Lənkəranın Çəmə-plovu

Azərbaycan mətbəxinin şahı sayılan plovun 200-ə yaxın növü var. Bunlardan şah plov, şüyüd plov, toyuq plov, çığırtma plov, qiymə plov, döşəmə plov, səbzi-qovurma plov, boranı plov, lobya plov, fisincan plov, südlü plov, kükü plov çox bişirilir.

 

Şübhəsiz, plovun ən fərqli növlərinə cənub bölgəsində rast gəlinir. Lənkəranlı gənc aşpaz Tural Kərimli yeni plov ortaya çıxarıb, adını da  "çəmə-plov" qoyub. Görünüşündən pizzaya oxşayan bu dadlı yemək bəs necə hazırlanır? 

Tural Kərimli yeməyin hazırlanma qaydasını belə izah edir: "Çəmə" bizim deməkdir, yəni bizim plov. Çəmə plovu hazırlamaq üçün əvvəlcə düyü suda dəmə qoyulur ki, qazmaq alınsın. Qazanda dəm alan düyüdən qazmaq hazırlamaq üçün bir stəkan qatıq tökülür, 5 yumurta əlavə olunaraq qarışdırılır. Sonra az miqdarda duz əlavə edilir və düyü ilə qarışdırılır. Sonra tavaya 100 qram yağ əlavə edilərək isidilir. Tava tam qızdıqdan sonra düyü qarışığı tökülür. Qabın ağzı bağlanaraq sobaya qoyulur".

Bu yeməyin hazırlanması üçün mütləq kənd cücəsi seçmək lazımdır. Cücə 4 yerə bölünür, duz-istiot vurulur. Sonra üzərinə alça turşusu əlavə olunur, əl ilə yaxşı qarışdırılır. İsti tavaya 100 qram kərə yağı atılır, yağ əridikdən sonra cücəni qoyub, üzərinə 250 qram su əlavə edilir.

"Yeməyə əlavə dad verəcək ləvəngini hazırlamaq üçün 1 baş ağ soğan, 1 baş qırmızı soğan, 100 qram qoz ləpəsi doğranaraq kiçik qabda qarışdırılır. Sonra cücənin bişdiyi tavaya tökülür. Bir saat qazanda bişməsi üçün gözləyirik. Qazmaq hazır olan kimi onu süfrəyə gətiririk. Bu zaman ləvəngi ilə bişən cücəni qazandan götürüb onu sümüyündən ayırırıq. Didilən toyuq ətini tam şəkildə qazmağın üzərində yayırıq. Üzərinə 50 qram zirinc əlavə edirik. Sonra bu yeməyin üzərinə kiçik doğranmış pendir tökülür. İki pomidor dilimlənərək yeməyin üzərinə qoyulur. Daha sonra bişməsi üçün sobaya verilir. 20 dəqiqədən sonra üzərindəki pendir əriyir və yemək tam hazır olur", - deyə aşpaz bildirib.

Biz, düzü, bu plovdan dadmamışıq. Amma görünüşü iştahaçandır deyə sizə məsləhət görürük. 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.