Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahiblər Gənc Tamaşaçılar Teatrının aktyorları Elnur Kərimov və Günel Məmmədovadır. Onlarla müsahibə 1998-ci ildə götürülüb.
Elnur Kərimov:
"Gənclərə qayğı göstərmək lazımdır ki, teatrdan üz çevirməsinlər"
Elnur Kərimov 1981-ci ildə Bakıda doğulub. 1999-cu ildə İncəsənt Gimnaziyası, 2003-cü ildə İncəsənət Universitetini bitirib. Gülşad Baxşıyevanın tələbəsi olub. Səhnə fəaliyyətinə köməkçi aktyor kimi başlayıb. Debüt rolu 2001-ci ildə Ağaxan Salmanlının "Qarışqa şıllaq atdı" (İ.Coşqun) tamaşasında Eyvənd olub. "Cənnətin üç alması"nda (rejissor N. Kazımov) Prosto Məmməd, "Əlibaba və qırx quldur"da (rejissor L.Kərimov) Əlibaba, "Nənənin kələyi"ndə (rejissor A.Salmanlı) Namiq, "Viktoriya"da (rejissor B.Osmanov) Yohannes və s. rolları oynayıb. Yeddi tammetrajlı filmə çəkilib. Müxtəlif teleşou proqramlarının apaıcısıdır.
Günel Məmmədova:
“Dəvət olunsam, xaricə gedərəm”
Günel Məmmədova 1986-cı ildə Bakıda doğulub. 2002-ci ildə İncəsənət gimnaziyası, 2006-cı ildə İncəsənət Universitetini bitirib, ilk rolu Nabatı ("Çimnaz xanım yuxudadır” S.Rüstəm) sənət müəllimi, rejossor Rafuq Əliyevdən alıb. Beş ildir ki, Gənc Tamaşaçılar Teatrında işləyir. "Çəkməli pişik"də Şahzadə, "Yağışdan çıxdıq, yağmura düşdük"də Yetər, "Viktoriya"da Viktoriya və s. rolları oynayıb.
Hazırda üç rolu məşq edir "Ağ göyərçin"də Turan, "Romeo-Culyetta"da Cülyetta, "Oliver Tvist"də Nensi. N.Əzizbəylinin "Yalan", R.İshaqın "Aktrisa", Ә.Әblucun "Tərsinə çevrilmiş dünya" bədii filmləri və bir çox sənədli filmlərdə çəkilib.
- Gənc aktyor kimi başlıca probleminizi nədə görürsünüz?
Elnur: Bizim qrim otağında oturmusuz və görürsüz ki, necə təmir olunub. Səhnələrdə də məşqlərimiz gedir. Əsas narahatçılığımız başqadı. Əgər başqa sahələrə göstərilən qayğı aktyorlara da göstərilsə, teatr daha yüksək nailiyyətlər qazanar. Burda bir çoxları iş qrafıkiylə işləyə bilmir. Çünki maddi vəziyyətləri pisdi - kirayə qalanlar, borc içində yaşayanlar var. Məşqdən çıxıb biri qaçır kloun işləməyə, digəri dublyaja. Maaş qane eləmir bizi.
-Madam ki, söhbətimiz belə başladı, etiketə uyğun olmasa da, maaşınızn qədəri ilə maraqlanmalı olacam.
Elnur: Ən yüksək maaş 155 manat. Səhnə ustası dərəcəsi var, onlar alırlar 179 manat. Əməkdarlara 30, xalq artistlərinə 50 manat əlavə verilir. Məncə, buna son qoymaq lazımdı.
-Siz səhnə ustası sayılırsız?
Elnur: Əslində olmalıyıq, ancaq ştatda yer yoxdu. İndi burda üç teatr birləşib, ştatda 90 nəfər var.
Günel: Mən də bu fikirdəyəm. Maaş çox azdı. Düzdü, iş çoxdu və mən işləməyi sevirəm. Sabahdan indiyə kimi ardıcıl məşqlərdə olmuşam. Sizinlə söhbətdən sonra da hələ məşqim var. Yəni bu sistemlə işləmək və belə maaş almaq absurddu. Və bu təkcə teatr yox, kinoda da belədi. Qonorarlar çox azdı.
