Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
2 avqust kino günüdür. Azərbaycan kinosunun tarixinə adı qızl həriflərlə yazılan bənzərsiz aktyorlardan biri də Hamlet Xanızadə olub. O, parlaq istedadı ilə Həsənəğa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərzadə, Səməndər Rzayev, Fuad Poladov kimi sanballı aktyorların sırasında özünə yer alıb. Cəmi qırx səkkiz il ömür sürüb. Amma bu qırx səkkiz ildə elə uğurlara imza atıb ki, bu uğurlar ona xalq məhəbbəti qazandırıb, ölməzlik gətirib. Adı hələ də ehtiramla yad olunur, ruhuna rəhmətlər dilənilir. Onun yaratdığı obrazların heç biri tamaşaçı diqqətindən kənərda qalmayıb, hər biri yaddaşlarda dərin iz buraxıb...
O, təkcə istedadlı aktyor deyildi, həm də Azərbaycanın qeyrətli oğullarından biri idi. Vətənin, xalqın namusunu çəkən, onun yolunda ölüməyə belə hazır olan aktyor əslində 20 Yanvar faciəsinin qurbanı oldu. 1990-cı ilin yanvar hadisələri onu çox sarsıtmışdı. Tez-tez “Şəhidlər Xiyabanı”na gedir, şəhidlərin məzarlarını ziyarət edirdi.
Növbəti dəfə fevralın 2-sində, çəkilişdən sonra dostlarıyla birlikdə şəhidlər xiyabanına yollanır. Orada güclü başağrıları tutduğu üçün dostları onu evinə gətirirlər. Özündə olmadığını görüb təcili xəstəxanaya çatdırırlar. Bir gün reanimasiyada qalandan sonra, səhərə yaxın keçinir.
Hətta şəhidlərimizin 40 mərasimini görmək belə ona nəsib olmadı…
Bu gün həm də onun günüdür. Yaşasaydı, bu gün 82 yaşlı sənətkar kino gününü yəqin ki, həmkarları ilə birlikdə qeyd edəcəkdi. Amma heyf, çox heyf ki, 33 ildir aramızda yoxdur...
Ruhun şad olsun, kinomuzun generalı- Hamlet Xanızadə!
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)