Nəhayət, “Kukla teatrları həftəsi” başa çatdı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə keçirilən “Kukla teatrları həftəsi” uğurla başa çatıb.

 

Sənət bayramının bağlanış mərasimində Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ideyanın reallaşmasına dəstək olan Mədəniyyət Nazirliyinə, iştirakçı teatrlara və tamaşaçılara təşəkkürünü bildirib.

O, yeni yaradıcılıq əlaqələrinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və bölgədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılığının diqqət mərkəzinə gətirilməsi məramlı bu ilk ideyanın qarşıdakı illərdə ənənə halını alacağına inamını da ifadə edib. Bildirib ki, növbəti mərhələdə layihənin beynəlxalq miqyasa çıxması üçün başqa ölkələrdən mütəxəssislərlə yanaşı, teatrlar da dəvət olunacaq.

Mərasimdə çıxış edən qonaq teatrların rəhbərləri – Salyan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, Qax Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov tədbirdə iştirakdan məmnunluqlarını ifadə ediblər, bu kimi görüşlərin teatrların yaradıcılıq potensialının nümayişi və müqayisələr üçün önəm kəsb etdiyini bildiriblər.

Tədbir proqrama uyğun olaraq ev sahibi Dövlət Kukla Teatrının təqdimatında “Qar kraliçası” tamaşası (A. Məmmədov) nümayiş etdirilib. Ardınca teatrın nəzdindəki “Oyuq” teatr-studiyası təmsilçilərinin ifasında rəngarəng mahnılar səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.