Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında “Səhnə” teatrında hazırlanan “Bir dəfə Qarabağda” tamaşasının premyerası keçirilib.
AzərTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunan tamaşa ilk dəfə olaraq etno-müzikl janrında hazırlanıb.
Premyerada teatr tənqidçiləri, teatr ictimaiyyəti və teatrsevərlər iştirak ediblər. Tamaşa tamaşaçılar tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandırıblar. Tamaşadakı musiqiləri qədim milli musiqi alətlərindən ibarət olan “Əsrlərin sədası” ansamblı ifa etdi. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.
Tamaşanın noyabr ayında yenidən nümayiş olunacağı gözlənilir.