Şamil Ənvəroğlu: “İnsana ən çox ziyan verən onun öz sözünü demək lazım olduğu yerdə susması, çıxıb getmək lazım olduğu yerdə qalması, unudulmağa layiq olan kəsləri unutmamasıdır”
İstəkli oxucularımız. Bu cümədən etibarən sizə yeni rubrikamızı təqdim edirik. Bu gün xaotik həyat, məişət problemləri, internet asılılığı bizi o qədər robotlaşdırıb ki, fəlsəfi düşünmə qabiliyyətimiz sanki korşalıb. Amalımız bu qabiliyyəti itiləmək, işlək vəziyyətə gətirməkdir. Çünki bütün qapıların açarı rasional düşünməkdən yaranır.
Ülviyyə Əbülfətqızının aparacağı bu rubrika “Cümə günü Əbülfəzqızının "10 sualı" adlanır, yayımlanma zamanı hər cümə saat 14.30 olacaq və rubrikanın ilk qonağı çox sevilən Yaradıcımız- Şamil Ənvəroğludur.
Salam Şamil bəy. Xoş gördük, hazırsınızsa, keçək suallarımıza.
1) Nitsşe fəlsəfəsinə görə paxıllıq biz onu bələdçi kimi istifadə etdiyimiz müddətdə ziyansızdır. Sizcə, az da olsa, daxilimizdə paxıllıq hissi olmalıdırmı?
1. Nitsşe 1883-cü ildə yazmağa başladığı "Zərdüşt belə deyirdi" fəlsəfi əsərində "üst insan", "fövqəl insan" anlayışlarını elmə gətirərək qeyd edir ki, insanın üst insana çevrilməsi üçün mövcud dəyərləri və inanc sistemlərini öz həyatından silməsi gərəkdir.
Əvəzində isə, öz dəyərlərini, öz zövqünü, öz azadlığını və öz düşüncə tərzini yaratmalıdır. Və bu yolda acı çəkməkdən əsla çəkinməməli, hətta yaşadığı hər bir ağrı-acını həyatının əsas təkanverici qüvvəsi saymalıdır...
Mənim həyatıma yön verən üç böyük dahidən biri olan Nitsşenin paxıllıqla bağlı fikrini bir balaca dəyişərək sağlam rəqabət hissini ön plana çıxarmaq istərdim.
Mənə elə gəlir ki, sağlam rəqabət olan yerdə inkişaf da olacaq, dostluq da, səmimiyyət də...
Paxıllıq insanı içindən yeyən qurd kimidir.
"Paxıl insan artmaz" deyimi boşuna deyilməyib.
İstənilən halda, insanın bir başqasına və ya özünə ziyan verən hər hansı bir duyğusu varsa, bu hiss zamanla insanın mənəvi məhvinə gətirib çıxarır və insanı ruhu ölmüş bir quru bədənə çevirir.
Ona görə də, hər bir insana daşıya biləcəyi yükü, bacara biləcəyi işi, sevə və sevilə biləcəyi insanı, yaşaya biləcəyi həyatı arzu edirəm.
2) Şamil Ənvəroğlu " Anna Karenina "- ya nə söyləyərdi?
2. "Anna Karenina” romanı Lev Tolstoyun ən çox sevdiyim əsəri və bir çox yazarlar üçün dünya roman sənətinin ən yüksək zirvəsi hesab olunur. Dostoyevski bu romanı oxuyandan sonra o qədər təsirlənib ki, romanın müəllifi Tolstoyu "Sənətin Tanrısı" adlandırıb.
Əsər ali bir zümrədən olan parlaq hərbçi gənc Knyaz Vronski ilə adlı-sanlı dövlət məmurunun həyat yoldaşı Anna Kareninanın qadağan olunmuş məhəbbəti haqqındadır. Knyaz Vronski ilk baxışdan Anna Kareninaya vurulur və sərhəd tanımayan heyvani kişi ehtirası ilə onun arxasınca düşməyə başlayır, ta ki, ona tamamilə sahib olana qədər. Ailəsi, dostları və cəmiyyət əvvəlcə Vronskinin ərköyün meyillərinə hətta rəğbətlə baxırlar, sonra məsələnin ciddi olduğunu görəndə isə hamı səfərbər olub onu bu qara sevdadan çəkindirməyə çalışır. Vronski isə sevir, nəyin bahasına olursa olsun qadını ələ keçirməyə çalışır, ələ keçirəndən sonra isə, gözlənildiyi kimi ehtirasları soyuyur.
