6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının proqramı üç hissədən ibarət olacaq

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-dan sentyabrın 10-dək Nizami Kino Mərkəzində keçiriləcək. Artıq festivalın bilet satışına başlanılıb. 

 

Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışından əldə olunacaq bütün gəlirin qadın rejissorlara dəstək məqsədilə ianə ediləcəyini bildirib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 6-cı ANİMAFİLM Festivalına üç əsas proqram daxildir. Festivala 46 ölkədən daxil olan 174 film arasından seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edilib. Həmin filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq. Bütün seçilmiş filmləri beynəlxalq münsiflər və uşaq tamaşaçılar qiymətləndirəcək və qaliblər festivalın bağlanış mərasimində mükafatlandırılacaq. Festivalın mükafat fondu 2,3 min ABŞ dolları təşkil edir.

Festivalın müsabiqədənkənar proqramında “Qadınların qadınlar üçün çəkdiyi filmlər” proqramı, Yaponiyanın “Ghibli” studiyasının “Oskar” mükafatına namizəd “Qırmızı tısbağa” (“The Red Turtle”) və “Oskar” mükafatı qazanmış “Ruhlarla sovrulanlar” (“Spirited Away”) tammetrajlı filmləri, mükafata layiq görülmüş Hindistan animasiya filmləri nümayiş etdiriləcək. 

Qeyd edək ki, “Qadınların qadınlar üçün çəkdiyi filmlər” tədbirində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Hədis Nəcəfi haqqında çəkilmiş “Hədis” filmi, müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili Pərixanım Sofiyeva haqqında gürcü filmi nümayiş etdiriləcək.

Festivalın peşəkarlar üçün proqramı çərçivəsində yerli animasiya film layihələri təqdim olunacaq və beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, ustad dərsləri və vörkşoplar təşkil ediləcək. Proqram çərçivəsində “Oskar” mükafatı qazanmış rejissor Michaël Dudok de Vittin, kanadalı animator Matthev Lyonun master-klasları, uşaqlar üçün isə gürcüstanlı rejissor Ana Chubinidze və hindistanlı Tehzeeb Khurana animasiya vörkşopları keçirəcək.

Animasiya peşəkarları üçün proqram çərçivəsində bu il bir sıra qapalı tədbirlər də təşkil olunacaq. Bunlara İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın rejissor üçün avropalı mentorlar — isveçrəli rejissor İsabelle Favez, fransalı prodüser Olivier Catherin ilə təlimlər, individual görüşlər daxildir. Seçilmiş animasiya layihələri “ANIMAFILM School: Pitçinq müsabiqəsi”ndə ictimaiyyətə təqdim olunacaq. Pitçinq müsabiqəsində izləyici kimi hər kəs iştirak edə bilər.

Festivalın gedişində, həmçinin Azərbaycan milli animasiya sənayesinin kommersiyalaşdırılması və ixrac imkanları perspektivləri mövzusunda dəyirmi masa təşkil olunacaq.

Həmçinin, Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 100 illiyi münasibətilə “Klassik Azərbaycan animasiya filmləri” tədbirində milli animasiyamızın inciləri olan filmlərin nümayişi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.