Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal ətindən qırmızı lobya mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Yumşaq mal əti – 183 qr
§ Kərə yağı – 50 qr
§ Qırmızı lobya – 55 qr
§ Soğan – 50 qr
§ Albuxara – 18 qr
§ Ərik qurusu – 18 qr
§ Badam – 18 qr
§ Mərzə – 3 qr
§ Darçın – 0,1 qr
§ Sarıkök – 0,1 qr
§ İstiot – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ meyvə turşuları – 20 qr, nar dənəsi – 15 qr, limon – 20 qr, göyərti – 10 qr
HAZIRLANMASI:
Mal əti 35-40 qramlıq tikələrə doğranır. Qazana yığılır, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Bişən zaman kəfi yığılır. 60-70 faiz hazır olduqda ocaqdan götürülür. Ətlər çıxarılır, işgənə ələkdən süzülür. Bu müddət ərzində qırmızı lobya duzlu suda 60-70 faiz bişirilir, süzülür. Bişmiş ət xırda doğranmış soğanla yağda qızardılır. Sonra tumu çıxarılmış albuxara, yarı bölünmüş ərik qurusu, qabığı təmizlənmiş badam, bişmiş qır- mızı lobya, duz, istiot, sarıkök, darçın, mərzə qurusu əlavə olunur. Bütün bu ərzaqlar qarışdırılır, üzərinə işgənə əlavə olunur. Qazanın ağzı bağlanır və vam odda bişməyə qoyulur. Bişib yağa düşəndə xörək ocaqdan götürülür. 5 dəqiqə yer dəmi aldıqdan sonra boşqaba çəkilir, üzərinə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Yanında göyərti, meyvə (məti) turşuları, nar dənəsi, limon verilə bilər.
“Ədəbiyyat və incəsənət”
(24.09.2024)