Elnur: Mən indiyə kimi yeddi tam metrajlı bədii filmdə çəkilmişəm. Ordan aldığım qonorarları bilsəniz, gülərsiniz?
-Adamları güldürmək xeyirxah əməldir.
Elnur: Onda deyim, gülün: 200-250 manat alırıq, ondan da vergilər çıxılır, bizə qalır 160-170 manat.
-Bəs xaricdəki aktyorlar nə alır?
(gülürlər)
Elnur: İranla bu yaxınlarda bir razılıq olmuşdu, 10 gün çəkiliş olmalıydı, 15000 dollara danışmışdıq. Ay yarım orda qalmağımı da, bütün xərcləri də onlar ödəməliydilər. Amma “Tərsinə çevrilmiş dünya” filminin çəkilişləri uzandığına görə ora gedə bilmədim. Çünki kontrakt imzalamışdım, film bitənə kimi heç yerə gedə bilməzdim.
-Əgər İrandan əlverişli şərtlərlə iş təklifi alsanız, gedərsiz?
Elnur: Təbii. İrandan bura aktyor gəlmişdi, "Tərsinə çevrilmiş dünya”ya çəkilməyə. Film İran və Azərbaycanın birgə istehsalıdır. Samir Qulamov, mən, bir də iranlı aktyor eyni səviyyəli rollarda idik - hər üçümüz polis əməkdaşlarını oynayırdıq. İranlı aktyor İran tərəfdən gününə 4000 dollar aldığı halda, biz qat-qat az alırdıq. Halbuki, mənim oyunumu hamı bəyənmişdi. Yanvarda gedəcəyik İrana, festival olacaq, görək neyləyirik. Çünki bu maaşla burda qalmaq sadəcə mümkün deyil.
-Siz reklamlara da çəkilirsiniz.
Elnur: Gürcülər gəlmişdi, iki saatıma 1000 manata reklam çəkilişinə razılıq verdim. Yaradıcı kollektiv də razı getdi, reklam sahibləri də. Özüm də rahat idim, çünki həm istədiyim məbləği almış, həm də onların istəyini yüzdə yüz yerinə yetirmişdim. Bizimkilərin verdiyi qonorar isə qaneedici olmadığından çəkilişdən boyun qaçırıram. Məsələn, bir dəfə 100 manat təklif eləmişdilər. Dedim ki, 1000 manatdan aşağı çəkilmirəm.
Günel: Qazaxıstanda, Gürcüstanda reklama çəkilmişəm. Mənim sifətim deyirlər ki, avropalı sifətinə çox bənzəyir. Ona görə tez-tez xaricdən dəvət alıram.
-Teatr İnstitutunu bitirən gənclərin son illər daha çox televiziyaya üz tutmasında maddi amilin rolu, sizcə, nə qədərdir?
Elnur: Nə qədər yox e, bu elə 90 faiz maaşla bağlıdı. Yenə deyirəm, bir adam axşam 7-də məşqdən çıxıb restorana qaçırsa, ordan da 12-də çıxıb evinə gedir və səhər 11-də bura məşqə gəlirsə, bu adamda hansı yaradıcılıq gücü qalar? Düzdür, televiziya aparıcısıyam deyə məni tanıyırlar. Amma bu, mənə xoş deyil. Axı, niyə məni televiziyaya görə tanımalıdırlar? Mən axı teatr məktəbi qurtarmışam, kino məktəbini qurtarmışam...
-Bəs, sizə verilən rollardan necə, razısınızmı?
Günel: Elə rol olur ki, razı oluram, ürəyimdən olur, eləsi olur ki, razı olmaq istəmirəm. Ancaq məcburiyyət qarşısında oynamalı oluram.
-Roldan imtina hüququnuz yoxdu?
Elnur: Var, əlbəttə var, ancaq rejissorlar bunu səhv başa düşə bilərlər. Belə anlarda onlara elə gəlir ki, guya sən onunla işləmək istəmirsən və bu, sonra problem yarada bilər.
- O bir daha sizə rol verməz.
Elnur: Yox, verir, ancaq verməsə, daha yaxşıdı. Düşmənçiliyə başlayırlar.
- Məsələn.
Elnur: Rejissordu, sözü keçir, əlinə düşən ilk fürsətdə səni vurur. Ona görə verilən rolları nə gəldi oynayırıq. Amma sonda təbii ki, səhnədə biz qalırıq deyə necə gəldi oynamırıq. Çünki tamaşaçı bizə baxır və bizdən nə isə gözləyir.
