“İrəvan mətbəxindən nümunələr” layihəsində Toxmaq küftəsi

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Mal ətindən toxmaq küftəsinin hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 DÜSTUR

§ Körpə dana əti, yaxud malın bel və ya can əti – 117 qr

§ Quyruq – 25 qr

§ Soğan – 25 qr

§ Noxud ləpəsi – 25 qr

§ Noxud unu – 15 qr

§ Alça – 10 qr

§ Kartof – 113 qr

§ Pomidor – 42 qr

§ Quru və ya təzə reyhan – 10 qr

§ Quru nanə – 8 qr

§ Sarıçiçək – 0,1 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

Xörək əlavəsi:

§ quru reyhan – 10 qr, sumaq – 10 qr, qırmızı soğan – 50 qr

 

QEYD

Bu küftə İrəvan mətbəxində xüsusi yer tutan bir xörəkdir. Çay və ya qaya daşının üstündə toxmaqla döyülən ətdən müxtəlif növ xörəklər bişirilib və yəqin ki, bundan sonra da bişiriləcək. Daş oval formalı və müxtəlif ölçülərdə olur. Toxmaq uzunluğu 70 sm, eni 50 sm olub, tut ağacından hazırlanır. Toxmaq çəkic şəklində olub, sap, qulp, tutacaqdan ibarətdir. Toxmağın döyücü hissəsinin uzunluğu 18-20 sm, eni (diametri) isə 10-12 sm-dir.

 

HAZIRLANMASI:

Mal əti damarlardan təmizlənir. Quyruq və ət balaca tikələr halında doğranır, duz, istiot vurulur, sal qaya və ya çaydaşının üzərində toxmaqla döyülür. Sonra xırda doğranmış so- ğan əlavə olunur və tam bir-birinə qarışana kimi yenidən döyülür. Hazırlanmış qiyməyə nanə qurusu, noxud unu qatılıb yaxşıca qarışdırılır. Içərisinə alça qoyularaq 200 qramlıq küftələr hazırlanır. Sərin yerdə özünü tutması üçün saxlanılır. Qazana su və ya işgənə əlavə olunur və qaynamağa qoyulur. Qaynayanda küftələr yumrulanıb qazana əlavə edilir. Xörəyin suyunun şəffaf olması üçün kəfi alınır. Daha sonra noxud ləpəsi əlavə olunur. Ətlə noxud bişdikdə qalan ərzaqlar: kartof, doğranmış soğan, alça, pomidor, duz, istiot, ədviyyatlar ardı- cıl olaraq qazana əlavə olunur. Xörək hazır olduqda ocaqdan götürülür. Yanında əllə əzilmiş qırmızı baş soğan, reyhan qurusu, sumaq verilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.