Işığa qaranlıq demək məqbuldurmu, yaxud kinomuzdakı inqilabi islahatlar kimləri qıcıqlandırır? Featured

 

 

Varis,

Azərbaycan Ədəbiyyyat Fondunun Baş direktoru,

Azərbaycanın Əməkdar Jurnalisti

 

(“Ədəbiyyat və incəsənət” üçün)

 

 

Böyük işlər görmək üçün böyük düha olmaq, insanlardan bir baş hündür olmaq lazım deyil. Böyük işlər görmək üçün insanlarla birgə olmaq lazımdır.

                                                                                                      Şarl Monteskyü

 

 

Bəli, mədəniyyətimizdə həlli vacib məsələlər illərdir ki, üst-üstə qalaqlanmışdı, bu xüsusda kino başda dayanırdı. Kino xadimləri altermativ yaradıcı qurumlarda iki cəbhəyə parçalanmışdılar, kino təsərrüfatı büsbütün intriqalara köklənmişdi, dövlət sifarişi ilə çəkilən filmlərin büdcəsi dost-tanışlara paylanırdı, peşəkarlar və istedadlı gənclər xarici ölkələrə üz tutur, yaxud kinodan küsürdülər. Nəticədə kino təsərrüfatı problemlərin altında inləyir, sadə vətəndaşlara isə yalnız “köhnə fiımlərin” nostalgiyası ilə yaşayaraq müasir kinoya fatihə vermək qalırdı. 

 

Və məhz belə bir ortamda yeni mədəniyyət nazirinin kino cəbhəsindəki bərbadlıq atəşkəsini pozması, Ümummilli Kino Forumunun keçirilməsi - kino sahəsindəki bütün nöqsanların açıq müstəvidən dilə gətirilməsi, Dövlət Kino Agentliyinin yaradılması – öz aydın proqramı, açıq məramı olan funksional mexanizmin işə düşməsi, filmlərin çəkilməsi üçün ədaləti bərqərar etməklə müsabiqə elan etməsi sakit səmada bir partlayış effekti verdi. Amma nə yazıq ki, bu nəcib təşəbbüs müəyyən şəxslər tərəfindən dərhal sərt təpkilərlə, böhtan və qarayaxmalarla qarşılandı. Hələ yenicə startı verilən, tam şəffaflığı təmin edilən, şərtləri də həqiqətən təqdirəlayiq olan müsabiqəni “artıq nəticələr bəllidir” çamırı ilə bulamağa çalışanlar dərhal meydana atıldılar.

Şəxsən mənim hekayə və romanlarımın ssenariləri əsasında əvvəlki dönəmlərdə bir neçə film və teleserial çəkilibdir, bununla belə, daim kinomuzun durumundan narazı olmuşam, onu yataqdakı ağır xəstəyə bənzətmişəm. İndi isə kinomuza əsən xoş bahar nəsimini duymaqdayam, bunu hamınız duyursunuz, kinomuzun üstünü qapamış qara pərdənin yırtılmasını da hamımız görürük. O ki qaldı duymayanlara və görməyənlərə, daha doğrusu, bunun imitasiyasını edənlərə, zalımcasına işığa qaranlıq deyənlərə, onlar, “ilk növbədə” hansısa sehirli dirijor çubuqlarına oynayanlardır. Bu çubuqları isə idarə edənlər, təbii ki, kinomuzun zülmətdə qalmasını istəyənlər, ümumən mədəniyyət sahəsində inkişafımızı arzulamayanlardır. Ümumi söz yığını, şər, qarayaxma və ortada bircə faktın, bircə arqumentin belə olmaması. Bəlli ssenaridir. Bir qapıya oyundur. Qarşı tərəfin  böhtanlara əhəmiyyət verməyərək öz işini görəcəyinə əminlik böyükdür.

Orta statistik oxucu bəlkə də kino sferasındakı əsaslı, inqilabi dəyişikliklərin məğzini dərindən bilmir, ona görə də bəzi açıqlamalar verməyi özümə borc sayıram. Xüsusən açıqlamaq istəyirəm ki, yeni filmlər üçün nazirliyin Kino agentliyinin müsabiqə elan etməsi zərurətdən doğurdu. Çünki yaxşı anlayırdılar ki, əvvəlki inzibati-amiranə üsul – yəni, filankəs, sən bunu çək, bəhmənkəs, sən bunu çək üsulu daha işə yaraya bilməz. Uzun illər Azərbaycan kinosu məhz bu üsulla idarə edilib, büdcələr nazirliyin yuxarı eşalonunda əyləşənlərinin yaxın çevrələrindəki bəlli rejissorlar arasında bölüşdürülüb, nəticədə zəif, sönük, boz filmlər çəkilib. 

Mən çox diqqətlə nazirliyin kino strategiyasını izləyən bir adam kimi çıxardığım arqumentləri dilə gətirmək istəyirəm.