-Sizin arzunuzu nəzərə alıb tamaşa qoyublar?
Günel: Yox, elə şey olmayıb.
Elnur: Tamaşada rol almadığım və istədiyim rolu almadığım vaxt yazılı müraciətlər etmişəm.
-Hazırda “Romeo və Cülyetta ”da məşq edirsiniz. Sizcə, Şekspirə müraciət hansı zərurətdən doğub?
Elnur: Bu, rejissor Cənnət Səlimovanın klassik ənənəni davam etdirmək ideyası ilə bağlıdır və sırf sənət xarakteri daşıyır.
-Obrazı daha yaxşı oynamaq üçün dramturji mətndən və rejissor tapşırıqlarını yerinə yetirməkdən başqa daha neynəyirsiniz?
Elnur: Hələlik Rusiyadan gəlmiş məşqçi ilə döyüş səhnələrinin məşqini aparırıq. Filmlərə baxır, aktyorların oyunları ilə tanış oluruq, indi internetdə nə qədər istəsən, “Romeo-Culyetta” var, film də, tamaşa da. Zeferellinin çəkdiyi film mənim daha çox xoşuma gəlir.
Günel: Məsələ film və tamaşalarla bitmir. Hətta onlar bizə mane də ola bilər. Çünki Cənnət xanımın dediyinə görə, tamaşa fərqli yozum və quruluşda olacaq. Məsələn, hadisələrin başvermə zamanı bilinməyəcək, çünki rejossor hadisələri bu günə gətirmək istəyir.
-Erotika, triller, döyüş filmləri erasında romantik məhəbbət faciəsi! Erotik mövzulu tamaşada oynamaq təklifi alsanız, nə cavab verərsiniz?
Elnur: Bizdə əvvəllər bir tamaşa qoyulmuşdu: QİÇS-lə bağlı, gənclər gəlmişdilər, oturub gülürdülər. Nəyə gülürdülər, bilmirəm. Amma əminəm ki, yadlarında nə isə bir şey qaldı. İndi hər kəs bilir ki, təsadüfi cinsi əlaqələr çox yayılıb. Xaricdə erotik teatrlar bu mövzuda tamaşalar qoyur. Bizə gələndə hamı heyrətlənir: Necə yəni belə şey olar? Nazir müavini Ədalət Vəliyev yaxşı dedi: ”Bu tamaşa səhnədə göstərilənlərlə məşğul olmağı yox, bunlardan uzaq durmağı, bu səhvləri təkrar etməməyi məsləhət görür.”
-Tamaşaçı kontingenti toplamaqda da erotik mövzunun önəmi var.
Elnur: Bizdə heç teatr var ki, erotik mövzusu da olsun? (gülürlər) Biz hələ teatrlarımızı formalaşdırmağa çalışırıq. Teatrlar neçə illərdi ki, işləmir, plan verirlər. Əsl yaradıcılığın olması üçün rejissorlar olmalıdı və onlar işləməlidirlər.
-Knut Hamsunun eyni adlı romanı əsasında hazırlanmış “Viktoriya” tamaşasında hər ikiniz baş roldasınız. Rejissor Bəhram Osmanovla iş sizə necə təsir bağışladı?
Günel: Çox xoşuma gəldi. Mənim yaradıcılığımda indiyə kimi iki böyük dönüş olub. Birincisi, “Çimnaz xanım yuxudadır” tamaşasında Nabat obrazını oynayanda. Orda komik rol oynamışam, amma o vaxtacan inanmırdım ki, komediyada oynaya bilərəm. Özümü dramatik aktrisa kimi görürdüm. İkinci dəfə isə “Viktoriya”da. Bəhram Ocmanov mənim içimdən Viktoriyanı çıxara bildi - psixoloji rol oynadım. Hərdən anlaşılmaz məqamlar olsa da, onunla işləmək rahat idi. Çünki söhbət istedadlı, nə istədiyini dəqiq bilən rejissordan gedir.
-Başqa kimlərdə bu keyfiyyətlər var?
Elnur: Vaqif Əsədov, hələ gənc olmasına baxmayaraq, Nicat Kazımov...
Günel: Birini də mən deyim, Rafiq Əliyev.
