Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Kənd yerində toy zamanı mağardan istifadə olunur və bir növ burda səmimiyyət də toy əsnasında öz əksini tapır. Uşaqlar bəzən bir yerə toplaşır, o tərəf-bu tərəfə doğru qaçır, müxtəlif dəcəlliklər edirlər.
Bir dəfə uşaqkən qonşuda toyda idik. Uşaqlarla oynayır, ora-bura qaçırdıq. Toydan bir gün əvvəl qonşuya əqli cəhətdən problemi olan, loru dili ilə desək "dəli" biri də gəlmişdi. Onun təxmini 30-35 arası yaşı olardı.
Həmin adam toy zamanı mağarın içərisində oturmuş vəziyyətdə idi. Ətrafda olan uşaqlar mağarın arxa tərəfinə yığışıb, həmin adama daş, çubuq, ağac kimi şeylər atıb onu hirsləndirməyə başlayırdılar. Bu uşaq baxışlarından adi bir şeyə, əyləncəyə bənzəyirdi. Lakin heç də bu davranış qarşı tərəf üçün də eyni anlama gəlmirdi.
Uşaqlar bu davranışdan əl çəkmədikcə, həmin adam daha da əsəbləşirdi. Mən uşaqlara həmin an bunun heç də yaxşı hərəkət olmadığını və bunu eləməmələrini demişdim.
Uşaqlar isə sözümə qulaq asmır və etdikləri hərəkəti daha da təkrarlamağa başlayırdılar.
Mən onların yanında dayanıb hadisənin necə olacağını, necə bitəcəyini gözləyirdim. Doğrusu, bu, bir tərəfdən mənə də uşaq əyləncəsi kimi maraqlı gəlirdi. Nəhayət, həmin adam əsəbləşərək mağarın arxa tərəfinə gəlməyə başladı.
Uşaqların hərəsi bir tərəfə dağılışmağa, qaçıb gizlənməyə və ya qaçıb valideynlərinin yanına getməyə səmt götürdülər. Mənsə ortada heç nə olmamış kimi dayanmışdım. Uşaqlardan biri mənə də qaçıb gizlənməyimi dedi. Lakin mən qorxmaz, qürurlu şəkildə dedim:
-Əşi gəlsin də, gəlib nə edəcək ki?! Onsuz da mən etməmişəm, gələndə də deyəcəm ki, mən etməmişəm.
Nəysə, bu sözlərdən sonra uşaqlar gizlənmək üçün çıxıb getdilər. Amma, hadisənin necə olacağını gizlənsələr də kənardan izləyirdilər.
Nəhayət, həmin adam mağarın arxasına gəldi. Burda isə hər kəs qaçıb gizlənmişdi, ortada isə bir tək mən qalmışdım. Mən isə “gəlsə mənim etmədiyimi ona deyəcəm və o mənə heç nə etməyəcək” düşüncəsi ilə meydanda tək qalmışdım. Adam hirsli şəkildə üstümə tərəf gəlməyə başladı... Mənsə qorxudan söylədim:
-Əmi, mən eləməmişəm. Onları eləyən mən deyildim.
Sözlərini yenicə bitirmişdim ki, güllə kimi bir şillə sifətimə o ki var dəydi. Zərbənin təsirindən qulağım cingildəməyə başladı. Həmin adam getdikdən sonra uşaqlar tez gizləndikləri yerdən çıxıb ətrafıma toplaşdılar. "Gərək sən də gizlənəydin" dedilər. Mənsə bunun belə edəcəyini bilmədiyimi dedim. Nəysə, həmin şillədən 3 gün ərzində yemək yeməkdə çətinlik çəkmişdim. Həmin şillə mənə bir uşaqlıq xatirəsi olaraq qaldı.
Bəlkə, də bu hadisə uşaqkən mənə qalan bir uşaqlıq xatirəsi idi, amma bir tərəfdən həmin vəziyyət üçün yaranmış situasiya çox mənanı ifadə edirdi...
Bu günümüzdə də düz danışanı dinləməyənlər, susdurmağa çalışanlar, ağzından vuranlar, doğru fikrini yanıltmağa çalışanlar, düzü əyməyə çalışanlar və s. ləri yetəri qədərdi.
Nədənsə biz düz söz eşitməkdə bilərəkdən çətinlik çəkirik və bizə lazım olan əsas söz konsepsiyasından özümüz özümüzü məhrum edirik... Elə bil bizə yalançı, şişirdilmiş, gopa basılmış fikirlər daha çox xoş gəlir. Bəlkə də bizə elə "şillələr" çox dəyməlidir ki, yatdığımız bu qəflət yuxusundan ayıla bilək, amma qorxuram ki, ayılmaq yolunda bizə dəyəcək şillələrin sayından ayılmaq əvəzinə əbədi yuxuya gedək...
Necə deyərlər : "düz elə düzdə də qalır". Gəlin heç olmasa boşuna sərf etdiyimiz zamandan bir az da vicdanımızın səsini dinləməyə sərf edək və həqiqi düzün əlindən tutaraq "düzün düzdə qalmasına yox, düzün elə düz də" qalmasına şərait yaradaq!
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)