Qərbi Azərbaycanın qərib arxivi Featured

Nəsibə NƏSİB, Dövlət Arxivi Şirvan filialının direktoru,DGTYB üzvü - “Ədəbiyyat və incəsənət” üçün

 

 

Arxiv sənədlərinin təhlili göstərir ki, XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək qərb dövlətlərinin köməyi ilə  “Böyük Ermənistan” dövləti yaratmaq xülyasına düşüblər. Bu işdə həyasız haylara Qərb dövlətləri və Çar Rusiyası himayədarlıq edib. XVIII əsrdən Zaqafqaziyanı ələ keçirmək üçün geniş hərbi fəaliyyətə başlayan Rusiya XIX əsrin birinci yarısında buna nail ola bilib və tarixi Azərbaycan torpaqlarını parçalayaraq bir hissəsini imperiyaya qatmağa müvəffəq olub. Ərazilərimizin işğalı tarixi Azərbaycan torpaqlarında kəskin demoqrafiq dəyişikliklərin baş verməsi ilə nəticələnib. Rus ordusunda xidmət edən erməni millətindən olan zabit və generalların dəstəyi ilə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ərazidə demoqrafiq mənzərənin tədricən ermənilərin xeyrinə  dəyişməsinə səbəb olub. Tarixi sənədlər təsdiq edir ki, 1929-cu ilin dekabr ayınadək 8 mindən yuxarı erməni ailəsi (40 min nəfər) Arazı keçərək Rusiyanın tutduğu İrəvan, Naxçıvan, Qarabağ torpaqlarında məskunlaşıb.

Eyni zamanda həmin ildə Rusiya ilə Türkiyə arasında imzalanan Ədirnə müqaviləsindən sonra türk xalqına qarşı törətdikləri cinayətlərindən qorxaraq 14 mindən artıq  erməni ailəsi  (84600 nəfər) rus ordusunun köməyi ilə tarixi Azərbaycan torpaqlarına köçürülüb.    

Rəhmətlik müəllimim Şirməmməd Hüseynovun barmağını silkələyərək “1920-ci ilədək bir dənə də olsun erməni Xankəndində yaşamayıb” deməsi gözlərimin qabağındadır.

Dövlət Arxivlərimizdə saxlanan o dövrün statistik hesabatları, məlumat kitabları həyata keçirilən bütün köçürmələrə baxmayaraq XX əsrin əvvəllərində hazırki Ermənistan ərazisində yaşayan əhalinin əksəriyyətinin doğma torpaqların əbədi və əzəli sakinləri olan azərbaycanlılardan ibarət olduğunu təsdiq edir. Bu ərazilərdə azərbaycanlıların say tərkibinin azalması bədnam Daşnak partiyasının 1918-1920-ci illərdə yaratdığı Ararat respublikası dövründə daha böyük vüsət almışdır. Ermənistan dövləti öz mövcudluğunun  ilk günündən qədim Azərbaycan torpaqlarını işğal etməyə çalışmış, daşnaklar İrəvan Quberniyası, Zəngəzur, Cavanşir , Şuşa qəzalarının yüzlərlə kəndini yandıraraq məhv etmiş və yerli azərbaycanlı əhaliyə qarşı misli görünməyən vəhşiliklər , qırğınlar törətməklə 100 mindən artıq azərbaycanlını öz yurd yerlərini tərk etməyə məcbur etmişlər.

Arxiv sənədləri təsdiq edir ki, Ermənistan hökuməti bolşevik donu geyinərək məkrli niyyətlərini həyata keçirməkdə davam ediblər.  Günləri qara olsun! 1920-22-ci illərdə Azərbaycan SSR-in Qazax qəzasından  Ermənistan SSR-ə 379.984 desyatin, Zəngəzur qəzasından Ermənistana 405 min desyatin torpaq sahəsi verilib. Bu siyasət sonrakı illərdə də davam edib, ermənilər öz himayədarlarının vermiş olduğu ədalətsiz qəralarla zaman-zaman Azərbaycanın sərhəd boyu kəndlərinin torpaqları hesabına öz ərazilərini genişləndirib, müxtəlif siyasi don geyindirməklə azərbaycanlı əhalinin öz dədə-baba torpaqlarından çıxardılmasına, Ermənistanın monoetnik dövlətə çevrilməsinə nail ola biliblər.

Arxiv fondlarımızda saxlanılan Ermənistan SSR-dən kolxozçuların və digər Azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında SSR Nazirlər Sovetinin sədri tərəfindən 1947-ci və 1948-ci illərdə imzalanmış qərarlar belə faktları bir daha sübut edir.

