Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Sacda can əti qızartmasının
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Can əti – 117 qr
§ Soğan – 50 qr
§ Badımcan – 50 qr
§ Pomidor – 50 qr
§ Yaşıl bibər – 45 qr
§ Acı bibər – 25 qr
§ Kartof – 50 qr
§ Kərə yağı – 50 qr
§ Nanə – 8 qr
§ Reyhan qurusu
(və ya təzəsi) – 3 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ lavaş – 30 qr
HAZIRLANMASI:
Can əti təmizlənir, halqa şəklində lay-lay doğranır. Yüngülcə döyülür, duz, istiot vurulur. Tərəvəzlər yuyulur, təmizlənir, dairəvi şəkildə doğranır. Sac odun üzərinə qoyulur, ərinmiş yağ əlavə olunur. Yağ dağ olanda tərəvəzlər ardıcıl olaraq qızardılır, sacın qırağına çəkilir. Pomidor lap sonda qızardılır. Sonra ətin iki tərəfi qızardılır, kənara çəkilir, pomidor qızardılır. Ət, pomidor, fal-fal doğranmış soğan bir yerdə sacın ortasına düzülür. Kənardan qalan tərəvəzlər və qızarmış lavaş düzülür. Üzərinə göyərti səpilir və sacda süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)