Anna Karenina isə ən sonda özünü qatarın altına ataraq intihar edir.
Mənə görə sevgi yolunda ölmək də şəhidlik sayılır. Ancaq baxır insan kimi sevir. Etdiyi bütün fədakarlıqlara dəymirsə, bir qədirbilməzi sevərək boşuna əzab çəkməyə dəyməz. Düzdür, sevgi gələndə xəbər etmir ki, bu insanı sevməyə dəyər, ya dəyməz. İnsan sevəndə ürəyin ritmi artdıqca, beynin düşünmə funksiyası azalır.
Sevən insan üçün sadəcə O var. O isə çox vaxt dəymir böyük bir sevgiyə. Elə Annanın sevgisi kimi. Annaya sevə bildiyi üçün böyük təşəkkürlər, sevgisinə layiq olmayanı sevdiyinə görə isə böyük iradım var.
Ancaq bütün hallarda SEVGİYƏ və SEVƏ BİLƏN insanlara sonsuz sayğım var.
Yaşasın QARŞILIQLI SEVGİ!
3) İkiyə bölünmüş qadın görürəm,
Bir üzü anatək gülür uşaqla.
Bir üzü qadıntək çürüyüb gedir.
( Şamil Ənvəroğlu)
Ən " qlobal " problemlərdən biri də ailədə kişi və qadının bir-birini anlamamasıdır. Bu cür cütlüklərə Şamil Ənvəroğlu nə tövsiyə edərdi?
3. Bizim cəmiyyətdə əsl qadın olmaq da böyük məsuliyyətdir, əsl kişi olmaq da.
Hətta qadın kimi qadınlığını və kişi kimi kişiliyini qoruya bilmək indiki dövrdə ən böyük qəhrəmanlıqdır. Bu ölkədə bir qadının eyni şəkildə həm öz evinin xanımı kimi, həm də uşaqlarının anası kimi xoşbəxt olması çox çətin məsələdir.
Biri olanda, o birisi olmur. Ya da mühit insanı yoğurub elə bir hala salır ki, bir vaxt başqasında görüb qınadığı həyatı müəyyən zaman sonra özü yaşamış olur.
Yuxarıda sizin bizim şeirdən sitat gətirdiyiniz cümlələr bu cəmiyyətin acı reallığıdır, çox təəssüflər olsun ki.
Məncə, sevgidən ötə bir duyğu var ki, onun da adı ANLAYIŞDIR.
Bəzən elə düşünürlər ki, insan sevəndə həm də anlaya bilir. Doğru yanaşma deyil.
Çünki sevən insan sadəcə güzəşt edir və bu güzəşt də bir yerə qədər, bir vaxta qədər olur.
ANLAYIŞ isə bir-birilərinə uyğun insanların bacardığı işdir.
Zövqdə, dünyagörüşdə, təhsildə, mədəniyyətdə, əxlaqda uyğunluq varsa, o insanlar bir-birini hər zaman anlayacaqlar.
Ona görə də, ANLAYIŞLI insan axtarmaqdan öncə özünə uyğun insan axtarmalıdır insan.
Bütün haqq edən xanımlarımıza doğru insanla, doğru zamanda və doğru məkanda xoşbəxt olmağı və sevgi dolu, sayğı dolu bir ömür yaşamağı arzu edirəm!
4)Aristofana görə :
" Qısa ağlın uzun dili var."
Siz qısa ağılla dastan söyləyənlərə 1 cümlə ilə nə söyləyərdiniz?
4. Atalardan qiymətli bir məsəl var,
Boş qab kimi cingildəmə, ağır ol.
Boş-boş danışmaqdan söylə, nə çıxar?
Çalış, düzlük zirvəsinə cığır ol.
"Çox danışanın yalanı çox olar" deyiblər.
Əsas odur ki, sözü SÖZ qanana deyib,
yaxşılığı da yaxşılığı anlayana edəsən.
5)" Ağatlı oğlan" nağıllarına inanıb "qara güllü don" geyinən xanımlara və mələkqanadlı görünüb iblisxislətli ailənin müqəddəsliyinə haram qatan “qadınlara" nə söyləmək istəyərdiniz?
5. Bir dəfə bir jurnalist dostumuz mənə sual vermişdi ki, sizə görə ən dəyərli xanım hansı xüsusiyyətləri daşıyan xanımdır.
