neçə coğrafi məkanı kəşf edərək onların coğrafiya xəritəsinə düşməsinə səbəb olub. Təsəvvür edin, 1909-cu ildə prezidentlik müddəti bitəndə bu adam dərhal elmi ekspedisiyaya rəhbərlik edərək Afrika səyahətinə çıxıb.

O, ABŞ-ın çox az prezidentlərindəndir ki, hazırkı yerli əhali onu sevərək xatırlayır. Onun obrazına kütləvi mədəniyyət nümunələrində yazıçılar, rejissorlar, bəstəkarlar, rəssamlar səxavətlə yer ayırmaqdadır.

Ruzveltin dünyadan köçməsinin məhz yuxuda baş verməsinə o dövrdəki ABŞ vitse-prezidenti Marşal belə şərh vermişdi: «Ölüm onu yalnız yatdığı yerdə qamarlaya bildi. Çünki, əgər o oyaq olsaydı, heç vaxt təslim olmaz, döyüşə girərdi».

Bu da böyük şəxsiyyətin bəzi qiymətli kəlamları:

 - Yalnız heç nə eləməyən adam səhv etmir;

 - Daş ürəkdən pis ancaq maye beyin ola bilər;

 - İslahatların başında həmişə ağılsızlar dayanar;

 - Ən uğurlu siyasətçi odur ki, hamıdan çox və hamıdan bərk hamıya məlum şeyləri söyləyir;

 - Mən Amerika Birləşmiş ştatlarını da, qızım Eylisi də idarə edə bilərəm. Amma mən, bunların hər ikisini eyni vaxtda edə bilmərəm;

 - Siyasətdə eləmək lazım olmayan çox şeyləri eləmək lazım gəlir;

 - Sağlam bədən – bu əladır, sağlam ruh ondan da əladır. Amma həm insan üçün, həm də xalq üçün ən vacib olanı xarakterdir, kişini yaxşı kişi, qadını yaxşı qadın edən xüsusiyyətlərin cəmidir.

Və ən nəhayət, Teodor Ruzveltin bu kəlamını diqqətinizə yönəltmək istəyirik: «Əgər insan düzgün yaşayırsa və ondan asılı, ona bağlı adamlar məhz onun sayəsində daha yaxşı yaşayırlarsa, demək, həmin insan həyatında ən böyük uğura imza ata bilib».

Teodor Ruzveltin sizə söylədiyimiz bu tale, bu uğur hekayəti yüzlərlə liderlərə bir görk olub, nümunə olub. İnanırıq ki, əziz oxucu, bu hekayət sizə də güc verəcək!

Hətta buna əminik!

Və biz, əziz oxucu, sənə örnək olacaq, güc verəcək daha bir insan taleyi ilə tanışlığını arzulayırıq. Bu – dahi türk oğlu Mustafa Kamal Atatürkdür. Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu olan Atatürk birinci dünya müharibəsi zamanı əsl yenilməzliyin nə olmasını dörd tərəfdən toz dumanı kimi gələn, dişinə qədər silahlanmış ingilis və fransız qoşunları qarşısına çıxması, xeyli az saylı qəhrəman ruhlu türk əsgərləriylə birgə möhtəşəm qələbəyə nail olmasıyla sübut edib. Haqqında 379 əsər yazılan, dünyanın bütün ən nüfuzlu liderlər reytinqində yer alan, BMT-nin 1981-ci ili «Atatürk ili» elan etməsi şərəfinə layiq olan Mustafa Kamalın taleyi sübut edir ki, uğur hekayətləri adi qələmlə yazıldığı kimi, bəzən qızıl qələmlə də yazıla bilir.

Hər ehtimala qarşı Teodor Ruzveltin ingiliscə orijinalı «Do what you can, with what you have, where you are» olan həyat devizini bir daha təkrarlayırıq: «Nə bacarırsansa, onu əlində olanlarla və haradasansa, oradaca elə!»

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.