Türkiyədə şəhid diplomatların həyatından bəhs edən sənədli film çəkilib.
AzərTAC xəbər verir ki, “1973: Biltmore oteli cinayəti” adlı ekran əsəri ABŞ-da qətlə yetirilən iki türk diplomatın qətl hadisəsindən bəhs edir. Sənədli filmdə keçmişi qaranlıq olan və adı müxtəlif cinayətlərdə hallanan 78 yaşlı erməni Gourgen Yanıkyanın iki türk diplomatı da daxil olmaqla, 58 Türkiyə vətəndaşını qətlə yetirməsi faktlarla sübut olunur. Filmdə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatlarında yer alan məlumatlardan istifadə olunub.
“1973: Biltmore oteli cinayəti” filminin ssenari müəllifi, “Daily Sabah” qəzetinin baş redaktoru İbrahim Altayın sözlərinə görə, filmdə “ASALA və JCAG başda olmaqla, erməni terror təşkilatlarının qansız cinayətlərindən bəhs olunur. O, 58 Türkiyə vətəndaşını qətlə yetirən Gurgen Yanıkyanın erməni diasporu tərəfindən sevilmədiyinə də diqqət çəkərək deyib: “İki cəmiyyət arasında nifrət toxumu səpən və illər boyu davam edən terror dalğasının başlamasına səbəb olan bu hadisəni yenidən araşdırmağa ehtiyac duyduq”.
Filmin rejissoru Şevki Es də Türkiyədə ilk dəfə belə bir layihəyə imza atdıqlarını bildirib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə 1973-cü ildə Los-Ancelesdə iki türk diplomat əvvəldən planlaşdırılmış cinayətin qurbanı olur. Yanıkyanın atdığı güllələr təkcə Mehmet Baydar və Bahadır Dəmiri öldürmür, həmçinin illərcə davam edəcək terror dalğasını alovlandırır. Dalbadal qətllər və hücumlar 1973-cü ildən 1985-ci ilə qədər aramsız olaraq davam edir. Erməni terror təşkilatlarının əməlləri nəticəsində 31 diplomat və ailə üzvləri də daxil olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı terror nəticəsində qətlə yetirilir.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)