“İrəvan mətbəxindən nümunələr” layihəsində Qora alaqızılbalıq müsəmməsi

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qora alaqızılbalıq müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR

§ Alabalıq filesi – 183 qr

§ Soğan – 35 qr

§ Kərə yağı – 40 qr

§ Kişmişi üzümün qorası – 50 qr

§ Göbələk – 80 qr

§ Müxəşşər – 25 qr

§ Cəfəri – 10 qr

§ Mərzə qurusu – 2 qr

§ Sarıkök – 0,1 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI

Təmizlənmiş, onurğa sümüyü çıxarılıb file halına salınmış alabalıq 50-60 qramlıq tikələrə doğranır. Hər paya 3 tikə nəzərdə tutulur. Duz, istiot vurulur. Tavaya yağ qoyulur, qızdırılır. Yağ əriyəndə balıq tikələrinin hər iki tərəfi qızardılır, daha sonra qızardılmış tikələr tavadan başqa qaba yığılır. Həmin tavada yuyulub-təmizlənmiş, doğranmış göbələk və aypara şəklində doğranmış soğan öz suyunda bişirilir, qızardılır. Qızarana yaxın ayrıca bişirilmiş noxud ləpəsi, duz, istiot, ədviyyat, mərzə qurusu əlavə olunur, bir yerdə tovlanır. Üzə- rinə qızardılmış balıq tikələri düzülür, əzilmiş qora (ehtiyac olduqda müəyyən miqdarda su) əlavə olunur. Tavanın qapağı bağlanır, vam odda 10 dəqiqə müddətində bişirilir. Suyu çəkildikdə ocaqdan götürülür, boşqaba çəkilir, üzərinə balıq tikələri düzülür, xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Xörə- yin bişmə müddəti 25-30 dəqiqə çəkir.

QEYD: Alabalığın harada yaşamasından asılı olaraq bir neçə növü var: çay, göl, dəniz. Qızılbalıqlar fəsiləsinə aiddir. Bunlardan biri Göyçə gölü forelidir. Bu balığın çəkisi 1 kq-dan 7-8 kq-dək olur. Ala qızılbalıq da adlanır.

 

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.