Cavabım isə belə olmuşdu ki, mənə görə ən dəyərli qadın ən əlçatmazda olan qadındır.
"Şirin" yalanlara inanmaq təkcə saflıq deyil, həm də insanın travmalarından yaranan acizlik hissidir.
İnsanı uçuruma təkcə avamlığı aparmır. Bəzən insan öz insanlığının qurbanına çevrilir.
Dəyərsizə inanıb inancını,
qədirbilməzə güvənib güvənini,
bir axmağı sevib də sevgisini itirir...
Təsadüfi deyil ki, sosial şəbəkələrdə tez-tez paylaşdığım bir fikir var: ən gözəl təriflər ən çirkin maraqlardan doğar.
Əgər insan özünü tanıyırsa, ona deyilən tərifin də, tənqidin də nə olduğunu anındaca hiss edir.
Özümüzü yaxşı tanıya bilsək,
nə istədiyimizi dəqiq müəyyən edə bilsək, bizi kimsə öz yalanları ilə aldada bilməz.
6) Ziqmund Freydə görə: "Boğduğumuz hisslər ölmür. Həmin hisslər insanın içində böyüyərək ona zərər verməyə başlayır."
Şamil Ənvəroğluna zərər verən hisslər varmı, yoxsa, onun beyni əmri bir dəfə verir?
6. Psixologiya elminin üç böyük dahilərindən (digər ikisi Alfred Adler və Karl Qustav Yunqdur) biri olan Ziqmund Freyd onu da deyir ki,
"bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyərsən.
Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə də xoşbəxt olacağını bilə bilməzsən".
İnsan elə bir canlıdır ki, çox vaxt sahib olduqlarının nankoruna çevrilir.
İtirəndən sonra da başlayır ağlayıb-sızlamağa.
Bəlkə də, insana ən çox zərər verən insan elə onun özüdür. Özündən dəyərli bildiyinin yanında dəyərsiz olması, özündən çox sevdiyinin əlində oyuncağa çevrilməsi, özünü unudub da bir başqasını düşünməsi insanın özünə qarşı etdiyi ən böyük xəyanətdir.
Təsadüfi deyil ki, məşhur yazıçı Bukovski deyirdi:
"Dava olmasın deyə susduğum zamanlar,
qarşımdakı qırılmasın deyə udduğum sözlər və itirməmək üçün altdan aldığım insanlar oldu.
Amma indi başa düşürəm ki,
bəzi davalar olmalıydı,
bəzi qəlblər qırılmalıydı,
bəzi insanlar da itirilməliydi.
Davamlı olaraq güzəştə gedəndə səni ciddi qəbul etmirlər".
Ümumiyyətlə, insan həmişə basdırdığı duyğunun əsirinə çevrilir. Necə ki ən çox qorxduğu hadisə öz başına gəldiyi kimi...
İnsana ən çox ziyan verən onun öz sözünü demək lazım olduğu yerdə susması,
çıxıb getmək lazım olduğu yerdə qalması,
unudulmağa layiq olan kəsləri unutmamasıdır.
Ona görə də, hər kəsə öz haqq etdiyi dəyəri verib, hər kəslə də öz dilində danışmaq lazımdır ki, səni ANLAYA bilsin.
7) Bir ovuc kül idin, ocağın oldum,
Üşüyən ruhunun qucağı oldum.
Ömrünün ən şirin, xoş çağı oldum,
Özüm öz qədrimi bilib gedirəm.
(Şamil Ənvəroğlu)
Ömüryeyənlər ömür yollarında özlərinə oxşayan "acgözlərlə" rastlaşanda "yedikləri ömrü" xatırlayırlarmı?
7. Sağalmayan yaralar var,
ya gülüşündə gizlədərsən kimsə bilməsin deyə,
ya da dərin bir səssizliyində...
Elə bir dövrdə və elə bir cəmiyyətdə yaşayırıq ki, ətrafımız "ümid qatilləri" ilə doludur.
Bəlkə də, ən böyük cinayət kiminsə arzularını və ümidlərini qətl etməkdir ki, bunun da cinayət məcəlləsində heç bir cəzası filan yoxdur. Ona görə də, cəzasızlıq mühitində "ömür yeyənlər" də artıb, "ümid öldürənlər" də...
Elə bunları görərək yazmışdıq bir zamanlar bu şeiri:
Yanımızda dolaşır neçə ümiddən yetim,
neçə ürəyi varlı,
neçə həyatı yoxsul...
