Gəncliyini gənclərin gələcəyinə qurban verib yaşa dolan Ustad Featured

ŞƏMİL SADİQİN 45 İLLİYİNƏ

 

 

Yusif Alıyev, “Ədəbiyyat və incəsənət” üçün

 

Ötən gün Oğuz elində xoş bir gün idi. Milli ətirli, dünya sevdalı, türk biçimli, göy istəkli, qurd talismanlı Şamil Sadiqin doğum günüydü. 

 

Şəmil Nehrəmdə Kamil müəllimin ailəsində doğulsa da bu müdrik ağsaqqalın fiziki oğlu olub. Tərbiyəsi, əxlaqı, xeyirxahlığı, savadı, biliyi ilə hamı ona mənəvi övlad sevgisi ilə baxıb. 

Şəmil müəllimi tələbəçilikdən tanıyıram. Onu tanıdığım 25 il müddət ərzində onu daha çox adam tanıyıb, lakin hər tanışlığın tarixini özündə yaşadan dəyər toplusu kimi dəyişmədən yaşayıb Şəmil əkə.

Şəmil qağa harada olubsa qısa müddət sonra orada ağılı, bacarığı ilə ilklərdən olub və heç zaman da ora dönük çıxmayıb. Bunun səbəbini bilmək üçün rəml atıb, fala baxmaq lazım deyil. "Şamil Kamil Sadiq" üçlüyünə baxıb şamil mənasının aid olmaq, sahiblənmək, kamil sözünün nöqsansız, bitkin, sadiq kəlməsinin isə sədaqətli, vəfalı olmaq mənaları üzərində sinergetik təhlil aparsaq görərik ki, bu 3 adın hər biri elə Şəmil Kamil oğlu Sadiqi xarakterizə edir.

Şamil Sadiq, 45 yaşın mübarək!

Səni tanıdığım 25 il ərzində çox şey dəyişmisən, özün dəyişməsən də. Saç-saqqalı ağartdın, çox vərdişlərdən uzaq durub çox-çox işlər gördün. Gəncliyini gənclərin gələcəyinə qurban verib yaşa doldun. Dahi Səməd Vurğun sayağı ağarmış saçlarına baxıb Şəmil qocalır deyəndə cavabın belə olur, biixtiyar:

 

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlki tək.

Saç ağardı, ancaq nə qəm!

Əlimdədir hələ qələm…

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də Vətən:

-Şair, nə tez qocaldın sən!

 

Elə biz də sənə sonsuz Vətən və ailə sevgisi arzu edirik. Səni 45 illik şərəfli ömür yolu keçmən münasibətilə ürəkdən təbrik edir, bu ömrün qədər də şərəfli, sağlam, həyata şamil, ömrə kamil, vətənə sadiq ömür arzu edirəm. Arzu edirəm ki, Nehrəmin dar küçələrində ayağına hopmuş o bərəkətli torpağın tozu daim sənin immun sistemində olsun.

Oğlun, qızın bəxtiyar olsun.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.