“54 il Azdramanın səhnəsində…” Featured

MƏHLUQƏ SADIQOVANIN ANIM GÜNÜNƏ

 

Bu gün onun anım günüdür. Yaratdığı çoxsaylı obrazlarla yaddaşlara həkk olunub. Söhbət Məhluqə Sadıqovadan gedir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xalq artisti Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. 

 

Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.

Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad və Şirin" və "Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), Paulina ("Qış nağılı", Vilyam Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi", Bernard Şou), Nata xanım ("Nazirin xanımı", Branislav Nuşiç), Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dolores ("Qadın faciəsi", Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Ana ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Sofiya ("Daş qartal", Pavel Malyarevski), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", Viktor Rozov) rollarını ifa edib.

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.