Biz onu milli azadlıq hərəkatından tanıdıq Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Haqqında söhbət açmaq istədiyim Yadigar Məmmədli Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndə 22 yaşında idi. Gənc jurnalist kimi, əmək fəaliyyətinə Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyinin radio verilişləri redaksiyasının redktoru kimi başlayıb. Və qırx ilə yaxın mətbuatda çalışıb. Azərbaycanda mətbuatın inkişafında rolu var, özünəməxsus iz buraxıb. Xidməti dövlətimiz tərəfindən mükafatlandırılıb, “Tərəqqi” medalına layiq görülüb. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri vəzifəsində çalışır...

 

Deyir ki,- "Mən jurnalist kimi fəaliyyətə başladığım illərdə meydan hərəkatı var idi. Bu yolda hər kəs öz qabiliyyətini ortaya qoymağa çalışırdı. Vətən sevgisi, milli kimlik, müstəqillik məsələləri çox önəmli idi. Həmin dövdrə bəzi insanlar öz peşəsindən uzaqlaşıb siyasətçi oldular. Zorən siyasətçi. Çox şükür ki, mən siyasətçi kimi yox, öz peşəmlə tanındım, jurnalist kimi fəaliyyətimi davam etdirdim. Nə etdimsə, jurnalist kimi etdim. Cəmiyyətdəki mövqeyimi, insanların mənə qarşı müsbət fikirlərini məhz jurnalist kimi qazanmışam. Düşünürəm ki, bəlkə başqa sahədə olsaydım, bu qədər tanınmazdım. Jurnalistika mənə çox şey verdi. Təbii ki, mən də jurnalistikada müəyyən işlər görməyə çalışdım, bunun üçün mücadilə apardım. Ortada görülən işlər var. Düzdür, fəaliyyət göstərdiyim jurnalistika sahəsində də bir çox problemlərlə, çətinliklərlə qarşılaşmışam. Həbs olunmuşam. Amma heç zaman usanmamışam, məqsədimdən, düz yolumdan dönməmişəm. Jurnalist kimi fəaliyyətimi davam etdirmişəm, gördüyüm işlər və nailiyyətlərimlə fəxr edirəm..."

 

Jurnalist işlədiyi müddətdə başına maraqlı hadisələr çox gəlib. 90-cı illərdə həbsdən yenicə azad olunanda, bir gün işlədiyi redaksiyada ona deyirlər ki, səni İngiltərə səfirliyinə vacib bir iş üçün çağırırlar. Əvvəlcə elə düşünüb ki, onunla zarafat edirlər. Növbəti dəfə zəng gələndən, səfirliyin nümayəndəsi ilə danışandan sonra inanıb ki, həqiqətən də onu İspaniyanın ölkəmizdəki səfiri iqamətgahına dəvət edir. O vaxt İspaniya ilə diplomatik əlaqələrimiz İngiltərə səfirliyi vasitəsilə həyata keçirilirdi. Səfir bildirib ki, İspaniya vətəndaşı olan bir azərbaycanlı ona məktub yazıb. Soyadı Yadigarovdur. Məktubda yazılmışdı: "Bəlkə də biz qohumuq. Mən sənin həbs olunmağından çox pis olmuşam. Səni İspaniyaya dəvət edirəm". O da birtəhər səfiri başa salıb ki, soyadı yox, adı Yadigardır...

 

“Mən öz missiyamı həyata keçirmək üçün uzun bir yol keçmişəm. Bundan sonra qarşıya qoyduğum hədəflərim bu günədək gəldiyim yolun davamıdır. Yarımçıq qalan işlərimi tamamlamaq istəyirəm. Jurnalistika sahəsi ilə bağlı arzularım çoxdur. İstəyirəm ki, ölkədə aparılan köklü islahatlar kimi, media sahəsində mövcud olan problemlər də tədricən həllini tapsın, aradan qalxsın. Jurnalistikadakı peşəkar insanlara geniş imkanlar yaradılsın."- söyləyir...

 

Sevincli günlərilə yanaşı dərdli, qəmli, günləri də olub. Heç zaman sınmayıb, müvazinətini itirməyib. Əksinə, taleyi ona müqavimət göstərdikcə bərkiyib, polad kimi sərt olub...

 

Deyir ki,- “Mən atamı erkən gəncliyimdən itirmişəm. O, 56 yaşında dünyasını dəyişib. Mən o zaman elə fikriləşirdim ki, atam qocalıqdan rəhmətə gedib. Görüntüsü elə idi. Amma indi özüm ondan daha yaşlıyam və baxıb görürəm ki, o, çox erkən dünyasını dəyişib. Atamdan sonra ən böyük itkim kiçik qardaşımın 30 yaşında yol qəzasında həlak olması oldu. Qardaşım Qamət hərbçi idi. Akademiyanı bitirdikdən sonra ön cəbhədə zabit kimi xidmət edib. Çox çətinliklərdən, ağır vəziyyətlərdən çıxıb. Təəssüf ki, adi bir yol-nəqliyyat hadisəsindən dünyasını dəyişdi. Onun ölümü taleyin bir istehzası idi elə bil, uzun illər düşmənlə üz-üzə qalıb sağ çıxasan, burnun da qanamaya, amma adi qəzada avtomobildəki 4 nəfərdən hamı sağ qala, sən isə öləsən...

Bəli, ötən 61 ilim kəşməkeşli olub. Narahat, amma mənalı ömür yaşamışam. Təskinliyim də ondadır ki, bu həyatı mən özüm seçmişəm, buna düçar olmamışam. Gileyli də deyiləm. Milli hərəkata gizli dövrlərindən, gənc yaşlarımdan qoşulmuşam. 1980-ci ildən isə jurnalist olaraq ardıcıl fəaliyyət göstərmişəm. Sovet dövründə, hər şeyin qadağan olunduğu bir dövrdə mən evimdə "samizdat" qəzet çıxarmışam. Sonra qəzet redaktoru olaraq fəaliyyətimi davam etdirmişəm. "Cümhuriyyət" qəzetinin baş redaktoru olmuşam. Uzun müddət AXC İnformasiya Mərkəzinin direktoru vəzifəsində işləmişəm. Bu illərdə mənim fəaliyyətim sırf jurnalistika ilə bağlı olub. Bu da məni çox sevindirir, daim öz peşəmlə cəmiyyətə töhfə verməyə çalışmışam. Nə dərəcədə bu işin öhdəsindən gəlmişəm, alınıb, ya alınmayıb, bunu artıq ətrafımda, hadisələrə şahidlik edən insanlar deyə bilərlər..."

 

Sadə, təvazökar, zəhmətkeş insandır. Aydın, işıqlı keçmişi var. Davranışında təbiidir. Necə deyərlər, sevinəndə də, kədərlənəndə də ürəkdən sevinib, ürəkdən kədərlənir. Hələ də saflığını qoruyub saxlaya bilir...

 

Bu gün- avqustun 29-u Yadigar Məmmədlinin növbəti ad günüdür, 62 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayırıq.

Yeni yaşınız mübarək, Yadigar bəy!

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.