Taleyinə böyük missiya, həyatına yarımçıq ömür yazılmış Aygün Vəkilova Featured

“Ədəbiyyat və incəsənət” portalı Fizika elmləri doktoru, dosent Yusif Alıyevin yazısını təqdim edir

 

 

Orta məktəbin dördüncü sinfində oxuyurdum. Novruz bayramının təntənəsini yaşayan kənd sakinləri üçün əlavə bir bayram da dahi Azərbaycan şairi Səməd Vurğunun anadan olduğu gün idi. Hər il olduğu kimi bu il də dahi Vurğunun doğum günü Qazaxda, doğma kəndi Yuxarı Salahlıda böyük təntənə ilə qeyd olunurdu. Salahlılar üçün bu bayramın xüsusi özəlliklərindən biri də məhz hər il Səməd Vurğun adına Poeziya evində təşkil edilən ümumrespublika səviyyəli Vurğun gününün keçirilməsi idi. Həmin gün Respublikanın və keçmiş SSRİ-nin tanınmış şair, yazıçı, sənət insanlarını, dövlət xadimlərini və digər təşrif buyurub gələn insanları görməyə el axışıb gələrdi... 

...Axşamdan mən də Poeziya evinə getməyə hazırlaşırdım. Amma səhər tezdən atamın örüşə yeni çıxan quzularımızı qardaşımla birgə aparıb Kür çayının sahilində otarmağı tapşırması bütün arzularımı az qala məhv edəcəkdi. Tapşırığa qarşı bir söz deyə bilməsəm də plan axtarmağa çalışdım. Tez qaçıb axşamdan səliqə ilə stolun başına asdığım məktəb şalvarımı, köynəyimi və tər-təmiz təmizlədiyim ayaqqabılarımı gizlincə götürdüm. Yemək qoyulmuş çantanı boşaldıb paltarlarımı və ayaqqabılarımı ora qoydum. Quzuları qova-qova tez örüşə apardıq və otarmağı balaca qardaşıma tapşırıb yaxınlıqdakı “qırmızı ev”ə gedib əynimi dəyişdim. Sonra gizlin yollarla qaçıb Poeziya evinə çatdım. İnsan izdihamından iynə atsan yerə düşməzdi. Artıq qonaqlar gəlmişdi. Dahi rus şairi Puşkinin nəticəsi Qriqoriy Puşkin də Vurğunun yurdunda qonaq idi. Tribunada İsmayıl Şıxlı danışırdı. Mərhum atam İmrayıl müəllimin də çıxışı olacaqdır deyə o da məruzəçilər sırasında dayanmışdı. Atam məni görməsin deyə, qorxudan camaatın arasından xəlvətcə sivişib Poeziya evinə girdim. Səməd Vurğunun ruhu dolaşan bu məkanı ziyarət etməkdən doymadığımızdan, yenə də onun şəkillərinə, kitablarına və şəxsi əşyalarına diqqətlə baxırdım.... 

... – Səməd Vurğunu çoxmu sevirsən? Anidən verilən sualın mənə ünvanlandığını hiss edərək arxaya döndüm. Hündür boylu, gülər üzlü, xoş təbəssümlü bir xanımın mənə baxdığını gördüm. 

– Bəli! Səməd Vurğunu bizim kənddə hamı sevir. O hamımızın doğmasıdır.

– Onun hansı şeirini bilirsən?

– Çox şeirini bilirəm.

–Ən çox sevdiyin şeirdən bir bənd deyə bilərsənmi?

Mərhum əmimin lap kiçik yaşlarımdan əzbərlətdiyi

Vətən yurdu, doğma ocaq! Bəxtiyar insan!

Sənin qartal qanadınla mən uçacağam.

Həyat üçün doğulmuşam yaranışımdan,

Şeir, sənət aləminə nur saçacağam! - 

şeirini ilhamla söylədim. Şeiri bitirən kimi həmin xanım məni qucaqlayıb üzümdən öpüb: – Halal olsun sənə, gəl bu şeiri hamının qarşısında tribunada de. Səni anamla da tanış edəcəm - dedi, əlimdən tutub binadan çıxdıq. 

Çöldə yaşlı bir şairlə söhbət edən zabitəli xanıma yaxınlaşaraq dedi:

– Ana, bilirsən bu uşaq nədir?

– Nə olub, qızım? Nə edib?

– Səməd Vurğundan bir şeir dedi ki, mat qaldım. İndi istəyirəm tribunada oxusun.

– Ay oğul de görüm hansı şeirdi dediyin. Mənə danış sonra gedib, tribunada deyərsən.

Bayaq söylədiyim şeiri bir də söylədim. Həmin xanım məni dinlədikdən sonra: – Pis demir, apar Tofiq müəllimə təqdim et, - söylədi. 

Bu sözləri dedikdən sonra həmin gülərüz xanım məni birbaşa səhnəyə tərəf aparırdı. Amma qara qorxu canımı almışdı. Atama görə tribunaya getməkdən çox qorxurdum. Çünki atam məni quzu otarmağa göndərdiyindən, bura icazəsiz gəldiyimi bilər və sonra məni cəzalandırardı. Ona görə də qorxudan dartınıb xahiş etdim ki, “məni ora aparmayın”. Utandığımı düşünərək gülümsəyib, üzümün ətini barmaqları arasında yüngülcə sıxaraq dedi:

– Yaxşı, deyəsən utanırsan. Amma şeiri desən yaxşı olardı. Hamının xoşuna gələrdi. Heyif!