-Tamaşalardan sonra banketlər olur?
Elnur: Bir dəfə, deyəsən, rus bölməsində belə bir şey olub. Başqası yadıma gəlmir. Ancaq bizdə daha çox dünyasını dəyişmiş adamların əsərlərini qoyurlar ki, banket verilməsin ( gülürlər).
-Viktoriya rolunda gözəl görünürsünüz. Sizi kim bəzəyir?
Günel: (gülərək) Özüm. Qrimyorlar var, sadəcə, qrimi özüm edirəm.
Elnur: Əgər bacarıramsa, mən də özümə üstünlük verirəm. Siyirməmə baxsanız, Almaniyadan gətirilmə qrim şeyləri ilə doludu. Mən qrim üçün internetə də baxıram. Kabuki teatrı var Yaponiyada, baxıram və heyrət edirəm ki, bunlar qrimlə necə işləyirlər.
-Sizdə birdən-birə üç kollektiv - Gənc Tamaşaçılar, Gənclər və Kamera teatrları birləşib. Əksəri də cavanlardı. Rol üstündə rəqabət olmur ki?
Günel: Qoy rəqabət olsun - sağlam, yaradıcı rəqabət. Bunun ancaq faydası ola bilər. Amma bizim kollektiv daxilində rəqabət yoxdur. Mənim dublyorlarım var - Asya Atakişiyeva. Nigar Məmmədova... Münasibətlərimiz tam normaldır.
Elnur: Bizim teatr əsasən gənclər teatrı olduğu üçün uşaq tamaşalarına həmişə üstünlük verib. Ona görə də bizdə həmişə rəqs səhnələri olub. Həmişə məşqlər keçirmişik ki, formada qalaq. Hətta yaşlılarımız belə rəqs eləməyi çox gözəl bacarırlar. Çünki həftədə iki dəfə trenajlar keçirilir. Çox xoş oldu ki, bizə yeni birləşən teatrların artistləri də bizim bu trenajlara qoşuldular. Hətta özləri də qeyd edirlər ki, bədənin plastikası baxımından biz daha çox hazırıq. Demək istəyirəm ki, qarşılıqlı anlaşma və sülh şəraitində yaşayırıq.
-Bir çox tamaşalarda partnyor olmusunuz. Bunun şəxsi münasibətlərinizə təsiri olur?
Günel: Yox.
-Bəs tərəf müqabilinlə münasibətin rola təsiri?
Elnur: Günellə mənim aramda bu olub. Biz tamaşalardan birində adi bir anlaşılmazhq üzündən küsüşdük və iki il danışmadıq. Aramızda yalnız salam, sağ ğol oldu.
-Və küsülü ola-ola sevgililəri oynamısınız?
Günel: Hələ desən, ər-arvadı da oynamışıq. Viktoriyanın məşqlərində bu soyuq müharibə hələ də gedirdi. Premyeraya yaxın barışdıq.
Elnur: Teatrda da hər bir sahədə olduğu kimi söz-söhbət olur, yəni ondan mənə, məndən də ona sözlər deyilir. Bir dəfə Günelə çatdırıblar ki, guya mən onun kökəldiyini demişəm. Əslində isə hadisə tamam başqa cür olmuşdu. Mən məşqdə Güneli yuxarı qaldırmalıydım, amma o gün belimdə ağrı varıydı. Aktyorlardan birindən xahiş elədim kı, hər ehtimala qarşı arxada dayansın ki, birdən belim sancılanar, yıxılaram. Güneli tutsun.
-Köklükdən söz düşmüşkən, formada qalmaq üçün nə edirsiz?
Günel: Qırx səkkiz kiloqramam, rəqslə məşğul olmuşam, indi də oluram. Spayderdə həftədə iki dəfə rəqs edirəm, Andrey Paviçin yanında. Üstəlik akrobatika ilə məşğulam. Nə gəldi də yeyirəm, heç bir problemsiz.
