Bəli, həqiqətən də kulinariya bir elmdir, ən azından, qədim mətbəx ənənələri olan əksər ölkələrdə bunu belə qəbul edirlər. Biz uzaqdan uzağa Fransadan, İtaliyadan, Birləşmiş Ştatlardan söz açmayacağıq, elə qonşumuz Gürcüstanı misal gətirəcəyik. Bu gün gürcü çaxırı, xinqali, xaçapuri, xarço kimi yeməklər elmi əsası, nəzəriyyəsi olan ərzaq hesab edilir. Milli mətbəximizə aid nəsnələrin ən azından bədnam ermənilər tərəfindən oğurlanması gerçəkliyində biz də bu yöndə qəti addımlar atmalıyıq.
Və bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu açıqlama verib.
“Kulinariya sahəsinin tədrisi müəyyən edilməlidir. Artıq bununla məşğuluq. Bunun üçün Almaniya və İtaliyadan mütəxəssislər dəvət olunub. Azərbaycan milli kulinariya tarixi və milli kulinariya ənənəsi ilə bağlı dərsliklərin hazırlanmasına başlanılıb. Fransa ilə də müəyyən yanaşmalar var. Lakin bəzi siyasi məsələlərə görə, hələ işlər dayanıb. Amma İtaliya və Almaniya ilə memorandumlar imzalanıb. Düşünürük ki, tamamilə yeni yanaşma və metodologiya ilə tədris işini quracağıq”, - deyə Orxan Fikrətoğlu bildirib.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)