Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edəcəyik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu dəfə Azərbaycanın bütün əyalətlərində atüstü yemək kimi yaranmış “dürmək” barədə danışacağıq.
Azərbaycan mətbəxində bu tip yeməklər yaxmac və dürməklərdir.
Dürməklər iki növ olur.
1. Dürülən, bürülən, bükülən dürməklər ( bürməklər, bükmələr) - bunlar nazik çorəklərdən; yuxa, lavaş, şatır(səngah )kimi çörəklərdən hazırlanır. Məhsul nazik çörəyin arasına qöyulub boru şəklində bürülür, dürülür, bükülür və yeyilir. Bu yemək müasir tez yemək kimi tərəfimizdən Burqerxan tez yemək sisteminə də gətirilib və Makdonalds sistemində də tətbiq edilib. Dürməklər həm də küçə yeməyi kimi də yayılıb.
2. Cibli dürməklər təndir çörəyi, xamralı , bozlamac kimi çörəklərdən hazırlanır. Çörək ortadan ikiyə ayrlır. Çörəyin üst və alt qatı bir-birindən ayrılır, əmələ gələn cibə bənzər boşluğa hazır içlik doldurulur.
İçlik üçün lazım olan ərzaqlar:
Yağ-pendir (qoz)
Qovurma
Qiymə
Şor-yağ
Yağ-bal
Pendir (keşniş, göy soğan,
tərxun və ya reyhan)
ayrılıqda və birlikdə
Mürəbbə, rical , yağ
Bişmiş yumurta göyərti ilə
Qovrulmuş tərəvəz (kartof,
badımcan, kabak və s.) göyərti ilə.
Səhər yeməyi zamanı bal, qaymaq, xama, doşab, yağ, pendir, şor, süd, qiymə, qayğanaq, bişmiş yumurta, mürəbbə, və s., mövsümündə üzüm, təzə qoz ləpəsi və pendir, qatıq və ya bunların ikisinin ya daha çoxunun qarışığı nazik çörəklərə dürmələnib, ya çörək cibinə doldurulub süfrəyə verilir. Dürmək ayaq üstə də yeyilir.
Bir zamanlar oynamaqdan doymayan uşaqlar gəlib evdən bir dürmək alıb yenə küçəyə qaçardılar. Yol gedəndə, iş vaxtı, yemək öynələrində də dürməklərdən istifadə edilir. Əslində, dürməklər həm də dünyanın ən gigiyenik çörək arası (buterbrod) hesab edilə bilər. Gigiyenik cəhətdən yaxmaclardan daha üstündür. Müasir restoran biznesində dürməkləri kiçik tikələrə doğrayıb, çöplərə keçirdir və furşet süfrələrinə verirlər.
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)