Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Narlı quzu mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti – 159 qr
§ Qırmızı soğan – 17 qr
§ Ərinmiş kərə yağı – 20 qr
§ Nar – 30 qr
§ Yerfındığı – 25 qr
§ Müxəşşər – 15 qr
§ Alma qaxı – 15 qr
§ Armud qaxı – 15 qr
§ Möüz (üzüm qurusu) – 15 qr
§ Göyərti – 8 qr
§ Mərzə qurusu – 3 qr
§ Təzə zəncəfil – 1 qr
§ Sarıkök – 0,10 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Quzu əti 35-40 qramlıq tikələrə doğranır. Tavada yağ qızdırılır, quzu əti qızardılır. Sonra üzərinə halqa şəklində doğranmış soğan əlavə olunur, soğan qızarana yaxın üzərinə yarıbişmiş müxəşşər, yerfındığı əlavə olunur və bir yerdə tovlanır. Sonra su əlavə olunur, qarışdırılır, tavanın ağzı qapaqla bağlanır, bişirilir, suyu azaldıqda yuyulub qurudulmuş alma, armud qaxı, möüz (üzüm qurusu) əlavə edilir və ehtiyatla qarışdırılır. Sonra duz, istiot, sarıkök, sürtkəcdən keçirilmiş zəncəfil, quru mərzə, darçın əlavə olunaraq yenidən qarış- dırılır. Nar suyu sıxılır, xörəyə tökülür, qarışdırılır və vam odda bişirilir. Yağa düşdükdə ocaqdan götürülür, 5 dəqiqə yer dəmi alır. Süfrəyə veriləndə üzərinə dənələnmiş nar, göyərti səpilir. Bu xörək plov və çilovlarla da yeyilə bilər.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)