Həmin şirindil, nəzakətli xanımdan aralanan kimi, birbaşa gəldiyim yolla da quzuların yanına getdim. Bu xanımın kim olduğunu bir neçə il bilmədim. Əlamətlərini kimə söyləyirdimsə, hərə bir ad deyirdi. Atamdan isə soruşmağa cürət etmirdim. Bir neçə il sonra dayım bizə, atama aid olan bir neçə fotoşəkil gətirdi. Şəkillərə baxan kimi üç il öncə mənimlə ünsiyyət quran o gülərüz xanımı tanıyıb atamdan soruşdum:

– Dədə, bu xanım kimdir?

– Aygündür, Səməd Vurğunun nəvəsi, Aybəniz xanımın qızı.

– Nəyə görə soruşdun ki, ay oğul? Tanıyırsan?

– Yox, elə belə soruşdum.

Öz-özümə düşündüm ki, demək ki, çöldə şeir danışdığım o zabitəli xanım da Aybəniz xanım imiş...

İllər sonra tələbə oldum və Bakıya gəldim. Bir gün ilk dəfə dahi Səməd Vurğunun Ev muzeyinə getmişdim. Qonaq otağında ayaq üstə dayanmış iki xanımı tanıdım: Aybəniz Vəkilova və Aygün Vəkilova idilər. Onların məni tanımasını öyrənmək üçün o vaxt söylədiyim həmin bir bənd şeiri intonasiyalı şəkildə dedim. Aybəniz xanım heç nəyin fərqində olmadan: “Sağ ol, ay oğul, səsinlə yaman kövrəltdin məni”, - desə də yanında dayanan Aygün xanım şeirin fərqində idi. Sifət ifadəsi dəyişərək, sanki üzündən də sezmək olurdu ki, xəyal onu 10 il öncəyə aparmışdı. 

Birdən: – Aaaa, dayan, dayan, yoxsa sən o vaxt Salahlıda Poeziya evində bu şeiri deyən balaca qara oğlansan?! – soruşdu. 

-Bəli, mənəm! Yusif İmrayıl oğlu. 

Balaca uşaq kimi boynumu qucaqlayıb üzümdən öpərək gözləri yaşaran Aygün xanımla tanışlığımız buradan başladı...

Hər dəfə Səməd Vurğunla bağlı istənilən bir müzakirə olardısa hökmən mənim fikrimi öyrənmək üçün zəng edərdi. Məlahətli səsi, nəzakətli danışığı, məntiqli sualları ilə mənimlə qısa bir polemika aparardı. Məsələyə özü istədiyi kimi aydınlıq gəldikdən sonra: “Arada görsən, gəl-get buralara” deyərək sağollaşardıq.

Həmişə yazdığım yeni məqalələri göndərərdim oxuyardı. Gərgin anlarında, amansız xəstəlikdən ağrıyan vaxtlarında şirin Qazax ləhcəsi ilə lətifələr danışıb güldürərdim onu. Amma o, üzdən gülərdi, sadəcə... 

Dəfələrlə muzeyə gedərkən yaraşıqlı oğlu, anadangəlmə fitri istedada malik Vurğun Vəkilovun royal arxasındakı ifasına qulaq asmaqdan doymazdıq.

Oğlanlarım Nadirlə Atabəyi muzeyə apararkən onlara: “Bax siz də böyüyəndə Vurğun kimi oğul olun”, - deyərdi.

Heyif ki, həyatını həsr etdiyi Vurğunun möhtəşəm uğurlarının davamını görmədi. Qısa zaman kəsiyində münasibətimiz olsa da bir ömür boyu danışılacaq xatirələri yaşayır yaddaşımda.

Bir gün dəyərli elqızım Dürdanə xanım Vəkilova Səməd Vurğun irsinin öyrənilməsi və təbliği ilə bağlı yazdığım bütün yazıları, məqalələri və sosial şəbəkələrdəki status və rəyləri bir yerə toplayaraq Aygün xanıma təqdim edir. Aygün xanım da bundan çox sevinərək niyə bu haqda gec xəbər tutduğuna görə özünü qınayır. Elə həmin il, 2013-cü ildə mənə Səməd Vurğun Fondu adından “Səməd Vurğun mükafatı”nı təqdim etdi. Həyatımın ən dəyərli təqdimatı oldu, Səməd Vurğun mükafatı laureatı olmaq…

Aygün xanım çox böyük sevgi və məhəbbətlə bu mükafatı mənə təqdim edərkən: “Yusif, bu mükafat elə belə mükafat deyil. Gərək sona kimi daim Səməd Vurğun dünyasında olasan. İnşallah, səninlə birgə çox layihələr həyata keçirəcəm”, – dedi. Amma sən saydığını say, gör fələk nə sayır...

Taleyinə böyük missiya, həyatına isə yarımçıq ömür yazılmış Aygün xanımı 2015-ci ilin yazında qəfil ölüm bizdən alıb apardı. Bütün hər şey başladığı yerdə donub qaldı...

Məkanın cənnət olsun, əziz bacım, dəyərli insan, sevimli dost!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.