Xəbər verdiyimiz kimi, Milli Kulinariya Konqresində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizdə kulinariya sahəsində strategiya sənədinin hazırlandığını qeyd edərək demişdi: "Məqsədimiz turizm istiqamətli qastronomik məhsulların hazırlanması və təbliğatının aparılmasıdır. Azərbaycan “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensiala malikdir”
Fuad Nağıyevin sitatını tamamlayaq: “Təbiətimiz zəngindir. Həmçinin əlverişli iqlim şəraiti və məhsuldar torpaqlarımız təbii məhsulların həm çeşidinə, həm dadına öz təsirini göstərir. Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir.
Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün müəyyən vacib işlər görülüb. Mərkəzin əsas məqsədləri ilkin olaraq kulinariya sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb etməklə onların bu sahədə fəaliyyətini stimullaşdırmaq, bununla belə zəngin ənənələrimizi dünyaya çatdırmaq üçün təbliğat işini artırmaq, milli mətbəx irsini tədqiqi işini və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdir”.
Bu sözlər də Fuad müəllimə aiddir:
“Ümumiyyətlə, kulinariya sahəsi bütün dünyada turistlərin diqqətini çəkir. Azərbaycan bu sahədə ciddi turistik potensiala malikdir. Bu, eyni zamanda, milli mədəniyyətimizi, tariximizi təmsil etmək və tanıtmaq deməkdir".
Əlavə olaraq xatırladaq ki, bu ilin may ayında Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilib. Festivalda dünyanın 11 ölkəsindən, Azərbaycanın 14 bölgəsindən olan kulinariya nümunələri nümayiş etdirilib. Qastronomiya turizmi həm regional turizm, həm də aqro və eko turizm növləri ilə ahəngdar olaraq inkişaf edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin dəstək verdiyi layihələrdən biri “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” - “Slow Food” layihəsini qeyd etmək olar.
Layihə pilot olaraq 5 rayonu - Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edib. Gələcəkdə digər turizm dəhlizləri üzrə də bu növ marşrutların yaradılması planlaşdırıla bilər. Regionların unudulmuş, qədim yeməklərini üzə çıxartmaq, biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq baxımından bu kimi layihələr önəm kəsb edir. Həmçinin qastronomiya turizmi ölkəmiz üçün çox vacib iki sahəni - turizm və kənd təsərrüfatını birləşdirdiyi üçün regionlarda kiçik sahibkarlığın və ailə biznesinin dəstəklənməsinə, nəticə etibarilə yerli əhalinin gəlirlərinin artması və rifah halının yüksəlməsinə də töhfə verə bilər.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)