Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Əli Məmmədov Özbəkistanın istehsal etdiyi “Üç qəhrəman” adlı tammetrajlı bədii filmə dəvət olunub.
Assosiasiyadan verilən məlumata görə, Özbəkistanda dövlət sifarişi ilə çəkilən “Üç qəhrəman” filmi “Spectre” kinostudiyasında istehsal olunub.
“Kaskadyor qrupumuzla birgə Özbəkistanda filmin çəkilişlərindəyik. Filmdə Qazaxıstanın peşəkar kaskadyor qrupu ilə birgə çalışırıq, burada Azərbaycanı təmsil edirik. Filmin böyük səhnələri daxil olmaqla, bir çox səhnələrində Qazaxıstanın peşəkar kaskadyorları iştirak edir. Hələlik hazırlıq mərhələsindəyik. Bir neçə gün sonra çəkilişlərə start veriləcək”,- deyə Əli Məmmədovv qeyd edib.
Onun sözlərinə görə, filmin süjeti üç qəhrəman üzərində qurulub, onlardan ikisi polis işçisidir. Şəhərdə cinayət dəstəsi yeni bir hadisə törətməyi planlaşdırır. Böyük bir yük maşınına bütün qurğular qurulub və həmin maşın şəhərdə sürətlə hərəkət edir. Polislər həmin plandan xəbərdardır və partlayışın baş verməməsi üçün yük maşınını şəhərdən uzaqlaşdırmaq istəyirlər.
Ə.Məmmədov onu da qeyd edir ki, məhz həmin səhnələrdə maşınların sürətli yol qət etməsi, polis postunu dağıtması, yük maşınının polis maşınına çırpılması və s. məqamları bizim qrup film üçün qurur.
Filmdəki döyüş və atışma səhnələrinə isə Qazaxıstan kaskadyorları çəkilir. “Üç qəhrəman” bədii filminin avtomobil tryuklarının quruluşçusu və icraçısı Əli Məmmədovdur. Digər kaskadyorlar isə Əhməd Cəfərov, Fərid İbrahimov, Ağababa Fətullayev və Vuqar Xudaverdiyevdir.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)