Yeni kino strategiyasının ilk bəhrəsi olan müsabiqə özündə filmlərin 5 xətt üzrə  maliyyələşəcəyini ehtiva edir:

-Dövlət sifarişi ilə çəkilən filmlər - ilk öncə milli-mənəvi və sənət dəyərlərinə xidmət edəcək filmlər;

-Kommersiya filmləri - daha çox gəlir əldə etməyə hesablanan, bir sözlə, “kassa filmləri”;

-Sənət filmləri (art-hauslar) –istedadlı rejissorlarımızın öz seçim və istəkləri ilə çəkdikləri, beynəlxalq kinofestivallarda təmsil olunacaq yüksək zövq filmləri;

-Debüt filmlər – gənc rejissorların debüt işləri;

-Tələbə filmləri - İncəsənət Universitetinin və digər kino təhsili verən ali məktəb tələbələrinin çəkdikləri filmlər.

Beləliklə, peşəkar və həvəskar hər bir kəs kino çəkmək şansı əldə edir. Razılaşın ki, indiyədək nəinki belə, heç bunun həndəvərinə yaxınlaşan bir şey olmayıb.

Bir baxın, qısa müddətdə bu müsabiqənin elan edilməsi ilə yanaşı parçalanmış və iki kinematoqrafçılar ittifaqında cəmləşən kino cameəsi birləşdirilibdir. “Debüt studiyası” bağlanmışdı, bərpa edilibdir. Kino mediasının maliyyələşdirilməsinə başlanılıbdır.

Bu gün Mədəniyyət Nazirliyi ən əvvəl prodüsser mərkəzlərinin çoxalmasında və təkmilləşməsində maraqlıdır. İkinci - bazarın və rəqabətin yaranmasında maraqlıdır. Seleksiya yolu ilə tələbələr arasından, gənc istedadlar arasından yeni rejissorlar, ssenaristlər, operatorlar, aktyor və aktrisaların müəyyənləşdirilməsində  maraqlıdır. Və bu sahələrdə artıq canlanma hiss edilməkdədir.

Ölkəmizdə kino festivallarının keçirilməsi ənənəvi hal alacaq. Beynəlxalq anima, doko və kiçikhəcmli filmlər festivallarını maliyyələşdirməklə mədəniyyət nazirliyi eyni zamanda ölkəmizə təşrif buyuran tanınmış əcnəbi kino mütəxəssilərini panel müzakirələrinə cəlb etmək, Azərbaycan kinosu barədə bilgiləri dövriyyəyə buraxmaq fikrindədir. Tədricən A kateqoriyalı festivallara çıxmaq, ölkədə kino pavilyonları tikmək məqsəd kimi götürülür.

Mədəniyyət Nazirliyi dünyaçaplı studiyaların gəlib Azərbaycanda filmlər çəkməsində maraqlıdır. Hətta onları maliyyələşdirməkdə də. Azərbaycan ərazisində film çəkən bütün xarici şirkətlərdən yalnız bir şey tələb olunacaq: 60-70 faiz yerli işçilərdən – azərbaycanlı mütəxəssilərdən istifadə etsinlər. Bu bizə nə verəcək? Yeni kadrlar hazırlanacaq, hazır kadrların isə kino təcrübəsi artacaq.

Yeni kadrların hazırlanması prosesində tələbələrin xaricdə təhsil almasına önəm veriləcək, ssenaristlərin təkmilləşdirilməsində xeyli işlər görüləcək. Animasiya Akademiyası açılacaq, uşaqlarımızın Betmənlərin, Spaydermənlərin, Maşaların və Ayıların təsirindən qopmaları üçün milli animasiya filmlərinin çəkilməsi prioritet sayılacaq.

Kinoaktyor truppası bərpa ediləcək, texniki heyət üçün hər 6 aydan bir kvalifikasiya kursları keçiriləcək, dünyanın qəbul etdiyi ən yüksək avadanlıqlarla işləyən peşəkarlar dəvət ediləcək ki, bizdəki texniki heyətə ustad dərsləri keçsinlər. Bu dərsləri mənimsəyənlər müvafiq sertifikatlar alacaqlar.

Kinoteatrlarda göstərilən əcnəbi filmlərin dublyaj keyfiyyəti məsələsi də önəm daşıyır,  buna görə dublyaj studiyaları yaradılacaq, yüksək səviyyədə tərcümə mətnlərindən istifadə ediləcək.

Kinoteatrlarda Azərbaycan filmlərinin nümayişinə üstünlük veriləcək və bu filmlər üçün üstün prokat şərtləri müəyyənləşəcək.

Yadıma düşənlərin hamısını qeyd elədim. Gördüyünüz kimi, kinomuz reanimasiyadan çıxıb. Bir azdan tam sağalmış halda xəstəxanadan da çıxacaq.

Ən sevdiyim kinorejissor olan Federiko Fellininin bir fikri var. Deyir: “Mən yalnız öz işimi görəndə özümü ölü yox, diri hiss edirəm.”

Razılaşın ki, öz işini görmək əvəzinə başqasının gördüyü işə pəl vurmaq heç də dirilik əlaməti deyil.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.