“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal əti xörəyi

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Mal əti xörəyinin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR 

§ Mal əti – 117 qr

§ Kartof – 50 qr

§ Soğan – 25 qr

§ Kök – 35 qr

§ Yaşıl bibər – 35 qr

§ Acı bibər – 15 qr

§ Pomidor və ya tomat

pastası – 35 qr

§ Sarımsaq – 2 qr

§ Keşniş – 8 qr

§ Dəfnə yarpağı – 3 qr

§ Quru nanə – 3 qr

§ Sarıkök – 0,1 qr

§ Kərə yağı – 25 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

QEYD: Mal ətinin qol-kürək hissəsinin əti bişəndə həll və həlimli olur. Xörək mətli,şirəli (qatı mayeli) yemək olduğu üçün suyuna diqqət yetirmək lazımdır.

 

HAZIRLANMASI:

  Mal ətinin qol-kürək hissəsindən yumşaq ət çıxarılır. 40-50 qramlıq tikələrə doğranır, qazana yığılır, üzə- rinə 1:2 nisbətində su əlavə olunur və bişməyə qoyulur. Qaynayanda kəfi alınır. Ət bişdiyi müddətdə tərəvəzlər yuyulur, təmizlənir, doğranır. Çölməkdə (enli və çox da dərin olmayan qazan) yağ əridilir. Yarıbişmiş ət tərəvəzlərlə tovlanır, üzərinə işgənə əlavə olunur. Kartof böyük dilimlər şəklində doğranır və xörəyə qatılır. Duz, istiot, ədviyyatlar vurulur, bişməyə qoyulur. Arada ehtiyatla qarışdırılır. Ehtiyac olduqda işgənə əlavə oluna bilər. Sonda dəfnə yarpağı vurulur, tam hazır olduqda çıxarılır. Üzərinə doğranmış göyərti səpilir və süfrəyə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.