Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin maliyyə və ideya dəstəyi ilə “Animafilm Studio” studiyası tərəfindən istehsal edilən “Hədis” qısametrajlı animasiya filmi Cənubi Koreyanın 25-ci Bucheon Beynəlxalq Animasiya Festivalının əsas müsabiqə proqramına daxil edilib.
AzərTAC xəbər verir ki, festival 20-24 oktyabr tarixlərində Bucheon şəhərində keçiriləcək.
Ekran əsəri 101 ölkə üzrə 3015 film arasından seçilib. Qısametrajlı kateqoriyada yarışa cəmi 84 film layiq görülüb.
“Hədis” qısametrajlı animasiya filmi haqq-ədalət uğrunda mübarizə aparan gənc qızdan bəhs edir və 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.
Bundan öncə ekran əsərinin beynəlxalq premyerası dünyanın ən böyük animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təşkil olunub.
Qeyd edək ki, filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və N.Ağamalıyevadır. Ekran əsərinin partiturasında Azərbaycanın məşhur ifaçısı Sevda Ələkbərzadənin musiqisi səslənir.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)