İyunun 6-da “Four Seasons Hotel Baku”da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda hesabat xarakterli mətbuat konfransı keçirilib.
İlk çıxış edən Azərbaycan Turizm Bürosunun qastronomiya turizminin idarə edilməsi sektorunun müdiri Səkinə Əsgərova qastroturizmin inkişafının turizmin vacib istiqamətlərindən biri hesab olunduğunu və son illərdə Azərbaycanın qastronomiya destinasiyası kimi təbliği istiqamətində çoxistiqamətli işlərin həyata keçirildiyini qeyd edib.
O deyib: “2018-ci ildən etibarən kulinariya sahəsi Dövlət Turizm Agentliyinə verilib. Bizim ən önəmli vəzifələrimizdən biri milli mətbəx nümunələrinin qorunması və onun təbliğindən ibarətdir. Lakin DTA-nın strategiyası buraya yeni baxış gətirmiş oldu. Bu yeni baxış nədən ibarətdir? Biz çalışırıq ki, Azərbaycan kulinariyasının milli mətbəxinin bir turizm çəkisi olsun. Bu potensialımızdan turizm potensialı kimi də istifadə edib ölkəmizə ziyarətə gələn turistlərin sayını artırmaq və bu rəqəmləri daha da dayanıqlı etmək niyyətindəyik.
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrinin tədqiqi, qorunması və tanıdılması üçün müəyyən vacib işlər görülüb. Hazırda kulinariya sahəsində təhsili inkişaf etdirməklə gənc, bu sahəni ürəkdən sevən, peşəkar aşpazların fəaliyyətinə dəstək verilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, bununla zəngin kulinariya ənənələrimizi dünyaya çatdırmaq, bu istiqamətdə təbliğat işini gücləndirmək və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycan zəngin və qədim kulinariya ənənələrinə malikdir: “Sirr deyil ki, Azərbaycan mətbəxi özünəməxsus dadları ilə seçilir. Bu gün bütün dünyada qastroturizm turizmin maraqlı və fərqli sahəsi kimi inkişaf etməkdədir. Dünya təcrübəsində qastronomik turların, eləcə də yeni dadların axtarışında olan turistlərin sayı artmaqdadır. Turistlər səfər etdikləri ölkənin milli mətbəx nümunələri ilə tanış olmaq, yeni dadlar kəşf etmək istəyirlər. Odur ki, qastroturizmin inkişaf etdirilməsi vacib istiqamət sayılır”.
Sonra DTA-nın sədr müavini Azadə Hüseynova və sədrin müşaviri Kənan Quluzadə Dövlət Turizm Agentliyi tərəfindən qastronomiya turizminin inkişafı ilə bağlı görülən işlərdən danışıblar.
Qeyd olunub ki, DTA ölkədə kulinariya sahəsində və onun inkişafı istiqamətində məsul olan əsas qurumdur. Son dönəmdə kulinariya ilə bağlı, Azərbaycanda qastronomiyanın inkişafı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən yeni strateji yanaşma ortaya qoyulub və müxtəlif perspektivli işlər, böyük layihələr həyata keçirilir. Həmin layihələrlə və bütünlükdə ölkəmizdə qastronomiyanın inkişafı ilə bağlı hesabat xarakterli tədbirdə media üzvləri olaraq sizi görməkdən məmnunuq. Növbəti illər üçün də strateji yanaşmamız və görüləcək işlər daha genişdir”.
Sonda mövzu ətrafında jurnalistlərin səsləndirdiyi suallar cavablandırılıb.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)