Erhan Özdemir, Türkiyə - xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün
Xoş gördük oxucu... Xoş gördük…
Yaradanın qadına vermiş olduğu gözəl və mənalı xüsusiyyət, qabiliyyətlərdən biri də Ana olmaqdır. Qız övladlarımız müəyyən yaşdan sonra özlərini dərketmə, tanıma, anlama dövrünə keçid edirlər. Bu dövrdə də özlərindən böyük cəmiyyət üzvləri, eyni zamanda öz ailələri tərəfindən müəyyən vərdiş və inanclara öyrəşdirilirlər. Öz iradələriylə olmadan beyinlərinə yeridilmiş düşüncəylə və də çox zaman məcburiyyətlə, psixoloji təzyiqlə istəmədikləri bir həyata sürüklənirlər.
Hörmətli ağsaqqal, ağbirçəklər, bu o demək deyil ki, onlar yenityetmə çağlarında və də hansısa mənsub olduqları dini inanc, mühit və ailə qanunlarına görə bu yaşlarında "gəlin"ola bilər, kiməsə satıla, hədiyyə oluna, ya da ailə qura bilərlər.
Qızlar yaradılışlarına görə psixoloji olaraq oğlanlardan daha tez olgunlaşırlar. Bu da onları analıq, şəxsi mühitə sahib çıxma hissinə refleks olaraq daha da vicdanlı edir.
Oğlanların bu cəmiyyətdə hər şey edə bilər düşüncəsiylə böyüdülməsi qızlarımızı çox çətin vəziyyətə salır. Onlar uşaq yaşlarından hər cür həyat çətinliyi ilə boğuşmaq məcburiyyətində qalırlar. Buna görə də qızlar, qadınlar vaxtından öncə həyata qarşı məsuliyyət hiss edir və görünməyən yükləri mənimsəyirlər, mənimsəmək məcburiyyətində qalırlar. Cəmiyyətin birliyi ilə bizlər bunu edirik.
Qadın olmaq asan iş deyil. Bizim cəmiyyətdə qadın olaraq yaşamaq üçün həm əsrlər boyu sənə yüklənən vəzifələri yerinə yetirməlisən, həm də öz adına, yoldaşının, ya da atanın soyadına ləkə gətirməməlisən. Lakin bu vəziyyətlərin heç biri oğlan uşaqlarına şamil edilmir. Onlara vəzifə olaraq yüklənmir, aşılanmır. Onlar bu ağırlığın altında qalmırlar. Ona görə də rahat və uşaq ruhlu olurlar. Ərköyün olur və heçnəyin qorxusunu çəkmirlər. Oğlanların sevgilisi olanda dostlar arasında lovğalanırlar. Lakin özlərinin də evində qız, qadın yaşadığını, onları da bir Ananın, bir qadının dünyaya gətirdiyini unudurlar və ailələrindəki xanımların da həyatında sevgilisi, dostu, yoldaşı olmasını qəbul etmir, özlərinə sığışdırmır, hətta bu düşüncəyə belə hiddətlənirlər.
Qadınları hər zaman kimlərdənsə qorumaq lazımdır fikri insanların şüuraltısına yeridilib. Lakin qadınları qorumağa ehtiyac yoxdur. Onlar özləri özlərini qoruyar. Qadını kimdən, nədən qorumaq lazımdır ki? Hər kəs özünə hörmət etsə, öz əməlinə fikir versə, heç kimin heç kimi qorumağa ehtiyacı qalmaz.
Biz kişilərin xarakterlərinin yetərsizliyindən, qadınlarda yaratdığımız güvənsizlikdəndir ki, qadınlar bir şeyləri etmək, bacarmaq, karyera qurmaq, öz ayaqları üzərində dayanmaqdan çəkinirlər. Bu real bir faktdır. Bu mövzunu oturub diqqətlə sorğulamaq və bu gerçəkliklə üzləşmək lazımdır.
Qadınlar karyera qurmaq istədikdə bizlər onlara yuxardan aşağı baxırıq. Onları maddi, mənəvi incidir, yoluna daş qoyuruq. Kömək etmək bir tərəfə qalsın, kömək edənləri də danlayır, ələ salır, özümüzdən uzaqlaşdırırıq.
Alber Kamü da dediyi kimi, bir ölkəni tanımaq istəyirsinizsə, o ölkədə qadınların necə öldüyünə baxın.
(Dilimizə uyğunlaşdırdı: Matruska JK)
“Ədəbiyyat və incəsənət”
(06.09.2023)