Bəlkə də, qarğış kimi səslənir neçəsinə
dediyimiz :
"çox yaşa, uzun ömür və var ol !".
Sınıq ürəklər gəzir bəzəkli küçələrdə,
baxışlardan oxunur :
"əl vurmayın tökülər !".
Çiliklənmiş ümidin bir az da qüruru var,
Bir səbəb də taparlar :
"düşmən bilib sevinər !"...
Neçə gözün içində bir əyri xətt cümlə var,
bu gözlərə baxmayın :
"girişi qadağandır !".
Sabahları bir məchul,
lap həll edə bilsən də,
Cavabı alınacaq :
"yaşamaq qadağandır !"...
8) Dəyərli Yazar və məntiq müəllimi, Məntiq və Ədəbiyyat hansı sərhəddə toqquşur?
8. Ədəbiyyat və Məntiq...
Ədəbiyyat sözlərlə ürəyin rəsmini çəkir,
Məntiq isə düsturlarla beyinin...
Ədəbiyyat duyğuların ritmik dilidir, Məntiq isə dərin zəkalı ağılın...
Ədəbiyyat səssizliyin hayqırışla harmoniyasıdır, Məntiq isə düşüncənin gerçəkliklə...
Ədəbiyyat xəyal və arzuların qanadlandığı vakumdur, Məntiq isə riyazi hesablamanın vərdişlə birlikdə sığındığı məkan...
Ədəbiyyat sonsuzluğun elmidir, Məntiq isə reallığın əks-sədası...
Və məntiqsız ədəbiyyat olmur, ədəbiyyatsız da insan İNSAN olmur.
9) Aristotel poeziyanın ümumidən, tarixin isə xüsusidən bəhs etdiyini bildirərək, poeziyanı daha üstün qəbul edib. Bəs Şamil Ənvəroğlu poeziyaya hansı tərifi verərdi?
9. Poeziya ruhun çırpınışı,
ürəyin döyüntüsü,
duyğuların var olma şəklidir...
Ədəbiyyatı böyük bir limana bənzətsək, poeziya bizi o limana aparan,
dalğaların qoynunda bizi atıb-tutan bir gəmidir.
Bu gəminin kapitanı isə ÜMİDDİR.
10) Şamil Ənvəroğlu bir şeir olsaydı, son misrası necə bitərdi?
10. İcazənizlə, bu suala şeirlə cavab vermək istəyirəm...
Ömrün ən çox sabahını,
aydınlığı, nuru sevdim.
Sevəndə də insan kimi,
tərtəmiz, dumduru sevdim.
Açdım qollarımı yana,
sarıldım sevgi dünyama,
daldım ən dərin ümmana,
bir əlçatmaz ruhu sevdim.
İçin-için ağlayanda,
yoxluqlara sarılanda,
insanlardan dərd alanda,
səssiz tənhalığı sevdim.
Üsyan etdim saxtalara,
Ruhu, qəlbi taxtalara,
Şərəfindən axtalara,
İNSAN olan kəsi sevdim.
Nifrət etdim bu zamana,
Bizi ağrıdan dövrana,
Gülmədim şirin yalana,
Bir ağladan düzü sevdim.
Darıxanda sözə döndüm,
Üşüyəndə közə döndüm,
Eşqdə "MƏN" yox, "BİZ"ə döndüm,
Uzaqdan bir qızı sevdim.
Ay dostlarım, yüz yaşayın,
Bu həyatı düz yaşayın,
Mən ölsəm də, SİZ yaşayın,
Bir ömürlük SİZİ sevdim...
Yəni ki, son misra - SEVDİM!!!
P.S. Şamil bəy, rubrikamızın qonağı olduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm, dəyərli Yaradıcımız, yaradıcılığınızda Sizə bol uğurlar arzu edirik.
Ümidliyəm, Əbülfəzqızı sualları ilə Sizi yormadı və ən çox bəyəndiyiniz sual hansı oldu?
-Bütün suallarınızı sevdim və bu gözəl suallara görə Sizə sonsuz təşəkkürlər, dəyərli Ülviyyə xanım!
Həm Sizə, həm də bütün redaksiya heyətinə öz dərin minnətdarlığımı bildirirəm.
Sizlərə və oxucularımıza sağlıqlı ömür, sevgi və sayğı dolu həyat arzu edirəm!
“Ədəbiyyat və incəsənət”
(08.09.2023)