Elnur: Mən idmanla məşğul oluram. Konq-fu Tua üzrə 1997 ya 98-də respublika çempionu olmuşam. Dünya və milli rəqslərin hər biri ilə məşğulam. Ən çox kaskadyor hərəklətləri ilə maraqlanıram. Baxmayaraq ki, kinoda bunu eləmək risklidi. Əvvəllər hər şeyi özüm eləməyə can atırdım. Sonra bir iranlı aktyor mənə dedi ki, bir dəfə kaskadyorun hərəkətini özü etmək istəyib, boynunu sındırıb və filmin çəkilişləri ona görə altı ay ləngiyib. Bundan sonra bir az qorxdum. Amma teatr səhnəsində hər şeyi özüm eləməliyəm.
-Sənət həyatı bir yana, adi həyatı necə yaşayırsınız?
Günel: Adi insan həyatı təkcə bizdə yox, məncə, bütün Azərbaycanda qlobal bir problemdi. Bu, hər bir sahəyə aiddi. Bizim şəxsi həyata vaxtımız qalmır.
Elnur: Bazar ertəsi teatrın istirahət günüdü, mənim bütün film çəkilişlərim isə məhz bu gün olur. Yəni işsiz, asudə günüm olmur. Bütün günü burdayıq. Axşamlar evə gedib saat ikiyə kimi bir az televizorun, bir az da internetin qarşısında oturub, ikidə yatıram. Bir sözlə, həyat yoxdu.
Günel: Aktyorun beyni istirahət eləməlidi. Bizim obraz yaratmaq üçün müşahidə aparmağa belə vaxtımız qalmır.
-Özünüzü tanınmış aktyor sayırsınız?
Günel: Yox təbii ki. Amma tamaşadan çıxanda bayırda kimsə dayanıb səni gözləyirsə, təbrik edirsə, bu artıq nə isə deməkdir. Mənim bir balaca fanatım da var. Bütün tamaşalarıma gəlir, ən qabaq cərgədə oturur, çox şirindi. Özü də bir tamaşaya bir neçə dəfə baxır.
Elnur: Aktyor yoldaşımız Vüsal Mehrəliyevin bir fanatı var. Vüsalın bütün şəkillərini internetdən yığır, albomlar düzəldir, bütün tamaşalarına gəlir, valideynini də məcbur edir ki, onun şəkillərini çəksin. Bizim bütün aktyorlarımızın bir neçə belə fanatı var.
-Qadın olmaq aktrisa olmağa nə qədər mane olur?
Günel: Məncə, bu problem artıq yoxdur bizdə. Mən bunu ən azı öz həyatımla bağlı deyə bilərəm.
-Sənətə kimi görüb gəlmisiniz?
Günel: Mən bu suala cavab verməyəcəm. Qoy məndə qalsın. Kiminsə adını çəksəm, o birilər inciyər.
Elnur: Mən uşaqlıqdan Van Dammın fanatı olmuşam. Özüynən görüşənə qədər... O bura bir nəfərin ad gününə gəlmişdi. Mən məclisin aparıcısıydım. Bu məclisdən sonra ona simpatiyam azaldı. Gördüm ki, o da hamı kimi adi adamdır, hətta boyu məndən balacadır. Məncə, pərəstiş elədiyin adamı görməsən, yaxşıdır. Azərbaycan aktyorlarından isə Rasim Balayev, Fəxrəddin Manafov, Fuad Poladova rəğbətim var. Ümumən, bizim bir dərdimiz var - aktyorlarımız tanınmır. Söhbət adını çəkdiyim şəxslərdən getmir. Kim filmlərə çəkilibsə, tanınır, qalanları yox.
-Bir aktyor kimi özünüzü bəxti gətirmiş hesab edirsiniz?
Günel: Hardasa hə. Beş il ərzində ürəyimcə rollarda oynamış, gözəl rejissorlarla işləmişəm. İndi həm də “İbrus” teatrında işləyirəm. Ancaq mən adi, sıradan aktrisa olmaq istəmirəm. İstəyirəm ki, daha da irəli gedəm.
-Əgər filmlərə ardıcıl çəkilmək imkanınız olsa, teatrdan tamamilə imtina edərsiz?
Günel: Azərbaycanda yox. Dəvət olunsam, xaricə gedərəm. Mənə təklif olunmuşdu ki, Moskvada qalım, axı rus dilində oxumuşam, ancaq evdən narazıçılıq oldu deyə getmədim.
-Deməli, qadın olmağın sənətə maneəsi var.
(gülürlər)
-Axırıncı oxuduğunuz kitab hansıdır?
