Noyabrın 1-də start verən “4.4 Qısa Tamaşalar Festivalı”nın dördüncü günü festivalın layihə rəhbəri Vidadi Qafarov giriş sözü ilə başlayıb. O, münsiflərə və festival iştirakçılarına öz təşəkkürünü bildirərək, proqram haqqında məlumat verib. Sonra festivalın üçüncü gününün qısa icmalını özündə əks etdirən videoçarx nümayiş olunub.
Festivalın 4-cü günündə Bakı Uşaq və Gənclər Teatrının “Son nəfəsə qədər” (müəllif və rejissor Könül Şahbazova-Qasımova), Lənkəran Dövlət Dram Teatrının “Ana” (müəllif Oruc Qurbanov, Ağaddin Babayev; rejissor Oruc Qurbanov), müəllif və rejissor Cavid İmamverdiyev olan “Döyüşən tar”, Mingəçevir Dövlət Dram Teatrının “Bazar günü” (müəllif Ülviyyə Heydərova, rejissor İlqar Rəhimov), Gəncə Dövlət Kukla Teatrının “Xarı bülbül əfsanəsi” (müəllif və rejissor Zülfiyyə Əliyeva), "Əsa" Teatrının “Qonşu” (müəllif və rejissor Nihad Qulamzadə) tamaşaları nümayiş olunub.
Tamaşadan sonra münsiflərin və tamaşaların yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib. Maraqlı keçən müzakirədən sonra dramaturq Əli Əmirlinin “Pyes necə yazılmalıdır?” adlı vörkşopu baş tutub.
Xatırladaq ki, xalqımızın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərə həsr olunan “4.4 Qısa Tamaşalar Festivalı”nın 5 noyabr saat 19:00-da mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.