Rusiyaya aid Dərbənd şəhərində, Azərbaycan Dövlət Dram Teatrında “Nizami Gəncəvi” tamaşasının premyerası olub.
TASS agentliyi xəbər verir ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş tamaşanın müəllifi İftixar, quruluşçu rejissor Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevdir.
Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov TASS agentliyinə müsahibəsində bildirib ki, aktyorların nümayiş etdirdiyi istedadlı oyun və gözəl dramaturgiya tamaşaçıların zövqünü oxşayıb. Tamaşaçılar bu əsərə xüsusi sevgi ilə baxıblar. F.Əsgərov deyib: “Burada, Dağıstanda, xüsusən Dərbənddə böyük şair Nizaminin yaradıcılığına xüsusi sevgi var. Axı Nizaminin xanımı məhz bizim doğma Dərbənddən olub. Onun əsərlərində Dərbəndin adı dəfələrlə çəkilir”.