Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edəcəyik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Pörtləmə tərəvəz məzəsinin hazırlanma qaydası təqdim ediləcək. Niyə də bu axşama hazırlamayasınız?
Lazım olan ərzaqlar:
Badımcan – 35 qr
Qabaq – 35 qr
Kök – 35 qr
Kartof – 35 qr
Pomidor – 35 qr
Qırmızı soğan – 16 qr
Ağ pendir (motal) – 16 qr
Kahı – 16 qr
Reyhan – 10 qr
Zeytun yağı –10 qr
Limon şirəsi – 5 qr
Duz – 4 qr
İstiot – 0,05 qr
QEYD: Bu məzə həm soyuq, həm də isti şəkildə süfrəyə verilə bilər. Ehtiyac olduqda yanında limon, zeytun yağı verilir. Müxtəlif növ tərəvəzlərdən istifadə edərək, müxtəlif çeşiddə bu məzəni hazırlamaq olar.
HAZIRLANMASI:
Tərəvəzlər təmizlənir, müxtəlif formada doğranır, duzlanır, duzlu suda və ya sobada pörtlədilir. Ələkdə suyu tam qurudulur. Ayrıca soğan bitki (zeytun və ya başqa) yağında rəngi dəyişənə qədər tovlanır (qovrulur). Pörtlədilmiş tərəvəzlərlə qarışdırılır. Samanvarı şəkildə doğranmış pomidorun ətli hissəsi, doğranmış kahı, xırda doğranmış reyhan, duz, istiot və limon suyu əlavə edilir, ehtiyatla qarışdırılır. Pay şəklində və ya buluda düzülür, zövqlə bəzənir, üzərinə kiçik kvadrat şəklində doğranmış pendir əlavə olunur və süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(17.01.2024)