Günel: İndi Ceyn Eyrin “Şarlotta Bronte” romanını oxuyuram. Azərbaycan ədəbiyyatından isə yeni ədəbiyyatı oxumamışam. Bircə İlqar Fəhmidən başqa.
Elnur: Mən son dövrün ədəbiyyatı ilə maraqlanmıram. Maraqlı deyil. Çünki bilmirlər ki, nə yazırlar. Məsələn, adı deyəsən Sevinc Pərvanədi, mən o qıza nifrət edirəm. Sübut eləməyə hazıram ki, onun yazdıqları şeir deyil. Yazır ki, mənim atam oğraş idi, hər gün içirdi, bir gün yenə içib gəldi və məni anamla dəyişik saldı. Bir yerdə yazır ki, 15 yaşım var idi, bütün uşaqlar sinifdən çıxdı, mən müəllimlə tək qaldım və imtahandan beş aldım. Mən bunu nə cür qəbul edim. Müasirlik adıyla ağlına nə gəldi açıq-saçıq şeylər yazmaq ədəbiyyat deyil.
Günel: Xan Şuşinski “Şuşanın dağları”nı yazıb, ancaq görün Azərbaycana olan məhəbbətini mahnıda necə göstərib. Tənqidçilər burda nədən söz getdiyini son vaxtlar tapıblar. “Şuşanın dağılan, başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı”. Sən demə, bu, üçrəngli bayrağımıza işarədir. Xan Şuşinski burda işarələr dili ilə danışıb. Təkcə ona görə yox ki, açıq desə, sürgün oluna bilərdi. Həm də ona görə ki, sənətin dili bir az da gizli olmalıdır. Oxucuya da fikirləşib tapmaq üçün nəsə saxlamaq lazımdır.
- Bəs, gənc rejissorlar necə?
Elnur: Gənclərin filmləri maraqlıdı. Cavid Təvəkkül, Elxan Cəfərov, İlqar Nəcəf perspektivli cavan rejissorlardır. Onlara imkan vermək lazımdı ki, potensiallarını tam göstərə bilsinlər. Yaşlılar artıq öz sözlərini deyiblər, özlərini təkrara nə ehtiyac var ki?
Günel: Gənc rejissorlardan Rövşən İsaqın “Aktrisa” filminə çəkilmişəm. Onunla iş çox xoşuma gəlib. İlqar Saffatın “Sahə” filminin “Azərbaycan” kinoteatrmdakı premyerası bir həftə çəkdi, özü də bilet satışı ilə. Demək, tamaşaçı filmi bəyənmişdi. Samir Kərimoğlu və Elxan Cəfərov “Bəşəriyyətin xilası” filmini uğurla çəkiblər, hələ premyerası olmayıb.
- Tənqidə münasibətiniz...
Günel: Hansı tənqidi deyirsiniz ki? Tənqid var? İndi hardasa internetdə, mətbuatda resenziyalar yazır, fikir billdirirlər, amma bu, tənqid deyil. Bizdə teatr tənqidi yoxdur.
Elnur: Son vaxtlar hansısa teatr tənqidçisini teatrdan yazan görməmişəm. İlham Rəhimli, Aydın Talıbzadə... heç birini. İnqilab Kərimovu institutdan sonra ümumən görməmişəm. Məryəm Əlizadə aradabir gəlir tamaşaya, amma bir tənqidi məqaləsi yadıma gəlmir.
- Başqa nə demək istəyərdiniz?
Elnur: Adətən bizdən müsahibə alırlar. Sonra görürük ki, biz danışan kimi verməyiblər. Bu da elə olacaqsa, heç nə. Ancaq olduğu kimi qalsa, mən inanıram ki, burda qeyd etdiyimiz problemlər tezliklə həll olacaq. Teatr hal-hazırda gənclərin çiynindədi. Onun gələcək inkişafı gənclərin köməyi ilə olacaq. Gənclərə qayğı göstərmək lazımdı ki, teatrdan üz çevirməsinlər, sənətdən küsməsinlər.
Günel: Ümid edirik ki, sizin mətbuatda teatr həyatı, sənət problemləri ilə bağlı maraqlı yazılar çox olacaq.
- Maraqlı söhbətə görə hər ikinizə oxucular adından minnətdarlığımı bildirir, sizə həyat və sənətdə uğurlar arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(26.07.2023)