Bayram hansı tədbirlərlə yadda qalacaq?
Bu gün kino işçilərinin peşə bayramı – Milli Kino Günüdür. Hər ikin 2 avqustu rəngarəng tədbir və təqdimatlarla yadda qalır. 2023-cü il kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun yaranmasının 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur. Bu il eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətə başlamasının 60 illiyidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kino işçilərinin peşə bayramı münasibətilə avqustun 1-də ömrünü ekran işinə həsr etmiş bir qrup insanı mükafatlandırıb.
AKİ-dən bildirilib ki, ənənəvi olaraq bu il də ssenari, kinoşünaslıq, prodüser fəaliyyətinə görə uğur əldə etmiş bir neçə şəxs üçün mükafatlar nəzərdə tutulmuşdu. Əlamətdar günlə bağlı keçirilən tədbirdə mükafatlar sahiblərinə təqdim olunyb. Mükafatın məqsədi milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdən ibarətdir. Mükafat üçün namizədlərin seçimi aparılarkən ittifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesləri nəzərdən keçirmiş, təhlil etmiş, kinematoqrafiyanın müxtəlif sahələri üzrə fəaliyyət göstərən insanların xidmətlərini nəzərə almiş və açıq səsvermə yolu ilə laureatları seçmişdir.
Həmçinin avqustun 1-dən etibarən İctimai Televiziyada son illərdə “Azərbaycanfilm”də istehsal olunan qısametrajlı filmlərin nümayişinə başlanılıb.
Bu gün saat 17.00-də “Nizami” kino mərkəzində “Azərbaycan kinosu-125” adlı tədbir keçiriləcək.
Sabah - avqustun 3-dən 10-dək “CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə “Azərbaycanfilm” kinostudiyası birlikdə klassik filmlərin nümayişini təşkil edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)