Bu “Qayınana”nı o qaynana da bəyənərdi

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən Özbəkistan mədəniyyət günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib, qardaş ölkənin sənət ocağının yaradıcı heyəti “Qayınana” tamaşası ilə azərbaycanlı teatrsevərlərin görüşünə gəlib.

 

Xalq artisti, korifey sənətkar Nəsibə Zeynalovanın baş rolda oynadığı 

“Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyası Azərbaycan Mədəniyyətinin qızıl fondunda qərarlaşıb, “Qaynana” deyəndə hər bir azərbaycanlı məhz Nəsibə xanımı nəzərdə tutur. Və bu obrazda başqa heç kəsi görməyə alışmamışıq. Amma bu dəfə özbəklər tamaşadakı bütün rolları çox məharətlə ifa etdilər və bizdə belə bir təəssürat yarandı ki, Nəsibə xanım sağ olsaydı özü də bu tamanı bəyənərdi. 

 

Özbək “Qaynana”sının rejissoru Daston Xakberdiyev, dirijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimov idi. 

Xatırladaq ki, özbək teatrının ifasında “Qayınana” tamaşası Musiqili Teatrın səhnəsində ötən ilin dekabrında rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə də nümayiş olunmuşdu. Özü də 3 gün dalbadal, anşlaqla! 

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.