Dırnaqarası “Köçürmə” adlanan bu tədbirin mahiyyətində bir neçə ildə Ermənistanın səfalı yerlərindən 100 min nəfərdən yuxarı azərbaycanlı ailəni  Kür-Araz ovalığına köçürməklə, Ermənistanı etnik cəhətdən türklərdən təmizləmək niyyəti dururdu. Arxiv sənədləri təsdiq edir ki, yerli azərbaycanlı əhalinin ciddi etirazlarına baxmayaraq qərar icra edildi. Kür-Araz ovalığı rayonlarını işçi qüvvəsi ilə təmin etmək adı ilə başlanan məkrli köçürmə tədbirləri həm də Ermənistandakı bir çox Azərbaycan dilli tədris müəssisələrinin bağlanması, ali və orta ixtisas təhsili müəssisələrinin Azərbaycan dili bölmələrinin respublikamıza köçürülməsi ilə nəticələndi. Arxivimizdə aşkarlanan  “pensiya işləri” adlı qovluqlarda kifayət qədər faktlar vardır. Uzun illərdir mühafizəxanalarda gizlənib yatan cansız , sarı kağızlarda böyük tarixi həqiqətlər yaşayır. Həmin sənədlərdə vaxtilə dədə-baba torpaqlarımızdan məcbur çıxardılaraq işçi qüvvəsi adı ilə aran zonalarına yerləşdirən soydaşlarımızın özlərinə yeni torpaqlarda məskən salmaları, öz dədə , baba ocaqlarından aldıqları rəsmi sənədlər var. Belə ki, yeni məskən saldıqları torpaqlarda bir müddət işlədikdən sonra, nəhayət, onların təqaüd yaşı çatıb və təqaüd ala bilmək üçün müvafiq orqana müraciət ediblər. Qanunvericiliyə uyğun olaraq həmin vətəndaşlardan əvvəl yaşadıqları yer və iş stajları üzrə arayışlar tələb olunub. Vətəndaşlar isə öz dədə baba yurdlarına gedərək üzüqara millətin mövcud orqanlarından mundar möhürləri ilə təsdiqlədikləri erməni dilində yazılmış arayışlar alıb gətiriblər. Öz dədə-baba torpaqlarında yaşamaları barədə erməni dilində arayış alan talehsizlər həmin arayışları müvafiq orqana təqdim ediblər. Bu gün dəyərli fakt olaraq mühafizə etdiyimiz həmin sənədlər “pensiya işi” adlı papkalarda tikilib.  Mənfurlar nə qədər çalışsalar da tarixi fakları dana bilməzlər.

Cənab prezidentimiz İlham Əliyev “Indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin” Bu sahədə ən böyük iş biz arxivçilərin üzərinə düşür. Bəzən adi kağız parçası hesab edilən bir sənəd elə bir həqiqəti üzə çıxardar ki, millətin taleyini həll etmək mümkün olar.  1948-1953-cü illərə aid olan bütün sənədlər, hətta saxlanma müddəti başa çatmış belə olsa onları yaxşı araşdırmalı və faktları aşkarlamalıyıq.  Bacaran qədər səsimizi yaymalıyıq ki, bu gün Ermənistanda şüuru zəhərlənmiş cəmiyyət tarixi faktları görsün.

Cənab komandan demiş “İndi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Əgər deyirsiniz ki, guya, bu, dünyanın ən qədim şəhəridir. Haradadır bunun tarixi mərkəzi?  ”

Arxiv sənədlərində kifayət qədər materiallar mövcuddur ki, o sənədlər ilə ermənilər “öz əlləri ilə öz başlarını kəsiblər”.  nə qədər Arxivlərimizi məhv etməyə çalışsalar da kol dibində sakit uzanan gürzə ilanı kimi bir gün bu sənədlərin onların ürəyindən sancması məlum idi.  Belə sənədlərdən bir-neçəsinə diqqət yetirək:

Amasya rayonu Güllücə kəndində vaxtilə yaşamış soydaşımız Əhmədova Əsmər Aslan qızının sənədləri içərisində Amasya rayon məhkəməsinin qətnaməsi var. Həmin qətnamədə onun yoldaşı Əhmədov Halay Novruz oğlu 1942-ci ildə Böyük Vətən müharibəsinə gedib və gəlmədiyi, başqa himayədarının olmadığı və s. məsələlər qeyd olunub.

Sənədlərdə diqqət çəkən məqamlar çoxdur. Qondarma qurumlar tərəfindən erməni  dilində verilmiş arayışlar əllərinə keçən vərəqlərdə yazılıb. Qəzet parçası üzərində, dəftər vərəqində, hansısa yazılı vərəqin ağ üzündə və s. bütün bunlar üzüqaraların  səliqəsiz, məsuliyyətsiz bir millət olduğuna birbaşa sübutdur.

Sənədlərdə kifayət qədər rayon , kənd adları qeyd olunub. Azərbaycan mənşəli adların olması da o torpaqların bizim dədə-baba torpaqlarımız olduğunu sübut edir.   Vedi rayonu, Amasiya rayonu, Qaralar, Yalavac, Daşlı, Görevan kəndləri , Zəngibasar rayonu, Glanlar kəndi, Ellicə kəndi, Eçmiədzin mahalından arayış alan soydaşlarımızın sənədləri açıq aydın göstərir ki,  onların  1948-1950-ci illərə qədər olan əmək fəaliyyətləri  məhz dədə-baba torpaqlarında olub. 1950-ci ildən sonrakı əmək fəaliyyətlərinə aid sənədlər  isə Azərbaycanın müxtəlif rayonlarından toplanıb.

Ay erməni dığası bax gör, bu torpaqlar bizim dədə babalarımızındır, yoxsa sənin!? Əgər sənin idisə niyə saysız –hesabsız Azərbaycanlımız orada doğulub boya –başa yetib, əmək fəaliyyəti ilə məşğul olub. Vedi Rayon Dövlət Arxivinin 05 may 1959-cu il tarixli 14/51 saylı Arxiv arayışında vətəndaşın 1949-1950-ci ildə  keçmiş Qarabağlar Xalq Maarif şöbəsinin Kotuz kənd orta məktəbində işləməsi faktı təsdiq olunub. Sənəd iki dildə hazırlanıb: Azərbaycan dilində və erməni dilində.     Burada diqqət çəkən növbəti məqam. Arxivin müdürü A. Denukyandır. Digər Arxiv Arayışlarına baxırıq Mesropyan Q, Bu da bilərəkdən idi ki, tariximizi özündə daşıyan  arxivlərimizin başına erməni dığaları gətirilirdi ki,  sənədlərimizi, tarixi izlərimizi məhv edə bilsinlər. Bu onların ən yaxşı bacardığı iş idi.

Başı Qarabağ bağlı qadınlar

Şəkillərdən xanımların baş örtüsü diqqət çəkir. Qarabağ xanımlarına, Zəngəzur xanımlarına məxsus baş örtülü şəkillər biz Qərbi Azərbacanlıyıq deyə hayqırır. Onlar hər biri Qərbi Azərbaycan torpaqlarında dünyaya göz açıb. Orada məktəb bitirib, orada əmək fəaliyyətinə başlayıb. Çirkin siyasətin qurbanına çevrilərək öz dədə baba torpaqlarından deportasiya olunublar. Qərbi Azərbaycan həqiqətlərinin  dünya ictimaiyyətinə çatdırılması və Prezident cənab İlham Əliyevin müəyyən etdiyi siyasi xətlə  Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıdışının icra olunması baxımından bu kağızları dindirmək hər birimizin borcudur.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qarabağ və Qərbi Azərbaycan məsələləri ilə bağlı ölkə daxilində və beynəlxalq səviyyədə apardığı ardıcıl və məntiqli dövlət siyasəti erməni xislətinin beynəlxalq miqyasda ifşasına və tarixi ədalətin bərpasına istiqamətlənmişdir.  Onun rəhbərliyi ilə beynəlxalq səviyyədə aparılan işlər , həyata keçirilən tədbirlər 44 günlük vətən müharibəsində olduğu kimi tezliklə dünyada erməni mifinin darmadağın edilməsi və soydaşlarımızın tarixi torpaqlara qayıdışı ilə nəticələnəcəkdir.  Bu şərəfli missiyanın həyata keçirilməsi və tarixi ədalətin bərpasında dövlətin mötəbər informasiya resursu olaraq arxiv sənədlərinin əvəzsiz əhəmiyyəti vardır. Bütün bu qeyd olunanlar son iki yüz ildən artıq bir dövrdə Ermənistan –Azərbaycan münasibətləri kontekstində regionda baş vermiş hadisələrin  obyektiv təhlili və həlli üçün arxiv sənədlərində tutarlı faktların mövcudluğunu ortaya qoyur və bu sahədə  fundamental elmi araşdırmaların aparılması üçün qiymətli mənbə olduğunu təsdiq edir.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.